Əsas Səhifə > Partiya, Güney Press > "Həm sülhməramlı imicini yaradır, həm də vaxt uzatmağa çalışır"

"Həm sülhməramlı imicini yaradır, həm də vaxt uzatmağa çalışır"


10-09-2021, 09:11
"Həm sülhməramlı imicini yaradır, həm də vaxt uzatmağa çalışır"
“Nikol Paşinyanın son bəyanatındakı fikirlərinin səmimiyyətinə inanmıram. Sadəcə, bu adam ümumi sülhməramlı ritorika nümayiş etdirir. Dünya içtimaiyyətini çaşdırmaq üçün və özünü sülhməramlı göstərmək məqsədilə danışır. Əgər Paşinyan regionda sülhün və sabitliyin olmasında, iqtisadi əlaqələrin qurulmasında maraqlıdırsa, dəmiryolunun açıldığını rəsmən elan etsin və bu müsbət işə müqavimət göstərməsin”.

Bu fikirləri Reyting.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Ermənistan Baş naziri Nikol Paşinyanın dünən hökumətin iclasında Azərbaycanla dövlət sərhədlərinin müəyyənləşdirilməsi, habelə əməkdaşlığa və sülhə tərəfdar olduğunu deməsini şərh edərkən səsləndirib.

A. Əlizadə iddia edir ki, N. Paşinyan bu fikirləri imicini daha da gücləndirmək məqsədilə işlədib:

“Fikrimcə, Paşinyanın hansı xətti seçməsi daha çox Rusiyadan asılıdır. Yəni Rusiya hansı xətti istəsə, Paşinyan da onu seçəcək. Onun başqa yolu yoxdur”.

ASDP sədri ehtimal edir ki, indiki mərhələdə Rusiya regionda yolların açılmasında maraqlı deyil: “Yolların açılması həm də Türkiyə ilə Azərbaycan arasında əlaqələrin daha da güclənməsinə gətirib çıxaracaq. Rusiya isə Türkiyəni keçmiş sovet məkanından çıxarmaq niyyətindədir. Buna görə də dəhlizin açılması ruslara maraqlı deyil. Nikol Paşinyan da bunu bildiyi üçün belə danışır, həm sülhməramlı imicini yaradır, həm də vaxt uzatmağa çalışır”.

A. Əlizadə əlavə edib ki, əgər N. Paşinyan regionda kommunikasiyaların açılmasında, Ermənistan-Azərbaycan dövlət sərhədində delimitasiya və demorkasiya prosesinin aparılmasında, habelə dəhlizlərin işlək olmasında maraqlıdırsa, bunu sözlərlə deyil, fəaliyyətlə nümayiş etdirməlidir.


Geri qayıt