Əsas Səhifə > Partiya, Güney Press > "Rusiya və Azərbaycanda idarəetmə sistemi siyasi psixoloji cəhətdən eyni düşüncə üzərində qurulub"
"Rusiya və Azərbaycanda idarəetmə sistemi siyasi psixoloji cəhətdən eyni düşüncə üzərində qurulub"17-09-2021, 08:45 |
Bu həftə Rusiyada Dövlət Dumasına, həmçinin bəzi regionlarda məclislərə və qubernator postlarına seçkilər olacaq. Sentyabrın 19-da Rusiya parlamentinin aşağı palatasına-Dövlət Dumasına keçiriləcək seçkidə əvvəlki kimi böyük rəqabət olmayacaq. Buna səbəb bir sıra müstəqil və müxalifyönlü namizədlərin seçkiyə buraxılmamasıdır. 19 sentyabr seçkisi son illər nüfuzunu itirməkdə olan hakim Vahid Rusiya Partiyasının dirçəlişinə, dəstək qazanmasına hesablanıb. Kremlin hazırda həbsdə olan tənqidçisi Aleksey Navalnının təşkilatlarına “ekstremist” damğası vurulduğuna görə bu qurumların üzvlərinin adları seçki bülletenlərindən çıxarılıb. Rusiyanın ən fəal müxalif qüvvəsi indi öz tərəfdarlarından “Ağıllı səsvermə” strategiyasına riayət olunmasını umur. Strategiyanın hədəfi hansı partiyanı təmsil etməsindən asılı olmayaraq Kremlin namizədi üzərində qələbə qazanmaq şansı olan şəxsə səs verməkdir... Putinin alternativləri bu taktika ilə uğur qazanacaqlarmı? AĞ Partiya başqanı Tural Abbaslı Azərbaycanda da bu cür taktikalardan indiyə qədər istifadə olunduğunu söylədi: “Əslində bu yeni taktika deyil. Azərbaycanın özündə dönəm-dönəm istifadə olunmuş bir taktikadır. Yəni kimə səs verirsinizə verin, bircə iqtidar partiyası olmasın. Bir sözlə, hakimiyyətin namizədinin qalib gəlməməsinə edilən cəhdlərdən biridir. Ən şanslı namizəd kimdirsə, digər partiyalar da ona səs versin. Bu, ölkəmizdə parlament, bələdiyyə, hətta prezident seçkilərində belə olmuşdu. Məsələn, mən ilk səs verdiyim vaxt dəstəklədiyim namizəd başqa dairədə olduğu üçün digər bir namizədə səs vermişdin. Yaxud 2003-cü ildə öz namizədləri olmasına baxmayaraq müxalifətdən başqa iddiaçıya səs verənlər belə olmuşdu. Çünki o namizəd daha şanslı idi. Ümumiyyətlə, parlament seçkilərində namizəd verərkən bəzi dairələrdən müxalifət namizəd irəli sürmür. Biz də AG Partiya olaraq elə edirik. Müxalifət liderlərinin olduğu, yaxud regionlarda daha nüfuzlu, səs yığma imkanları olan şəxslərin dairələrindən çalışdıqca namizəd irəli sürmürük. Bu, rəsmi, yaxud qeyri-rəsmi şəkildə olub. Amma təəssüflər olsun ki, bu, Azərbaycanda effekt verməyib. Nəzərə alaq ki, Rusiya və Azərbaycanda idarəetmə sistemi siyasi psixoloji cəhətdən eyni düşüncə üzərində qurulub, o zaman deməyə əsas var ki, o ölkədə də bu taktika işə yaramayacaq. Yəqin ki, hakim partiya yenə də bu seçkiləri müxtəlif üsullarla udacaq. Amma doğru, düzgün taktikadır. Səslərin parçalanmağındansa, toplanması daha məqbuldur. Uğur gətirəcək addımdır, sadəcə, orada uğur gətirəcəyinə inamım yoxdur. Hazırkı məqamda ən doğru variant bu idi. Ən pis variantlar içərisindən seçilmiş düzgün variant kimi qələmə versək doğru olardı”. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: “Burada əsas olan Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdir. Əvvəlki illərdən fərqli olaraq, Rusiyanın hakim dairələri daha aqressiv davranış sərgiləyirlər. Onlar, ümumiyyətlə, xalqı proseslərə yaxın buraxmaq istəmirlər. Müxalifət liderlərinə hərtərəfli təzyiqlər edilir. Müxalifətin əsas lideri olan Navalnı hələ də həbsdədir. Buna cavab olaraq, müxalifətin də öz taktikası var. Əsas taktika ondan ibarətdir ki, bu seçkilərdə kimə səs verirsinizsə verin, amma hakimiyyət namizədi olmasın. Bu da Rusiya müxalifətinin bir taktikasıdır. Bu ölkənin parlamentində yer alan elə fraksiyalar var ki, hakimiyyətyönlüdürlər. Bunlar nəticə etibarilə Putinin göstərişlərini yerinə yetirirlər. Sadəcə, bir rəsm cizgisi çəkiblər, guya müxalifətçidirlər. Bu seçkilər də Rusiya iqtidarının cızdığı xətt üzrə gedəcək. Müxalifət heç bir divident götürə bilməyəcək. Demokratiya sahəsində də bir addım qabağa gedə bilməyəcəklər. Rusiyada olan bu proseslər qonşu ölkələrə də sirayət edəcək. Bunun eyni zamanda bölgəyə də ziyanı var. Şimal qonşumuzun özünə də ciddi ziyan vurur. Rusiyadan bu seçkilərdən pozitiv heç nə gözləmirəm. Müxalifətin seçdiyi taktika heç bir uğur gətirə bilməyəcək”. “Yeni Müsavat” Geri qayıt |