Əsas Səhifə > Partiya, Güney Press > "Çoxdan siyasi partiya rəhbərləri ora getməli idilər"

"Çoxdan siyasi partiya rəhbərləri ora getməli idilər"


7-10-2021, 08:13
"Çoxdan siyasi partiya rəhbərləri ora getməli idilər"
Siyasi partiyalar oktyabrın 7-də Şuşaya səfər edəcəklər. Bundan öncə Ağdama səfər edən partiyalar bu dəfə də tənqid hədəfinə tuş gəliblər.

İşğaldan azad edilmiş ərazilərə getmək dəvətindən imtina edən AXCP və Müsavat ora gedənləri "avtobus müxalifəti" adlandırır, hakim partiya və təmsilçiləri ilə birlikdə səfər etməyi iqtidara yaxınlıq kimi qələmə verməyə çalışırlar. Bununla bağlı sosial şəbəkələrdə müzakirələr açılır, mübahisələr düşür...

Şuşa səfərinə gedəcək bir neçə partiya rəhbərindən dəyərləndirmə aldıq.

AĞ Partiya başqanı Tural Abbaslı öncə səfərin önəmindən danışdı: "Bu səfəri müsbət qiymətləndirirəm. Təbii ki, işğaldan azad edilmiş yerlərə getmək qürurvericidir. Biz bu hissi bir dəfə yaşadıq. Xatırlayırsınızsa, Ağdama ilk səfər təyin olunmuşdu. 30 il işğal altında qalan yerlərə getmək hər bir vətəndaşımızın arzusudur. Düşünürəm ki, çoxdan siyasi partiya rəhbərləri ora getməli idilər. Gecikmiş addım olsa da, istənilən halda müsbət tərəflərini görməmək mümkün deyil. Müharibə dövründə yüksək səviyyədə birlik nümayiş etdirildi. İndiki məqamda bu birlik daha vacibdir".

O, səfərə qarşı çıxanlara da cavab verdi: "Bəzi marginal qrupların nə deməyi maraqlı deyil. Bizə xalqın rəyi lazımdır ki, o müsbət rəyi də alırıq. Xalqın unutduğu insanların nə deməyi bizə maraqlı deyil. Gəvəzə-gəvəzə qoyun danışsınlar".

ALDP rəhbəri Fuad Əliyev: "Yəqin ki, bu 30 il ərzində hər bir azərbaycanlının bir arzusu olub, torpaqları işğaldan azad olan günü görsün və oralara səfər etsin. Partiya sədrlərinin birinci səfəri bu ilin əvvəlində Ağdama olub. İndi isə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya səfərimizdir. Artıq Şuşada yenidənqurma, bərpa işləri bir ilə yaxındır ki gedir. Çox işlər görülüb. Nəzərdə tutulan plana görə bir ildən sonra vaxtı ilə Şuşada yaşayan vətəndaşlarımız öz doğma şəhərinə yaşamaq üçün qayıdacaqlar. Ondan sonra bizim hamımızın Şuşaya gedib gəlmək imkanı olacaq. O ki qaldı gedənlərin üzərinə hücumlara, nə demək olar? Hər kəs öz səviyyəsinə görə fikir bildirir. Bu cür yanaşanlar deməli torpaqların işğaldan azad olunmasını istəməyiblər. Başqa ölkələrdən bura qonaqlar gəlir, siyasətçilər, media nümayəndələri, səfirlər. Belə çıxır ki bunlar da "avtobus səfirlərdir", yaxud "avtobus jurnalistləridir"?! Bizim qələbəmizi bir ermənilər qəbul etmir, bir də bunlar".

BAP sədri Elşad Musayev isə məsələyə belə reaksiya verdi: "Dostumuz Əvəz Temirxan zarafatla deyir ki, onu deyən qələt edir, ölkədə bircə avtobus müxalifəti var, o da bizik. Çünki avtobusla gedən partiya sədri tək mənəm. Odur ki, bəzi söylənənləri ciddiyə almamaq lazımdır.

Siyasi partiya sədrlərinin Şuşa səfəri isə ciddi əhəmiyyət daşıyır. Belə ki, 50 yaxın siyasi təşkilat təmsilçilərini əhatə edən bu səfəri həm də düşmənlərimiz və onların havadarları izləyəcəklər.

Dünya Şuşa, Qarabağ məsələsində müxtəlif yönümlü partiyaların bir daha vahid mövqedə olduğunun şahidi olacaq. Əsas budur. Qeybətlərə isə fikir verməyə gərək yoxdur".
"Yeni Müsavat"

Geri qayıt