Əsas Səhifə > Partiya, Güney Press > “Şuşada az-çox infrastruktur qurulub, digər bölgələr isə tam xarabalıq vəziyyətindədir”
“Şuşada az-çox infrastruktur qurulub, digər bölgələr isə tam xarabalıq vəziyyətindədir”21-09-2021, 08:50 |
30 illik həsrət bitdikdən sonra Şuşaya mütəmadi səfərlər təşkil olunur. Əgər əvvəllər doğma Şuşaya yalnız rəsmilər, xüsusi nümayəndəliklər səfər edirdilərsə, artıq iki aydan çoxdur ki, yerli sakinlər də müəyyən sayla doğma yurdlarını ziyarət edə bilirlər. Ziyarətçilər Bülbülün, Üzeyir bəy Hacıbəyovun ev muzeylərində, Xan qızı bulağında, Qala divarlarında, Cıdır düzündə olur, yenidən tarixi torpaqda olmağın sevincini yaşayırlar. Qeyd edək ki, Şuşa işğaldan azad olunduqdan dərhal sonra burada infrastruktur işləri başladılmış, bu günə qədər bir sıra möhtəşəm festival və tədbirlər, o cümlədən “Xarıbülbül” festivalı, “Vaqif Poeziya günləri”, dahi Üzeyir bəy Hacıbəyovun doğum gününə həsr edilmiş XIII Beynəlxalq Musiqi Festivalının bir hissəsi keçirilib. Bəs digər bölgələrə nisbətən niyə daha çox Şuşaya səfərlər təşkil edilir?. Bu, Qalanın azərbaycanlılar üçün xüsusi mənəvi dəyər daşıması ilə bağlıdır, yoxsa başqa səbəb var? Başqa yerlərdə, o cümlədən Qubadlıda, Zəngilanda, Cəbrayılda və digər bölgələrdə infrastruktur olmadığı üçün bu yerlərə səfərlər çox az təşkil edilir? Bugünlərdə Cəbrayıl səfərindən qayıtmış millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bildiyiniz kimi, Şuşada az-çox infrastruktur qurulub. Digər bölgələrdə isə hələlik bu yoxdur. Yəni işğaldan azad olunmuş digər bölgələrdə nə otel, mağaza, nə də qida qəbul etmək üçün restoran, kafe və çayxanalar yoxdur. Ərazilərin böyük əksəriyyəti tam xaraba qalmış vəziyyətdədir. Məsələn, bugünlərdə Zəngilanda səfərdə olduq. Orada, ümumiyyətlə, nahar edə bilmədik. Yalnız 7-8 saatdan sonra, Füzulidən keçəndə yemək məkanı tapa bildik. Demək istəyirəm ki, ərazidə konkret olaraq heç bir infrastruktur yoxdur. Bizimlə birgə musiqiçilər də həmin vaxt Zəngilanda səfərdə idilər və onlar geyimlərini hərbiçilərin yaşadığı yerdə dəyişə bilirdilər. Yəni Şuşada bir qədər infrastruktur var, şəhərdə müəyyən iaşə obyektləri, kommunal qurumlar fəaliyyət göstərir. Ona görə də Şuşaya tez-tez səfərlər təşkil edilir. İnanıram ki, tezliklə digər bölgələrdə də infrastruktur qurulacaq və elə orada yaşamış insanların axını kifayət qədər yüksək səviyyədə olacaq". Əslən Zəngilandan olan teletənqidçi Qulu Məhərrəmli də mövzu ilə bağlı danışıb. O qeyd edib ki, digər bölgələrdən fərqli olaraq Şuşa xüsusi mənəvi dəyər kəsb edir: “Çox sevindirici haldır ki, Şuşaya tez-tez səfərlər təşkil olunur. Şəhərdə yol infrastrukturu var, iaşə obyektləri, hotel işləyir. Şuşanın öz mənəvi dəyəri, rəmzi var, tarixin ruhunu özündə ifadə edir. Şübhəsiz ki, Zəngilan da, Qubadlı, Cəbrayıl və digər bölgələrimiz də dəyərlidir. Hər bir bölgənin özünəməxsusluğu var. Lakin bütün bu bölgələrin içərisində Şuşa rəmzə çevrilmiş şəhərdir. Çünki Azərbaycan tarixinin bir çox nöqtələri orada birləşib. Oradan bir çox dahi şəxsiyyətlərimiz, sənətkarlarımız, o cümlədən Pənahəli xan, xan qızı Natəvan, Üzeyir bəy Hacıbəyov, Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli və digərləri çıxıb. Digər bölgələr isə bu qədər tarixi və mədəniyyət xadimlərinə sahib deyil. On görə də digər bölgələr Şuşa qədər rəmzə çevrilməyib. Lakin insanlarımız təkcə Şuşaya deyil, işğaldan azad olunan Ağdama, Zəngilana və digər bölgələrə də gedir. Hazırda həmin ərazilərdə böyük quruculuq işləri gedir. Yüksək səviyyədə infrastruktur qurulduqdan sonra həmin bölgələrə də axın artacaq. Bunlarla belə Şuşanın hər zaman başqa önəmi var. Çünki qeyd etdiyim kimi, Şuşa fərqli bir məkandır, tarix və bizim ruhumuzla onun təması da daha fərqlidir". Əslən Ağdamdan olan millət vəkili Aqil Abbas: “Şuşa bizim mədəniyyət paytaxtımız, mənəvi yerimiz, tamamilə başqa bir şəhərdir. Ona görə də orada musiqi tədbirləri, festivalları, konsertlər keçirilir, tez-tez səfərlər təşkil edilir. O ki qaldı digər bölgələrimizə, əlbəttə ki, həmin yerlərə də səfərlər təşkil edilir. Lakin Cəbrayıl, Qubadlı, Füzuli, Zəngilan tam minadan təmizlənməyib. Ona görə də səfərlər az təşkil edilir. Amma tez bir müddətdə həmin ərazilərimizdə də infrastruktur bərpa olunacaq, yerli sakinlər yenidən öz yurdlarına köçüb, orada yaşayacaqlar". “Yeni Müsavat” Geri qayıt |