Əsas Səhifə > Partiya, Güney Press > İranla Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı yeni TƏXRİBAT PLANI...
İranla Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı yeni TƏXRİBAT PLANI...30-09-2021, 08:51 |
“Gorus-Qafqan yolunun Azərbaycanın Qubadlı rayonundan keçən hissəsində yaranmış vəziyyət İranın Ermənistanın iştirakı ilə ölkəmizə qarşı həyata keçirdiyi təxribat senarilərinin bir hissəsini diqqətdən kənarda saxlayıb”. Bu barədə siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Analitik bildirib ki, onlardan bəziləri nə qədər “günahsız” görünsələr də, ərazilərimizə qanunsuz yük daşınmasından daha təhlükəli və daha məkrlidir: “Məqsədim aydın olsun deyə, bir neçə gün öncə İranın Ermənistandakı səfirliyinin mədəniyyət müşaviri Seyid Hüseyn Tabatabai və eyni ölkənin akademiyasının mədəni irsin araşdırılması institutunun prorektoru Mürtəza Rezvanfarinin Ermənistan milli arxivinin direktoru Qriqor Arşakyanla görüşü ilə bağlı xəbərin bəzi məqamlarına diqqət çəkmək istəyirəm. Deməli, tərəflər görüşdə tarixi və mədəni irsin qarşılıqlı olaraq tanınması, həmçinin arxiv məlumatlarının mübadiləsi, bununla bağlı əməkdaşlığın genişlənməsi və memorandumun imzalanması barədə razılığa gəliblər. Ermənistan təmsilçiləri görüşdə İranla bağlı erməni arxivlərində saxlanılan sənədlərlə yaxından tanış olmaq istədiklərini bildiriblər. Ermənistan tərəfində də öz arxivlərini açacaqlarını vəd ediblər. Arşakyan İran təmsilçilərinə ölkəsinin arxivlərində saxlanan bir sıra sənədlərlə bağlı məlumat verib və qeyd edib ki, bu sənədlərin arasında “Şah Abbasın 1607-ci ildə erməni məliklərinə Azərbaycanın Laçın, Qubadlı və Zəngilan rayonlarında iri torpaq sahələri ayırması ilə bağlı fərmanı” da var. Qriqor Arşakyan İran təmsilçilərinə həmin “fərman”la bağlı tanış olmağa imkan yaradacağını vəd edib və belə bir imkanı yaradıb”. E.Mirzəbəyli güman edir ki, belə bir görüşün hansı səbəblərdən keçirildiyi aydın olub: “Erməni tərəfinin iddialarına görə, Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən hissəsi və “Laçın dəhlizi”nin keçdiyi ərazi sözügedən “fərman”la erməni məliklərinə verilibmiş. Tarixçi deyiləm, bu baxımdan düşünürəm ki, məsələnin tarixi tərəfinə aydınlıq gətirmək, Azərbaycan tarixçilərinin işidir. Siyasi şərhçi və araşdırmaçı kimi vəzifəm ölkəmizə qarşı planlaşdırılan təxribat senarilərini aşkarlamaq və ictimai rəyə təqdim etməkdən ibarətdir. Göründüyü kimi İranla Ermənistan Azərbaycana və qənaətimə görə, həm də Türkiyəyə qarşı “tarixi arxiv sənədləri” müstəvisindən birgə fəaliyyətə başlayacaqlar. Həm də beynəlxalq müstəvidə bu istiqamətdə səylərini birləşdirəcəklər”. Geri qayıt |