Əsas Səhifə > Partiya, Güney Press > “Azərbaycanın Krım Platformasında iştirak etməməsi maraqlarımıza ziddir”

“Azərbaycanın Krım Platformasında iştirak etməməsi maraqlarımıza ziddir”


25-08-2021, 08:54
“Azərbaycanın Krım Platformasında iştirak etməməsi maraqlarımıza ziddir”
“Azərbaycan Krım Platformasında iştirak etməli idi. Çünki bu, Rusiyanın keçmiş SSRİ ölkələrindən birinə qarşı işğalçılıq siyasətinə etiraz olaraq yaradılıb. Digər tərəfdən, biz, GUAM çərçivəsində Ukrayna ilə müttəfiqik. Eyni zamanda, Azərbaycan bu günə qədər Krımın işğalını tanımayıb və Krım yarımadasını Ukraynanın tarixi torpaqları hesab edir. Ən azından bunları nəzərə alıb Krım Platformasına qatılmalı idik”.

Bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu dünən Kiyevdə işə başlayan Krım Platforması toplantısına Azərbaycandan nümayəndələrin qatılmamasının səbəblərini şərh edərkən deyib.

Azərbaycanın Krımı Ukrayna ərazisi saydığını qeyd edən Sərdar Cəlaloğlunun sözlərinə görə, yalnız bu fakt onu göstərir ki, rəsmi Bakının Krım Platformasına qatılmasının heç bir ciddi siyasi nəticələri ola bilməzdi.

S. Cəlaloğlu bildirib ki, Azərbaycanın strateji müttəfiqi olan Türkiyə həmin toplantıya qatılıb:

“Əgər müttəfiqimiz Türkiyə həmin konfransda iştirak edibsə, biz də ən azından bu tədbirdə təmsil olunmalı idik. Eyni zamanda bu gün Rusiya Qarabağda ermənilərlə birləşərək bizim ərazilərimizi qoparmağa çalışır. Belə bir vaxtda Rusiyaya qarşı istənilən güclü cəbhənin meydana çıxmasında maraqlı olmalıyıq. Nəhayət 44 günlük müharibə zamanı Ukrayna bütün resursları ilə yanımızda oldu və bizi müdafiə etdi. Məncə, bizim də vəfa borcumuzdur ki, Ukraynanı müdafiə edək”.

Partiya sədri əlavə edib ki, Azərbaycan hökumətinin guya Rusiyadan çəkindiyi səbəbindən Krım Platformasında iştirak etmədiyi haqda iddialar əsassızdır. Onun fikrincə, əgər Bakı Moskvadan çəkinməsi səbəbindən bu tədbirə qatılmamaq xəttini tutsaydı onda bir neçə gün əvvəl Azərbaycan prezidenti Rusiyanı sərt tənqid etməzdi: “Qorxu söhbəti yoxdur. Prezident bir müddət əvvəl Rusiyanı Ermənistanı silahlandırmaqda günahlandırdı, açıq dedi ki, ermənilərə verilən silahlar indi metallom kimi Hərbi qənimətlər parkında saxlanılır. Mən düşünmürəm ki, burada Moskvadan çəkinmək amili rol oynayıb. Mümkündür ki, şəxsi məsələlər var və ya anlaşılmazlıq olub. Hər halda mən düşünürəm ki, Azərbaycanın orada iştirak etməməsi bizim dövlət və milli maraqlarımıza ziddir. Bir daha qeyd edim ki, Azərbaycan Krımı Ukraynanın ayrılmaz ərazisi sayır və Krımın işğalını tanımırıq. Bu siyasi mövqedir”.


Geri qayıt