Əsas Səhifə > Partiya, Güney Press > Taarif Şurasını ləğv etsək qiymətlər yenə ucuzlaşmayacaq

Taarif Şurasını ləğv etsək qiymətlər yenə ucuzlaşmayacaq


18-09-2021, 08:46
Taarif Şurasını ləğv etsək qiymətlər yenə ucuzlaşmayacaq
İl ərzində “Aİ 95” markalı benzinin qiyməti 4 dəfə qaldırılaraq 1,60 manata çatdırılıb. “Aİ-98” markalı benzinin qiyməti isə 1,90 manata yüksəlib. Qurumlardan verilən açıqlama isə hər dəfə bu yöndə olur - “Ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olur”. Yəni benzinin satış qiymətinin dövlət tərəfindən tənzimlənmədiyi vurğulanır. Qeyd olunur ki, dünya bazarındakı mövcud dəyişikliyi nəzərə alan SOCAR bununla bağlı Taarif Şurasına müraciət edir. Şura da neft şirkətinin əsaslandırılmış qərarını qəbul etmək “məcburiyyətində” qalır.

Ümumiyyətlə, əksər qiymət artımından sonra Taarif Şurası ciddi tənqid olunur. Əksər hallarda qurumun ləğv edilməsi, tərkibinin dəyişdirilməsi, yaxud səlahiyyətlərinin başqa orqana verilməsi təklif edilir. Mütəmadi gündəmə gələn təkliflərdən biri də Taarif Şurasının bütün səlahiyyətlərinin Milli Məclisə verilməsi ilə bağlıdır. Hesab olunur ki, indiki halda Şura sadəcə məşvərətçi qurum kimi parlamentə təklif verməklə məşğul olmalı, müstəqil qərar qəbul etmək hüququ əlindən alınmalıdır.

Məsələn, millət vəkili Fazil Mustafa düşünür ki, Taarif Şurasının qərarları sanki cəmiyyəti məqsədli şəkildə qıcıqlandırmaq üçün verilir. Deputat vurğulayıb ki, pandemiya dövründə cəmiyyəti daha da qıcıqlandırmaq, hansısa vəsaitləri insanların hesabına təmin etmək məsuliyyətsizlikdir:

“Əgər bu illər ərzində Azərbaycanda yüksək oktanlı, keyfiyyətli benzin emal etməyi bacarmamısınızsa, bunun bədəlini niyə vətəndaşlar ödəməlidir? Sanki məmurlar illər ərzində özlərinin edə bilmədiklərinin heyfini xalqdan çıxırlar, vətəndaşları soyurlar”. Parlament üzvünün sözlərinə görə, Taarif Şurasının qiymət siyasətilə bağlı yekun qərar vermək üçün hər hansı hüquqi statusu yoxdur: “Nədənsə, qərar verilir və dərhal da qiymətlər qalxır, müxtəlif sahələrdə bahalaşma müşahidə olunur. Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Taarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir. Məmurların məsuliyyətsiz hərəkətləri üzündən, cəmiyyət deputatları qınayır, Milli Məclisi günahlandırır. Şübhəsiz ki, bu mövzuda parlamentdə çıxışlar və təkliflər olacaq”.

Mövzunu “Şərq”ə təhlil edən AĞ Partiya sədri Tural Abbaslı isə bildirib ki, Taarif Şurası bir neçə nazirlik təmsilçisini özündə birləşdirən məşvərətçi orqandır. Partiya rəhbərinin sözlərinə görə, Şuranın nazirliklərdən təşkil olunmasının özü yanlışdır:

“Əhali qiymət artımı ilə bağlı narazılıq bildirəndə, Şuranı şikayət edəndə, orada təmsil olunan heç bir nazirlik tənqidi birbaşa üzərinə götürmür. Dövlət orqanları məsuliyyəti bir-birinin üzərinə atırlar. Məsələ ondadır ki, qiymət məsələsi siyasi mahiyyət kəsb edirsə, bahalaşma qaçılmaz və mütləqdirsə, Milli Məclis də sabah həmin qərarı verəcək. Taarif Şurasının səlahiyyətlərinin parlamentə verilməsi o demək deyil ki, Milli Məclis qiymət artımı ilə bağlı bütün müraciətləri geri çevirəcək, heç birinə müsbət cavab verməyəcək. Hazırda parlamentin qəbul etdiyi bir çox qanunla bağlı ictimaiyyətdə narazılıq var. Taarif Şurasını ləğv etsək, səlahiyyətlərini başqa quruma versək belə qiymətlər ucuzlaşmayacaq. Hər dəfə yüksək oktanlı benzinin qiyməti qalxanda və bunun dünya bazarındakı proseslərlə bağlı olduğunu deyəndə haqlı olaraq hamı sual edir ki, niyə illər ərzində özümüz yüksək keyfiyyətli benzin istehsal edə bilməmişik?! Niyə öz benzinimizin keyfiyyəti avro-5 standartlarına uyğun deyil. Bir az da benzinin istehsalı ilə məşğul olmaq lazımdır. Bütün əlavə xərcləri vətəndaşların üzərinə yükləmək yolverilməzdir. İqtisadi siyasətdə bu cür yanaşmanı kökündən dəyişməliyik”.


Geri qayıt