Əsas Səhifə > Partiya, Güney Press > "Əgər Amerika Texas və Kaliforniya ştatına müstəqillik versə, biz də Qarabağ məsələsinə baxa bilərik"

"Əgər Amerika Texas və Kaliforniya ştatına müstəqillik versə, biz də Qarabağ məsələsinə baxa bilərik"


16-09-2021, 09:17
"Əgər Amerika Texas və Kaliforniya ştatına müstəqillik versə, biz də Qarabağ məsələsinə baxa bilərik"
“Qarabağın statusu haqqında danışmaq Azərbaycanın daxili işlərinə qarışmaq, beynəlxalq hüquqda nəzərdə tutulan dövlətlərin bərabərliyinə və süverenliyinə qəsddir. Dünyanın heç bir ölkəsi başqa bir ölkənin ərazisinin statusunu nə müzakirə edə, nə gündəmə gətirə, nə də tələb edə bilər”.

Bu sözləri Reyting.az-a Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ABŞ-ın Ermənistandakı səfiri Linn Treisinin növbəti dəfə “Qarabağın statusu” haqqında sərsəmləmələrini şərh edərkən deyib.

Partiya sədrinin fikrincə, amerikalı diplomatlar bu hərəkəti ilə ABŞ-ın demokratiyadan çəkildiyini, beynəlxalq hüquq normalarına hörmətsizliyini nümayiş etdirirlər: “Heç bir dövlət və diplomat Azərbaycana təklif edə bilməz ki, Qarabağa status ver. Azərbaycan müstəqil dövlətdir, konstitusiyasına əsasən ümumixalq referendumu ilə hara status verməsimi müəyyən edir. Azərbaycan xalqı da bir nəfər kimi Qarabağa status vermək niyyətində deyil”.

S. Cəlaloğlu ABŞ-ın İrəvandakı səfirinə mesaj da göndərib: “Əgər Amerika Texas və Kaliforniya ştatına müstəqillik versə, biz də Qarabağ məsələsinə baxa bilərik. Buyurub, Texas ştatının müstəqilliyini tanısın və ya onu Meksikaya versin. Eləcədə Kaliforniya ştatının müstəqilliyini tanısın, elan etsin ki, buradakı milyonlarla erməniyə müstəqillik verir. Ondan sonra gəlib bizim ərazilərimiz haqqında hansısa fikirlər işlətsin”.

Partiya sədri hesab edir ki, indiki halda əsassız olaraq status məsələsini qaldırmaqla bəzi ölkələr regionda maraqlarını təmin etməyə çalışır və Türk Birliyinə qarşı düşmən mövqedə dururlar: “Eyni zamanda xristian təəssübkeşliyini ifadə edirlər. Bu, əslində ABŞ üçün utancverici haldır. Heç amerikalılar bilmir ki, Qarabağda nə qədər erməni yaşayır, bu torpaq kimindir, Rusiya nə istəyir və s. Bu gün ABŞ və Fransa əslində Rusiyanın oyununa düşüblər və Moskvanın əlini gücləndirirlər. Baxmayaraq ki, Rusiya ilə rəqabət aparırlar, regionda rusların güclənməsinin əleyhinədirlər”.


Geri qayıt