Əsas Səhifə > Partiya, Güney Press > “İranın sətiraltı moizələri dövlətimizə qarşı açıq təhdidlərlə əvəz olunub”

“İranın sətiraltı moizələri dövlətimizə qarşı açıq təhdidlərlə əvəz olunub”


4-10-2021, 12:21
“İranın sətiraltı moizələri dövlətimizə qarşı açıq təhdidlərlə əvəz olunub”
“İran dövləti əvvəlki illərdə Azərbaycana qarşı əsasən gizli siyasət yürüdür, fars şovinizmini İran dövlətçıliyi, din pərdəsi altında gizlətməyə çalışırdı. Milli kimliyimizi, dövlətçilik tariximizi inkar edən təbliğat əsasən mollalar vasitəsilə bəzi məscidlərdə, yas mərasimlərində hər kəsin birbaşa anlaya bilməyəcəyi, amma şüuraltı təsirləri olan xüsusi hazırlanmış mətnlərlə aparılırdı”.

Reyting.az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib.

Onun sözlərinə görə, İranın ölkəmizdə olan agentura şəbəkəsinin milli məfkurə daşıyıcısı olan siyasi liderlərə, ziyalılara, təşkilatlara qarşı mübarizəsi də ideoloji-siyasi müstəvidə yox, onlara ünvanlanan böhtan və qarayaxma kampaniyaları şəklində təşkil olunurdu:

“2020-ci ilin 44 günlük müharibəsindən sonra regionda vəziyyətin dəyişməsi, ərazilərimizin azad edilməsi, müttəfiqlərimizin Azərbaycana çəkinmədən, açıq dəstək verməsi İranın ölkəmizə qarşı fəaliyyətinin fərqli müstəviyə keçməsi ilə nəticələnib. Sətiraltı məzmunlu dini moizələr dövlət quruluşumuza, daxili və xarici siyasətimizə açıq təhdidlərlə əvəz olunub.

70 illik sovet hakimiyyəti dövründə bu əraziyə hərbi qüvvə ilə yaxınlaşmağa cəsarət etməyən, 28 illik erməni işğalı dövründə burada hər hansı hərbi fəallıq göstərməyi lazım bilməyən İran dövləti indi Azərbaycan-İran sərhədində hərbi təlimlər keçirir. Müxtəlif tribunalardan dövlət quruluşumuzun nə cür olması, dövlətimizi hansı qanunlarla idarə etməli olduğumuz barədə açıqlamalar verilir. Hansı dövlətlərlə dost, hansı dövlətlərlə düşmən olmağımız diktə edilir. Bu cür açıqlamalar təhqirlərlə, hədə-qorxu ilə müşayiət olunur. Azərbaycanda milli, dini zəmində qarşıdurma yaratmaq çağırışları edilir”.

Müsavat başqanı qeyd edib ki, o taylı-bu taylı bütün Azərbaycan xalqı İran molla rejiminin fitnəkar siyasətinə qarşı ayıq-sayıq olmalı, Azərbaycan hakimiyyəti, nəhayət, siyasi demaqogiyadan əl çəkib milli təhlükəsizliyimizi təmin etmək üçün ciddi tədbirlər görməlidir.


Geri qayıt