Əsas Səhifə > Partiya, Güney Press > "Onların məqsədi, məramı nəyəsə qarışmaq deyil"
"Onların məqsədi, məramı nəyəsə qarışmaq deyil"26-08-2021, 08:28 |
Son zamanlar Ermənistan-Azərbaycan dövlət sərhədində, rus sülhməramlılarının nəzarətində olan ərazilərdə atəşkəsin tez-tez pozulması müşahidə edilir. Xüsusilə Rusiya sülhməramlılarının proseslərə səssiz qalması, Birgə Monitorinq Mərkəzinin isə fəaliyyətsizliyi təəssüratı müəyyən suallar yaradır. Azərbaycan prezidenti İlham Əliyev BMT-nin ölkəmizə yeni təyin olunan rezident əlaqələndiricisi, xanım Vladanka Andreyevanı qəbul edərkən ATƏT-in Minsk Qrupunun həmsədrləri, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ölkələri 28 il ərzində Qarabağ münaqişəsinin həlli üçün passivlik nümayiş etdirdikləri üçün tənqid edib. Prezident görüşdəki çıxışında deyib: “...Müharibə bitib, münaqişə həll olunub, bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır”. İlham Əliyev artıq neçənci dəfədir ki, MQ haqda bu cür qəti bəyanatlar verir. Amma onlar ATƏT MQ-nu diriltməyə, prosesə cəlb etməyə çalışırlar. Bunun üçün Azərbaycana təzyiq edirlər. Ermənistanı qızışdırırlar. Bəs bu istəyə çata biləcəklərmi? Ermənistanın baş naziri Nikol Paşınyan əmindir ki, Azərbaycanla sərhədlərin demarkasiya və delimitasiyasını maksimal dərəcə tez başlamaq lazımdır. Bu barədə o, avqustun 24-də parlamentdəki çıxışında deyib. O, həmçinin Ermənistan və Azərbaycan qoşunlarının sovet xəritələri əsasında geri çəkilməsinin zəruriliyini qeyd edib. Paşinyanın bu mövqeyini Azərbaycan tərəf necə qiymətləndirir? Baş nazirin “Ermənistan və Azərbaycan qoşunlarının sovet xəritələri əsasında geri çəkilməlidir. Tex-Meqri sahəsində işlər məhz bu prinsiplə aparılırdı və erməni tərəfi bu istiqamətdə hərəkət etməyə hazırdır” fikirləri maraqlıdır. Bununla belə, Ermənistan-Azərbaycan dövlət sərhədində, habelə rus sülhməramlılarının nəzarətində olan ərazilərdə atəşkəsin tez-tez pozulması müşahidə edilir. Xüsusilə Rusiya sülhməramlılarının proseslərə səssiz qalması, Birgə Monitorinq Mərkəzinin isə fəaliyyətsizliyi təəssüratı müəyyən suallar yaradır. Maraqlıdır, Birgə Monitorinq Mərkəzi atəşkəsin pozulmasına nə üçün səssiz qalır? Politoloq Sülhəddin Əkbər deyib ki, faktiki olaraq Azərbaycanda Rusiya və Türkiyə arasında birgə geopolitik idarəçilik həyata keçirilir. Bu da Rusiyanın xoşuna gəlmir. Deputat Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Monitorinq Mərkəzinin əsas məramı, məqsədi sülhməramlı qüvvələrin işinə müdaxilə deyil: “Mərkəz tərəfindən toplanan məlumatlar yüksək siyasi rəhbərliyə məruzə olunur. Həm Türkiyə, həm Azərbaycan tərəfindən məruzələr olunur və müvafiq nəticələr çıxarılaraq addımlar atılır. Əsas məqam ondan ibarətdir ki, onların fəaliyyəti daha şəffaf olsa, Azərbaycan vətəndaşlarına, dünyaya məlum olar ki, orada hansı proseslər baş verir. Mərkəzin texniki və vizual, həm də digər imkanları var ki, əməliyyat şəraiti haqqında mütəmadi olaraq məruzələr etsinlər”. Deputat deyir ki, Monitorinq Mərkəzində toplanan məlumatlar ictimaiyyətə açıqlanmalıdır: “Mütəmadi olaraq brifinqlər keçirib toplanan məlumatları yaysalar, indiki məqamda çox təqdirəlayiq hal olardı. Son hadisələrlə bağlı Türkiyə tərəfi belə bir məlumatlar yaydı, nə baş verdiyini açıqladı. Təəssüf ki, Rusiya tərəfi açıq şəkildə bəyanat vermir. Lakin bir daha qeyd etmək istəyirəm ki, Monitorinq Mərkəzinin əsas məramı sülhməramlı missiyanı həyata keçirmək və baş verən hadisələrin siyasi rəhbərliyə məruzəsindən ibarətdir. Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə bağlı sualların olması normaldır. Lakin anlamaq lazımdır ki, burada Azərbaycan və Türkiyə təmsilçiləri də var. Bu fakt belə özlüyündə hər şeyin qaydasında olduğunu sübut edir”. Deputat deyir ki, Monitorinq Mərkəzində xidmət aparan hərbçilər kiçik silahlara malikdirlər: “Həmin silahlar daha çox özlərini qorumaq üçündür. Onların məqsədi, məramı nəyəsə qarışmaq deyil”. Qeyd edək ki, Rusiya və Türkiyə müdafiə nazirlərinin imzaladığı memoranduma əsasən yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq mərkəzi bu ilin yanvarında fəaliyyətə başlayıb. İşğaldan azad edilən Ağdam rayonunun ərazisində inşa edilmiş Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdən ibarətdir. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmətin inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlarla - su, elektrik və istiliklə təmin olunub. Ondan əlavə, hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var. Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada 2 ədəd idman şəhərciyi, eləcə də 2 ədəd qapalı idman zalı, ərzaq və soyuducu anbarları yerləşir. Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə-nəzarət qülləsi quraşdırılıb, sutkalıq müşahidə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla təmin edilmiş istirahət otaqları da hazırlanıb. Türkiyə-Rusiya Birgə Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir. Türkiyə-Rusiya Birgə Mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir. “Yeni Müsavat” Geri qayıt |