Əsas Səhifə > Partiya, Güney Press > "Çörəkləri də erməni xalqını azərbaycanlılarla düşmənə çevirməkdən çıxır"

"Çörəkləri də erməni xalqını azərbaycanlılarla düşmənə çevirməkdən çıxır"


20-09-2021, 08:36
"Çörəkləri də erməni xalqını azərbaycanlılarla düşmənə çevirməkdən çıxır"
“Sülh müqaviləsi üçün Moskva şəhərində hansısa məxfi danışıqların aparıldığı haqda məlumatların əsassız olduğunu düşünürəm. Fikrimcə, hər hansı gizli danışıq aparıla bilməz. Azərbaycan danışıqları açıq aparır, atılan addımlar da ortadadır. Öz şərtlərini də açıqlayır. Burada məxfilik üçün əsas yoxdur. Danışıqlar aparılmalıdır, amma məxfi formada yox. Eyni zamanda Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir”.

Bunu Reyting.az-a Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə Moskvada Azərbaycan və Ermənistan arasındakı problemləri həll etmək üçün gizli danışıqların aparılması barədə yayılan məlumatları şərh edərkən deyib.

A. Əlizadə bildirib ki, Azərbaycan öz ərazilərinin haradan başlayıb, harada bitdiyini bilən dövlətdir: “Bizim Ermənistana yaxın ərazilərimiz var, aydındır ki, sərhədlər oradan keçməlidir. Başqa cür ola bilməz. Amma Moskvada Zəngəzur dəhlizinin açılması müzakirə edilə bilər”.

Partiya sədri diqqətə çatdırıb ki, həm 44 günlük müharibəyə son verən üçtərəfli razılaşma, həm də 2021-ci ilin 11 yanvarında Moskvada imzalanan bəyannamə ortadadır: “Bu sənədlərdə nəzərdə tutulan müddəalar həyata keçirilməlidir. Əlbəttə, bu istiqamətdə danışıqlar olmalıdır. Buna da işçi səviyyəsində aparılan danışıqlar deyilir”.

Ermənistanda Daşnaksütyun partiyasının yenidən Baş nazir Nikol Paşinyana qarşı küçə etirazları başlatdığına diqqət edən A. Əlizadənin fikrincə, əslində daşnaksütyundan böyük cinayətlər törədən ikinci siyasi təşkilat yoxdur: “Onlar doğulan uşağın qulağına pıçıldayırlar ki, “türk sənin düşmənindir”. Çörəkləri də erməni xalqını azərbaycanlılarla düşmənə çevirməkdən çıxır. Əlbəttə, bu, erməni xalqına xəyanətdir.

Amma son seçkilər göstərdi ki, erməni xalqı müharibədən və konfliktdən bezib, sakit və rahat yaşamaq istəyir. Odur ki, normal həyat istəyən sadə erməni Paşinyana qarşı çıxmayacaq. Yəni indiki erməni hökumətini təhlükə gözləmir”.

A. Əlizadə iddia edir ki, N. Paşinyan Qərbin və Rusiyanın işarəsi ilə oturub durur: “Sözsüz ki, indi regionda sülh və sabitliyin olması vacibdir və bütün tərəflərin maraqlarını ifadə edir. Amma Paşinyan müstəqil siyasətçi deyil ki, bunu həyata keçirsin. O, ağalarının dediyini icra edir və edəcək”.


Geri qayıt