Əsas Səhifə > Partiya, Güney Press > “İran özünün Azərbaycan siyasətinə ciddi dəyişiklik etməlidir”

“İran özünün Azərbaycan siyasətinə ciddi dəyişiklik etməlidir”


25-09-2021, 08:45
 “İran özünün Azərbaycan siyasətinə ciddi dəyişiklik etməlidir”
Azərbaycanın xarici işlər naziri BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində sentyabrın 23-də iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb. Görüş zamanı Azərbaycan ilə İran arasında əməkdaşlıq münasibətlərinin bütün sahələrdə inkişaf etdiyi vurğulanıb.

Nazirlər ikitərəfli münasibətlərin gündəliyində duran bir sıra məsələlər, eləcə də iqtisadi, energetika, ticarət, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər, həmçinin bölgədə mövcud olan cari vəziyyəti müzakirə ediblər. Nazir Ceyhun Bayramov üçtərəfli bəyanatın imzalanmasından sonra azad olunmuş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və inteqrasiya prosesləri barədə həmkarına ətraflı məlumat verib.

Hüseyn Əmir Abdullahian İran tərəfinin Azərbaycanla hərtərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb. Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlərlə bağlı müzakirələr aparılıb. Açıqlanmasa da, görüşdə İranın Ermənistanı müdafiə etməsi, Qarabağın ermənilər yaşayan bölgələrinə qanunsuz olaraq yük maşınları göndərməsi, Seyyid Amulinin “Şir söhbəti” kimi məsələlərin də müzakirəsi istisna edilmir.

Bu görüşün fonunda İranla bağlı yaranan bir sıra suallara da cavab axtarılır. SEPAH-ın Azərbaycanla sərhəddə təlimlərə başlaması İsrail-Azərbaycan dostluğuna, müttəfiqliyinə cavabdırmı? İran agentləri artıq bunu açıq söyləyir, deyirlər. Azərbaycan Prezidenti İranla münasibətlərə hər zaman böyük önəm verib. İranla sərhədi göstərib “dostluq sərhədi” deyib, İrana qarşı böyük güclərin planlarında iştirakdan imtina edib və s. İsraillə müttəfiqliyimizi bəhanə gətirib Ermənistana dəstək vermək, Azərbaycanı hədələmək İranın özünə ziyandır. Çünki onun Azərbaycandakı elektoratı yıpranır, agentura şəbəkəsi ifşa olunur, Tehranın siyasətinə isə durmadan nifrət artır.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə İranın təcili şəkildə siyasətində dəyişikliklər etməli olduğunu bildirdi: “Yüz minlərlə insanı qətlə yetirmiş, on minlərlə uşaq, qadın məhv etmiş erməni terrorist qüvvələri Azərbaycanın işğal etdikləri ərazilərində məscidlərdə donuz saxlayıblar. Bu qüvvələrə dəstək vermək nə müsəlman dəyərlərinə, nə də qonşuluq münasibətlərinə uyğun gəlir. İran bu istiqamətdə öz siyasətində ciddi dəyişiklik etməlidir. Terroristlərə dəstək verib Azərbaycan ərazilərinə yük göndərmək dayandırılmalıdır. Azərbaycan hər zaman mehriban qonşuluq siyasətini həyata keçirir. Eyni zamanda, milli-mənəvi dəyərlərimizi məhv etməyə çalışan qüvvələrə də dəstək vermək qəbuledilməzdir. Həmçinin, islam təşkilatları da bu yöndə öz mənfi münasibətlərini ifadə etmirlər”.

Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev cənub qonşumuzda yenidən türklərin hakimiyyətinin bərpa olunacağına inanır: “Müstəqilliyimizin ilk illərindən İran-Azərbaycan münasibətlərində Azərbaycan nə qədər səmimi görünübsə, əvəzində İran bir o qədər qeyri-səmimi görünüb. Azərbaycan bu fərqi həmişə hiss etsə də maksimum səviyyədə bunu büruzə verməməyə və qonşu dövlət olan İranla körpüləri yandırmamağa çalışıb. Amma görünür ki, bu cür yanaşma belə rəsmi Tehranı Azərbaycana qarşı addımlardan çəkindirmir. İndiyədək bir çox İran rəsmilərinin Azərbaycana minnət qoyduqları bir məsələ var ki, o da öz ərazisindən Naxçıvana quru yolu ilə hərəkət edən nəqliyyat vasitələrinə şərait yaratmalarıdır. Halbuki, belə praktikalar bütün dünya dövlətləri arasında var. Eyni zamanda, istər nəqliyyat vasitələri, istərsə də insanlar İran dövlətinə müxtəlif adlar altında rüsumlar da ödəyirlər. Yəni bunu bizə kömək etmiş kimi göstərən İran uzun illər ərzində Ermənistana, hətta separatçı rejimə iqtisadi, hərbi yardımlar göstərməklə Azərbaycan torpaqlarını işğal etmiş bir dövlətin ayaqda qalmasına, müqavimət imkanlarının artırılmasına kömək etmişdir. Biz isə məhz İran və İsrail arasında olan gərginliklərdən dolayı yaxın münasibətlərimizin olmasına baxmayaraq rəsmi Tehranı incik salmamaq üçün çox yanlış olaraq İsraildə hələ də səfirliyimizi açmamışıq. İran tərəfi indiyədək İsrailin Azərbaycan ərazisindən istifadə edərək özünə qarşı hər hansı bir fəaliyyət göstərməsi faktını ortaya qoya bilməyib. Əvəzində İranın ayrı-ayrı generalları, din xadimləri Azərbaycanı açıq təhdid etməklə məşğuldurlar. Mənə elə gəlir ki, diplomatiya həmişə bir yerə qədər olur. Bəlli bir etapda hər şeyi adı ilə çağırmaq lazımdır. İllərdir ki, molla rejimi dəstəkçiləri Azərbaycan ərazilərinin İrana məxsus olduqlarını, Rusiya-İran müharibəsi nəticəsində Rusiyaya verilməsini bildirirlər və bu gün ”Rusiya orada yoxdursa, biz torpaqlarımızı geri qaytara bilərik" ifadələrini işlədirlər. Bu fikri söyləyənlərə açıq söyləmək lazımdır: siz kimsiniz, haradan çıxdınız? Rusiya müharibəni fars dövləti ilə deyil, bir türk dövləti ilə aparıb. Qacarlar nə vaxtdan fars olub? Ümumiyyətlə, islamın yaranma tarixindən sonra 1930 - cu illərə qədər İran bir türk dövləti olub və onu idarə edənlər də həmişə türklər olub, əhalisinin yarıdan çoxu da məhz türklərdir. 1930-cu ildən sonra kənar dəstəklər ilə türk hakimiyyətinə son qoyulub və fars Pəhləvi hakimiyyəti yaranıb, sonra o da devrilib və islam adı altında fars şovinizminə xidmət edən hazırkı rejim yaranıb. Ona görə də narahat olmasınlar, inşallah İranda sözün əsl mənasında yenidən türklərin hakimiyyəti bərpa olunandan sonra bu məsələyə qayıdıla bilər".

Siyasi şərhçi Azər Hüseynov İranın vəziyyətinin getdikcə ağırlaşdığını düşünür: “İran əslində özünü şıltaq uşaq kimi aparır. İşini daxilindəki klanların şıltaqları ilə uyğunlaşdırır. Amma güman edirəm ki, orada da ağlı başında olanlar var. Bu görüşlərdə İranın Azərbaycanın icazəsi ilə bölgədə iqtisadi iştirakı müzakirə oluna bilər. Cənub qonşumuzun ağıllı siyasətə keçməsi lazımdır. Çünki əks halda təcridə düşə bilər, özü də regional təcridə”.

“Yeni Müsavat”

Geri qayıt