Əsas Səhifə > Partiya, Güney Press > "Mövcud iqtidar üçün islahatlara getmənin ən yaxşı zamanıdır"

"Mövcud iqtidar üçün islahatlara getmənin ən yaxşı zamanıdır"


3-09-2021, 08:20
"Mövcud iqtidar üçün islahatlara getmənin ən yaxşı zamanıdır"
“Azərbaycan Qarabağ və s. məsələlərdə Rusiyanın təzyiqləri qarşısında duruş gətirmək və bu savaşdan tam qalib çıxmaq üçün milli birliyini daha da möhkəmləndirməli, öz hərbi potensialını maksimum dərəcədə gücləndirməli və eyni zamanda beynəlxalq münasibətlərdə layiqli və etibarlı yerini tutmalıdır. Bunun üçün isə hakimiyyət mütləq daxildə demokratik islahatlara getməli və avtoritar Rusiyadan öz üstünlüyünü göstərməlidir”.

Bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının həmsədri, politoloq Sülhəddin Əkbər ifadə edib.

“Ona görə də Azərbaycan hakimiyyəti xüsusən Qarabağ savaşından qalib çıxdığı hazırkı güclü bir vaxtında bu islahatlara getməlidir. Mövcud iqtidar üçün islahatlara getmənin ən yaxşı zamanıdır. Və həmin islahatlar bütün sahələri əhatə etməlidir: siyasi, iqtisadi, hüquqi, sosial və s. Yəni biz həm daxilən güclənməli, həm də daxilən güclənməmiz bizim beynəlxalq münasibətlər sistemində öz mövqeyimizi gücləndirmək üçün əlverişli şərait yaratmalıdır” –açıqlamasının ardında bunları söyləyən partiya sədri Rusiyanın sülhməramlı sayılan kontingentinin torpaqlarımızdan çıxarılmasının mümkünlüyündən də danışıb.

“Bu addımlar atılarsa və daxildə II Qarabağ savaşından sonra yaranmış milli birlik daha da gücləndirilərsə, Rusiya bizə qarşı hər bir addımını, o cümlədən Qarabağda, ölçüb-biçib atacaqdır O halda biz 10 noyabrdan bəri Rusiyanın dırnaqarası "sülhməramlı" hərbi kontingentinin öz missiyasından kənar və Azərbaycanın dövlət suverenliyi əleyhinə olan davranışlarıyla bağlı topladığımız fakt və sənədlərlə torpaqlarımızdan çıxması tələbini də əsaslı şəkildə qoya bilərik”- deyə Sülhəddin Əkbər vurğulayıb.


Geri qayıt