Əsas Səhifə > Partiya, Güney Press > "İndi də rəsmi Bakını güzəşt etməyə çağırırlar"

"İndi də rəsmi Bakını güzəşt etməyə çağırırlar"


1-09-2021, 07:59
"İndi də rəsmi Bakını güzəşt etməyə çağırırlar"
Ermənistan Azərbaycan torpaqlarını havadarlarını dəstəyi ilə 30 ilə yaxın müddətdə işğal altında saxladı.

Azərbaycan daim sülh tərəfdarı olaraq çıxış etdi və münaqişənin danışıqlar yolu ilə həll olunmasında maraqlı olduğunu bəyan etdi. Amma nəticədə 30 ilə yaxın müddətdə beynəlxalq vasitəçilərin də iştirakı ilə aparılan danışıqlar prosesi nəticəsiz qaldı. Azərbaycan yekunda öz problemini özü həll etməyə məcbur qaldı və ötən ilin 27 sentyabrında başladığı əks hücum əməliyyatı ilə torpaqlarını 44 gün ərzində işğaldan azad etdi.

Beynəlxalq güclər isə müharibə müddətində və sonrakı dönəmdə Azərbaycana qarşı təzyiqlər göstərməyə səy göstərdi. Təbii ki, bütün təzyiqlərin qarşısını alındı və nəticədə Azərbaycan böyük zəfərə imza atdı.

Prezident İlham Əliyev Şuşada etdiyi çıxışda da bu məsələyə toxunundu və bəyan etdi ki, 30 ilə yaxın davam edən danışıqlar prosesinin heç bir nəticəsi olmadı:

“İndiki hadisələrin gedişatı, İkinci Qarabağ müharibəsindəki dövr və beynəlxalq güclərin hərəkətləri onu göstərir ki, bu məsələ heç vaxt danışıqlar yolu ilə öz həllini tapa bilməzdi. Çünki bizi, azərbaycanlıları bu vəziyyətlə barışdırmaq istəyirdilər. Bu vəziyyəti, yəni dondurulmuş münaqişəni alternativsiz bir variant kimi təqdim etməyə çalışırdılar”, - deyə Prezident çıxışında vurğulayıb.

Göründüyü kimi, Azərbaycan öz mövqeyində qətidir və perspektivdə də bu siyasəti davam etdirəcəyi şübhə doğurmur.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə deyib ki, müharibə dönəmində bəzi ölkələr Azərbaycana dəstək vermək əvəzinə təzyiqlər edirdilər:

“Bundan əvvəlki 30 illik işğal dövründə də Azərbaycanın haqlı mövqeyinə dəstək verilmədi. Baxmayaraq ki, işğalla bağlı BMT-nin 4 qətnaməsi, eyni zamanda Avropa Şurasının, AŞPA-nın qərarları vardı.Amma bununların heç biri icra olunmadı. Vasitəçilər də faktiki olaraq 30 il ərzində status-kvonu saxlamaqla Azərbaycan torpaqlarının işğalını legitimləşdirəcək yol tutmuşdular. Amma Azərbaycan öz gücü hesabına torpaqlarının əhəmiyyətli hissəsini işğaldan azad etdi.

Biz elə müharibə dönəmində də gördük ki, beynəlxalq təşkilatlar tərfindən təzyiqlər başladı, hətta BMT Təhlükəsizlik Şurasının iclasının çağrılması cəhdi belə oldu. Bunun da qarşısı da alındı.Postmüharibə dövründə isə Azərbaycan qanunsuz ərazisinə girməyə çalışan erməni cinayətkarları həbs edir AŞPA isə həmin terrorçuları “hərbi əsir” adlandıraraq geri qaytarmaq tələbi ilə çıxış edir. Azərbaycan torpaqlarının işğalda olmasınına göz yumdular, torpaqlar dağıdılıb, minalar basdırılıb, indi də rəsmi Bakını güzəşt etməyə çağırırlar. ATƏT-in Minsk qrupu həmsədrləri dirçəlməyə cəhd edir. Əslində, ermənilərə növbəti dəfə havadarlıq etməyə can atırlar. Bütövlükdə bu proses davam edəcək”.

Partiya sədri əlavə edib ki, Azərbaycan əvvəlki Azərbaycan deyil, beynəlxalq dəstəyi olan dövlətdir:

“Buna baxmayaraq, Ermənistana da dəstək verənlər az deyil. Hesab edirəm ki, Azərbaycan özü güclü olmalıdır. Necə ki, 30 il müddətində gücləndik və torpaqlarımızı azad etdik. Növbəti mərhələyə də güclü girməliyik. O dərəcədə güclü olmalıyıq ki, düşmən tərəf də Azərbaycana qarşı xoş olmayan fikir səsləndirməkdən belə çəkinsinlər. Bu məsələlərdə Azərbaycan yalnız öz gücünə arxalanmalıdır. Hesab edirəm ki, bu istiqamətdə də dövlət lazımi addımları atır”.

Geri qayıt