Əsas Səhifə > Partiya, Güney Press > "Dövlətimiz birbaşa özü hərəkətə keçəndə ermənilərə bəhanə vermiş oluruq"

"Dövlətimiz birbaşa özü hərəkətə keçəndə ermənilərə bəhanə vermiş oluruq"


8-09-2021, 07:44
"Dövlətimiz birbaşa özü hərəkətə keçəndə ermənilərə bəhanə vermiş oluruq"
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yenidən silahlanmağa başlaması ilə bağlı iddiaları cavablandırıb. Prezidentin köməkçisi bildirib ki, bu hərəkətlənmə revanş məqsədi ilə edilirsə, tarixi səhv ilə başa çatacaq:


“Ermənistanın bu gün öz qonşuları ilə sülh içində yaşamasına ehtiyacı var. Biz Ermənistanın silah əldə etməsinə və digər bu kimi fəaliyyətlərinə özü-özünə bir təsəlli vermək kimi qiymətləndiririk. Əgər Ermənistanda kimlərsə revanş barədə düşünəcəksə, bu, onların növbəti tarixi səhvi olacaq. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmişdir və bundan sonra da öz sərhədlərini, vətəndaşlarının təhlükəsizliyini təmin etməkdə davam edəcək”.

Məsələ ilə bağlı “Sherg.az”a açıqlama verən millət vəkili Fazil Mustafa qeyd edib ki, Prezidentin köməkçisi ilk növbədə Ermənistanın 44 günlük müharibədən dərs çıxarmamasını xatırladıb:

“Yəni son “yumruğu” vurmadığımız Ermənistanda elə bir düşüncə yaradıb ki, bu “yumruq” onlara dəyməyəcək. H.Hacıyev söyləyib ki, Ermənistan hansısa şəkildə revanşist bir rolu üzərinə götürməyə başlasa, bu, həqiqətən də onların çöküşü olacaq.

Ölkə Prezidenti də dəfələrlə xəbərdarlıq etmişdi ki, belə revanşist duyğuların daşıyıcısı olan ermənilər öz ölkələrini yekun məhvə doğru aparırlar. Azərbaycan da bu məsələdə onlara düşünmə vaxtı verib. Bu vaxtı ağılla dəyərləndirməsələr, böyük problemlər yaşayacaqlar.

Amma ermənilər yenə də saxta və real olmayan ideologiyalarını gündəmə gətirməyə çalışırlar. Bu da bütün hallarda Ermənistan üçün fəlakətə yuvarlanma olacaq. Azərbaycanın bu istiqamətdə xəbərdarlıqları kifayət qədər ciddidir. Çünki dövlətimiz imzalanan bəyanata uyğun addım atacaq!”.

F.Mustafanın sözlərinə görə, Azərbaycan faktiki cavab siyasəti üzərində öz istiqamətini götürüb:

“Yəni Ermənistanın hansısa prosesdən imtina etməsi ilə hərəkətə keçəcəyik. Dövlətimiz birbaşa özü hərəkətə keçəndə ermənilərə bəhanə vermiş oluruq. İndi isə onlar bizim üçün kifayət qədər əsas verirlər ki, qəti addım ataq.

Ermənistanın ağıllı siyasətçiləri varsa, əslində seçkidən sonra dərhal Türkiyə ilə yola gedib, Azərbaycanla yekun sülh müqaviləsi imzalamalı idilər.

Bunun gecikməsi ermənilərin faciəsinə gətirib çıxaracaq. Onlara verdiyimiz vaxt gün keçdikcə azalır”.



Geri qayıt