Əsas Səhifə > Partiya, Güney Press > "İcra başçısı rüşvət almadan kabinetində otura bilər, amma rayonda iş dayanacaq"
"İcra başçısı rüşvət almadan kabinetində otura bilər, amma rayonda iş dayanacaq"15-09-2021, 08:09 |
Dünən Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına yeni icra başçıları təyin olunması haqqında Sərəncam imzalayıb. Cəlilov Rafiq Əsgər oğlu Cəlilabad rayonuna, Rəşad Ənvər oğlu Tağıyev isə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ölkə başçısı həmin şəxsləri icra başçıcı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib, bir sıra mühüm məqamlara toxunub. Prezident qeyd edib: “Cəlilabad və Şəmkir rayonlarına icra başçıları təyin olunarkən onlara göstəriş vermişdim ki, siz artıq yerdə qalan məsələləri həll edin. Əsas böyük işlər görülüb, çox gözəl zəmin yaradılıb. Siz isə gündəlik həyatda elə işləyin, elə çalışın ki, həm vətəndaşlar sizdən razı olsunlar, həm də rayonların inkişafı sürətlə getsin və təşəbbüs göstərin, investorları cəlb edin, sahibkarlara şərait yaradın. Ancaq əfsuslar olsun ki, real həyatda biz bunun tam əksini görürük. Bunun nəticəsində və eyni zamanda, buraxılmış ciddi nöqsanlar, pozuntular, rüşvətxorluq və korrupsiya hallarına görə həm Cəlilabad, həm də Şəmkir rayonlarının keçmiş icra başçıları cinayət məsuliyyətinə cəlb olunmuşlar. İndi hər kəs görür ki, heç kim qanundan yuxarı dayana bilməz və burada hər kəs qanun qarşısında bərabərdir. Heç kimdə immunitet yoxdur və ola bilməz. Bütün dövlət məmurlarını vəzifəyə təyin edərkən mən bu tövsiyələri verirəm”. Ölkə başçısı məmur özbaşınalığı ilə bağlı daimi olaraq xəbərdarlıqlar edir, yeni vəzifəyə təyin olunan şəxslərin şəffaf işləməsini və xalqa xidmət etməsini xüsusilə vurğulayır. Ancaq yenə də bəzi məmurlar etimadı doğrultmurlar. Yeni təyinatlarla bağlı “Sherg.az”a danışan millət vəkili Razi Nurullayev bildirib ki, bu gün iki yeni icra başçısının vəzifəyə təyin olunması prosesin başlamasından və növbəti rayonlara da belə təyinatların olacağından xəbər verir: “Hansısa rayonlara icra hakimlərini təyin olunan zaman onların qarşısına qoyulan şərt həmin rayonun inkişafı və şəffaf idarəçilikdir. Ancaq nə qədər şəffaf işləsələr də, rüşvətdən kənar qalsalar da, vəsait olmadan iş görmək mümkün deyil. Ona görə də icra hakimlərinin iş adamlarını sərmayəyə cəlb etməsi və onlar üçün lazımi şərait yaratması vacibdir. Amma bu günə qədər olan təyinatların bir çoxunda əsaslı dəyişiklik olduğunu görə bilmirik. Yeni icra başçıları təyin olundusa, onların əksəriyyəti tam olaraq gözləntiləri doğruldub, investisiya cəlb edə biliblər. Bununla bağlı gözəl nümunələr var. Lakin icra başçılarının əksəriyyəti haqqında bunu demək olmur. Ona görə də məsələ yalnız şəffaflıq və rüşvət almamaqda deyil. İcra başçısı rüşvət almadan kabinetində otura bilər, amma rayonda iş dayanacaq. Əsas olan məsələ rayonlarda iş yeri yaratmaq, bura sərmayəçiləri cəlb etmək, canlılıq yaratmaqdır. Amma buna nə qədər əməl edə bildikləri sual altındadır. Prezident yeni icra başçılarını qəbul edərkən də müsbət nəticələrin olmadığını əsas gətirdi. Hesab edirəm ki, ölkəmizdə bütün idarəçilik sistemində dəyişiklik etmək lazım gələcək. Azərbaycanda biznes mühitini tam şəkildə müzakirə etmək lazımdır. Bu gün iş adamlarına yaxşı şəraitin qurulduğunu söyləsək, yalan olar. İş adamlarından rüşvət istənilir, incidilirlər. Ona görə də yeni təyinatlardan yüksək gözləntim yoxdur”. Geri qayıt |