Əsas Səhifə > Partiya, Güney Press > “Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir”

“Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir”


28-08-2021, 09:56
“Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir”
Ermənistan parlamenti son günlər deputatların davası, bir-birinə qarşı fiziki təzyiq etməsi və təhqir, söyüş və sairlə gündəmə gəlir. Bəziləri bunu demokratiya nümunəsi kimi təqdim etməyə çalışsa da, əslində düşmən ölkənin cəmiyyətində yaranan parçalanmanın, cəmiyyətin böyük məğlubiyyətdən sonra xaosa sürükləndiyinin göstəricisidir. Çünki məğlub xalqlar, məğlub ölkələr satqın, xain axtarışında olur, bir-birilərini ittiham etməyə çalışırlar.

Azərbaycan isə qalib ölkədir, son günlər ölkə gündəminə nəzər salsaq, daha çox müharibə qəhrəmanlarının mükafatlandırılması istiqamətində aparılan işləri, prezident İlham Əliyev tərəfindən hazırda müharibədə fərqlənən hərbçilərə orden, medal, fəxri ad və ev təqdim edildiyini görərik.

Müharibənin qəhrəmanları olduğu kimi, məğlubiyyətin də səbəbkarları, günahkarları, xainləri var və əslində parçalanma da elə buradan doğur.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, demokratik ölkələrdə parlamentdə fikir müxtəlifliyi, debatların, qarşıdurmalar, hətta hədələr, təhqirlər olur, ancaq Ermənistandakı bu davalar demokratiya göstəricisi deyil: “Bu, müharibədəki məğlubiyyətdən doğan və labüd bir prosesdir. Ermənistan indiyə qədər belə bir şok yaşamamışdı və bu şoku yaşayana qədər hər hansı bir dirçəlmə imkanına sahib deyil. Bu da ayrı-ayrı siyasi qüvvələrin fonunda cəmiyyətin necə parçalandığını önə sürür, cəmiyyətdə nə dərəcədə təzadlı və barışmaz münasibətlərin olduğunu göstərir. Parlamentdə baş verənlər demokratiyanın təzahürü sayıla bilməz. Çünki Ermənistanda demokratiya yoxdur. Ermənistanda hərbi diktatura olub, hərbi qənimətlər əldə etmək, hərbi işğalla bağlı hakimiyyət məsələləri həll olunub. İndi isə artıq əhalinin xeyli aktiv hissəsi ölkəni tərk edib. Belə bir vəziyyətdə hakimiyyət məsələsinin həllində daha çox xarici seqment rol oynayır. Ona görə də Qərb və Rusiya qarşıdurması fonunda hakimiyyət məsələsinin çözülməsi daha çox mümkündür”.

Fazil Mustafanın fikrincə, orada parlament davalarına daha çox müharibənin gətirdiyi stress kimi baxılmalıdır: “Çünki psixoloji baxımdan məğlubiyyətlə barışmaz mövqe yaranıb. Kimsə onun səbəbini Mövcud iqtidarda görür, kimi də keçmiş iqtidarda. O səbəblə bugünki iqtidarla keçmiş iqtidar arasında bir-birini ittiham etmə artıq adi bir hala çevrilib, bu da millətin parçalanması deməkdir ki, siyasi qüvvələrin fonunda özünü açıq-aydın göstərir.

Ermənistanın son vaxtlardakı təxribatları da məğlubiyyət sindrimonu aşmaq üçün cəhdlərdir. Ancaq real güc buna adekvat deyil. Ermənistan müharibənin bədəlini təkcə müharibədəki canlı qüvvə itkiləri və ya texnika itkisi ilə deyil, həm də cəmiyyətin demoqrafik və sosial strukturunda olan köklü dəyişikliklərlə ödəyir. Ermənistan cəmiyyətində gələcəyə yönəlik bir inamsızlıq var. Bu inamsızlıq yeni hakimiyyət formalaşandan sonra da Ermənistan cəmiyyətinə hər hansı ümidverici nəsə vermədi. Yeni hakimiyyət o zaman formalaşır ki, revanş götürüb nəyisə geri qaytarsın. Heç nə geri qayıtmayanda cəmiyyət tam pessimist vəziyyətə gəlib çıxır ki, bu da parlamentdəki dava fonunda özünü büruzə verməyə başlayıb".

