Əsas Səhifə > Partiya, Güney Press > "44 günlük müharibədən əvvəl, savaş zamanı və ondan sonra Moskvanın mövqeyində müsbətə doğru dəyişiklik yoxdur"
"44 günlük müharibədən əvvəl, savaş zamanı və ondan sonra Moskvanın mövqeyində müsbətə doğru dəyişiklik yoxdur"25-08-2021, 08:20 |
Ermənistanın müdafiə naziri Arşak Karapetyan Moskvada rusların “silah baronları” ilə görüşüb. Karapetyan hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitri Şuqayev və “Rosoboroneksport”un direktoru Aleksandr Mixeyevlə bir araya gəlib. Karapetyanın “İrkut”, “KamAZ”, “Uralvaqonzavod” və “Taktiki raket silahları” korporasiyasının rəhbəri ilə də görüşü gözlənilir. “İrkurt” şirkətinə Su-30 qırıcılarını istehsal edən “İrkutsk” aviasiya zavodu daxildir. “KamAZ” və “Uralvaqonzavod” T-72 tanklarının yeni modifikasiyalarını və T-90 tanklarını istehsal edir. Ermənistan Rusiyadan 4 Su-30SM döyüş təyyarəsi almışdı. Lakin raketləri olmadığı üçün müharibədə istifadə edə bilməmişdilər. Görünür, raketləri bundan sonra almağı planlaşdırırlar. Bununla yanaşı, Ermənistan 44 günlük müharibədə itirdiyi 366 tankın yerini doldurmağa çalışır. Rusiya da həm Ermənistanda təsir imkanlarını saxlamaq, həm də Azərbaycanı rus silahı almağa təşviq etmək üçün dağılmış erməni ordusunu yenidən qurur. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Prezidenti Rusiyaya Ermənistanı silahlandırmamaqla bağlı çağırış etmişdi. Dövlət başçısı bəyan etmişdi ki, Rusiyanın Ermənistanı silahlandırması mövcud reallığı dəyişməyəcək . Ermənistan ordusunun silahlandırılması ilə bağlı “Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, Rusiyanın Cənubi Qafqaz regionu ilə bağlı 200 illik siyasəti göz önündədir. Deputatın sözlərinə görə, ortada tarixi faktlar var, heç bir ölkəyə şər-böhtan atılmır: “Hansısa dövlətə, ələlxüsus qonşu ölkələrə qarşı qərəzli mövqe sərgiləmirik. Sadəcə real durumu dəyərləndiririk, gördüyümüzü deyirik. Özünü “millət” adlandıran erməni tör-töküntüsünü dünyanın müxtəlif yerlərindən Azərbaycanın tarixi torpaqlarına köçürüb, onlara uydurma “dövlət” yaradan Rusiya olub. Əvvəl çar, sonra sovet rusiyası eyni siyasəti davam etdirib. İndiki Rusiya Federasiyası da fərqli siyasət yeritmir. Rəsmi Bakı qonşu Rusiya ilə ikili əlaqələrdə daim səmimi olub. Verdiyimiz vədlərə, imzaladığımız sənədlərə sadiq qalmışıq. Tərəfdaşlıqda, əməkdaşlıqda ikili oynamamışıq. Ancaq Rusiyadan həmişə qeyri-səmimilik, riyakarlıq, pərdəarxası oyunlar görmüşük. 44 günlük müharibədən əvvəl, savaş zamanı və ondan sonra Moskvanın mövqeyində müsbətə doğru dəyişiklik yoxdur. Rusiya müxtəlif yollarla, bəzən İran ərazisindən istifadə etməklə Ermənistana xeyli silah-sursat, hərbi texnikalar daşıyır. Dəfələrlə çağırış edilməsinə, xəbərdarlığa rəğmən, Kreml erməniləri silahlandırmaq, revanşist qüvvələrə qol-qanad olmaqdan vaz keçmir. Axı 10 noyabr üçtərəfli bəyanatın altında Rusiya rəhbərinin də izması var. Rusiya öz imzasına xilaf çıxır, verdiyi sözə xəyanət edir”. Parlament üzvü vurğulayıb ki, Ermənistanı silahlandıran Rusiyanın məqsədi bizə məlumdur: “Moskva bölgədə əbədi qalmaq, regiondakı nüfuzunu itirməmək üçün münaqişə ocağının tamamilə sönməsində maraqlı deyil. Rusiya bölgədə daimi sülhün bərqərar olmasını istəmir və atdığı addımlarla bunu sübuta yetirir. Əslində Rusiyanın “sülhməramlı” adı ilə bölgəmizə soxulmasının əsas məqsədi öz mövcudluğunu və maraqlarını qorumaqdır. Məqsədlərinə nail olmaq üçün Ermənistanı gücləndirmək yolunu tutur, Qarabağdakı separatçılarla sıx əməkdaşlıq qurur, onları himayə edirlər. Münaqişəni yenidən alovlandıraraq sübut etməyə çalışırlar ki, guya bölgədə gərginlik var və Rusiya gedərsə, qan su yerinə axar. Rusiyanın davranışı və hərəkətləri qonşuluq prinsiplərinə, sülhməramlı missiyasına daban-dabana ziddir. Çox yanlış və təhlükəli mövqedir. Dövlət başçısı İlham Əliyev bəyan edib ki, biz qələbəmizi və mövqeyimizi möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik. Ərazi bütövlüyümüz tam bərpa olunacaq və əbədi qoruyub saxlayacağıq. Daxilimizdəki kiçik tör-töküntüləri də tezliklə təmizləyəcəyik. Qələbəmizin nəticələrini saxlamaq üçün bütün mümkün vasitələrdən, imkanlardan yararlanacağıq. Başqa yolumuz yoxdur”. Geri qayıt |