Əsas Səhifə > Partiya, Güney Press > "Parlamentdə 70-ə yaxın deputatı var, amma fraksiyası və qanunvericilik təşəbbüsü yoxdur"

"Parlamentdə 70-ə yaxın deputatı var, amma fraksiyası və qanunvericilik təşəbbüsü yoxdur"


13-09-2021, 08:36
"Parlamentdə 70-ə yaxın deputatı var, amma fraksiyası və qanunvericilik təşəbbüsü yoxdur"
Keçən həftə hakim Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib və mühüm qərarlar alınıb. İclasda partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib və Bakı üzrə 9 rayon təşkilatının sədrləri vəzifəsindən azad olunub. Binəqədi rayon təşkilatının keçmiş sədri Ramiz Göyüşov isə partiya sıralarından xaric edilib. R.Göyüşovun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə iyunun 30-da keçirilmiş hesabat konfransında xitam verilmişdi.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlər daxil edilib. İclasda, həmçinin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edilib. Bununla yanaşı, YAP üzvlərinin qeydiyyatı və hesabatlılıq sisteminin yaradılması üçün maliyyə vəsaitinin ayrılmasına razılıq verilib. Hacıbala Abutalıbov, Şəmsəddin Xanbabayev və Tağı Əhmədov YAP Veteranlar Şurasına üzv qəbul olunub. Tanınmış jurnalist Alqış Musayev (Həsənoğlu) isə yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub. Qeyd edək ki, A.Həsənoğlu əvvəllər də uzun müddət qəzetin baş redaktoru olub. Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Babaoğlu idi. H.Babaoğlu Parlamentdə YAP deputatları üzrə əlaqələndirici vəzifəsinə seçilib.

YAP-dakı dəyişikliklə bağlı “Şərq”ə danışan REAL sədrinin müavini Natiq Cəfərli deyib ki, Yeni Azərbaycan Partiyasının öz imicini və fəaliyyətini dəyişməsinə ehtiyac var. Partiya təmsilçisinin sözlərinə görə, nə qədər qəribə səslənsə də, Yeni Azərbaycan Partiyası hakimiyyət partiyası yox, hakimiyyətdə təmsilçiləri olan bir partiyadır:

“Bu, tamam fərqli anlayışlardır. Hakim partiya kimi fəaliyyət göstərmək üçün YAP-ın özünün fraksiyası olmalıdır. Eyni zamanda qanunvericilik təşəbbüsləri olmalıdır. Parlamentdə 70-ə yaxın deputatı var, amma fraksiyası və qanunvericilik təşəbbüsü yoxdur. Bu gün Milli Məclisdə qəbul olunan qanunların 96 faizi Prezident Administrasiyası tərəfindən təqdim edilir. Bəs YAP-ın təşəbbüsləri, qanunlarla bağlı təkliflərini niyə görmürük? Yeni Azərbaycan Partiyasının üzvləri son zamanlar hansısa ideoloji tezislərlə, təklif və təşəbbüslərlə deyil, videogörüntülərlə, neqativ hadisələrlə gündəmə gəlirlər. Bu da çox yanlışdır. Əlbəttə, biz də bəyan edirik ki, iqtidar ya müxalifət, fərqi yoxdur, şəxsi həyatla bağlı məsələni gündəmə gətirmək yolverilməzdir. İnsanlar belə məsələlərə daha həssas yanaşmalıdırlar. Amma faktiki olaraq gündəmə ardıcıl belə arzuolunmaz hadisələrlə gəlməyin özü yaxşı tendensiya deyil”.

N.Cəfərliyə görə, YAP siyasi partiya sisteminin yaxşılaşmasına, rəqabətli mühitin genişlənməsinə çalışmalıdır:

“Əgər bunu həqiqətən istəyirsə, o zaman dəyişikliyə özündən başlamalıdır. Bu gün hansısa gənc YAP-a üzv olmağı özünə karyera qurmaq metodu kimi istifadə etməməlidir. Yeni Azərbaycan Partiyası bizim siyasi rəqibimizdir. Onlara uğurlar arzu edirəm. Ümid edirəm ki, YAP ölkədəki keyfiyyətli siyasi diskusun yaranmasına töhfə verəcək”.

Geri qayıt