Politoloq Qabil Hüseynli də bildirdi ki, Ermənistanda Paşinyan hakimiyyətinin qorunması üçün artıq avtoritar rejim qurulmaq üzrədir: “Paşinyan Soros fondunun adamı olduğundan ilk vaxtlar , parlament seçkilərində demokratik şüarlardan geniş şəkildə istifadə edirdi. Vəd verirdi ki, demokratik olacaqlar, hakimiyyətin qolları arasında səlahiyyətləri dəqiq müəyyənləşdirəcəklər, insan haqlarına riayət edəcəklər və sair. Amma 44 günlük müharibə və Paşinyana olan hücumlardan sonra Paşinyan daha yaxşı başa düşdü ki, Ermənistan cəmiyyəti hələ demokratiyaya hazır deyil. Üstəlik hakimiyyətini qoruyub saxlamaq üçün avtoritar metodlardan istifadə etməli idi. Ona görə də ikinci seçkidən sonra Ermənistan cəmiyyətində demokratiyanı Paşinyan və onun komandası boğmağa başladılar. Bu gün Ermənistan cəmiyyətində nə demokratik struktur var, nə parlament özü demokratik qaydalarla işləyir. Çünki bir partiyanın təkbaşına hökumət qurmaq imkanı yarandıqdan sonra, Paşinyana qarşı müharibə məğlubiyyətindən sonra hədsiz dərəcədə təhqirlər, təzyiqlər olduğundan o baş verənlərdən nəticə çıxarıb. Ola bilər ki, haradasa demokratiya görüntüsü yaratsınlar, ancaq Paşinyan yaxşı başa düşür ki, Ermənistan cəmiyyətini yalnız avtoritar metodlarla idarə etmək olar. Bu metodları da o həyata keçirir. Elə parlamentdə davaya çıxan adamlar da onu göstərir ki, müxalifət və iqtidaryönlü partiyaların nümayəndələri bir-birinə düşmən gözü ilə baxırlar”.

Politoloqun sözlərinə görə, elə Ermənistan cəmiyyətinin özündə də bu cür parçalanma var: “Cəmiyyət ən azı 3 qrupa parçalanıb. Əgər birinci qrup Paşinyan , onun kadrları və onu təmsil edən elektoral bazadırsa, ikinci qrup həqiqətən demokratiya istəyən və demokratiya uğrunda mübarizə aparan hissədir. Üçüncü qrupa isə 5-ci kalon da demək olar, onlar Rusiya tərəfdarları və Ermənistanda Rusiyanın mövqeyinin güclənməsini istəyənlərdir. Onların ön cərgəsində Qarabağ klanının adamları dayanır, Sərkisyan, Köçəryan və başqaları. Ona görə də, Ermənistanda rəngarəngliyin və fərqli yanaşmaların mövcud olması cəmiyyəti ideoloji, hətta sinfi əlamətlər üzrə parçalayır, onların hakimiyyət uğrunda mübarizəsini labüd edir. Qarabağ klanı nəyin hesabına olursa olsun Paşinyanı sıradan çıxartmaq və hakimiyyəti ələ keçirməyə çalışır. Ermənistan cəmiyyəti nə demokratik dəyərləri, nə də nailiyyətləri ilə öyünə bilər. Onlar Sərkisyanın dövründə olduğu kimi bir cəmiyyətdir və bu cəmiyyətin hazırda öyünəcək nəyisə yoxdur”.
“Yeni Müsavat”

Geri qayıt