Əsas Səhifə > Partiya, Güney Press > “Dini radikal qrupların əli ilə gəncləri milli dəyərlərdən uzaqlaşdırmaq istəyirlər”
“Dini radikal qrupların əli ilə gəncləri milli dəyərlərdən uzaqlaşdırmaq istəyirlər”7-10-2021, 08:56 |
Qloballaşma milli kimlik məsələsini zaman-zaman gündəmə gətirir. Kiçik xalqların özünü qoruması üçün isə milli mənlik şüurunun olması mütləqdir. Xalqın gələcəyi bir çox amillərlə yanaşı, bundan da asılıdır. Milli mənəvi şüurun təbliği vətəndaşın formalaşmasında, eyni zamanda Vətəni qorumaqda mənəvi təsir gücünə malikdir. Gənclərin mənəvi-ideoloji hazırlığında həm ailənin, həm də cəmiyyətin rolu böyükdür. 44 günlük müharibədən sonra vətənpərvərliyin təbliği işi daha da güclənməlidir. Bəs bu istiqamətdə hansı çatışmazlıqlar var? “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, gənclər xalqın gələcəyi, genefondudur: “Onların milli ruhda böyüməsi vətənpərvərlik hisslərinin inkişafına səbəb olur. Ömrümün böyük qismini buna həsr etmişəm. Cəmiyyət sədri olaraq, gənclərin Vətən, millət, dövlət sevgisinin, özəlliklə milli sevginin, torpaq sevgisinin müqəddəs olmasını aşılmağa, onların bu hisslərlə böyümələri, yetişmələri üçün çalışmışam. Vətənpərvərlik hisslərinin aşılanması ailədən başlayır. Övladlarımız ağ kağız kimidir. Valideynlərin rolu böyükdür. Çevrəsi, yəni onu əhatə edən insanların rolunu da nəzərə almaq lazımdır. Dövlət gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasını istəyirsə, məktəblər də buna ciddi nəzarət etməlidir". T.Rüstəmxanlı hesab edir ki, sosial media bəzən gənclərlə bağlı arzuların önünə keçir: “Gənclərin öz dünyası var. Gecə-gündüz sosial mediadadırlar. Bəzən internet dünyasında yanlış yollara gedirlər. Bütün bunları önləmək üçün maarifləndirmə işi çox önəmlidir. Televiziyalar evimizə girib, vaxtımızı ”işğal" edib, həyatımızın bir parçasına çevrilib. Azərbaycanlılar çox zaman Türkiyə televiziyalarında serialları izləyirlər. Son 10-15 ildə Türkiyə dövləti tarixi, dövlətçilik ənənələri, Osmanlı imperiyası, Səlcuqlu dövlətinin Anadoluya gəlişi, İstanbulun fəthi və s. mövzularla bağlı filmlərin, serialların çəkilişinə diqqət edir. Bunun Türkiyədə çox ciddi təsirini gördük. Bu, xalqda milli və kimlik şüurunun inkişafına səbəb oldu. Düşünürəm ki, Azərbaycan da bu rolu seçməlidir. Məsələn, Şah İsmayıl Xətai ilə bağlı müxtəlif müzakirələr aparılır, onu gözdən salmaq, qaralama kampaniyaları aparılır. Mənə elə gəlir ki, Azərbaycan dövləti Şah İsmayıl Xətai, Koroğlu, Nüşabə haqqında serial çəkə bilər. Hətta Türkiyədən rejissorlar, aktyorlar dəvət etməklə bədii filmin çəkilməsi də yaxşı olardı. Bu, tarix şüurunun formalaşmasına çox böyük təsir edə bilər". T.Rüstəmxanlı bildirdi ki, gənclərin dövlətə hansı səviyyədə yararlı ola biləcəyini Vətən müharibəsində gördük: “Müasir tariximizdə Qarabağın işğaldan azad olunması, Vətən müharibəsi ilə böyük qəhrəmanlıq salnaməsi yazıldı. Özəlliklə, Şuşanın işğaldan azad olunması savaşın ən önəmli səhifələrindən biridir. Şəhidlərimizin qanı ilə yazılmış bu tarix haqqında səviyyəli film çəkilməlidir. Xalq şairi Sabir Rüstəmxanlı ”Qarabağa dönüş" poeması yazıb. Düşünürük ki, bu poema ssenariləşdiriləcək. Vətən müharibəsində yeni ədəbi nümunələr üçün qəhrəmanlıq dastanları yazıldı. Azərbaycan gəncinin qəhrəmanlıq ruhu qələbəni gətirdi. Bəlkə də dünyada ilk dəfə idi ki, ana övladının tabutunu başının üzərinə alıb, “Vətən sağ olsun” demişdi. Gənclərimiz savaşa toya gedər kimi gedirdilər. Vətənpərvərlik ruhu olmasa idi, qələbə olmazdı. Mən bunların hamısının şahidi oldum. Şəhidlərimizin qarşısında baş əyirik. Bu qədər şəhid verməyimizə baxmayaraq, xalq Qarabağda savaşın dayandırılmasının əleyhinə idi. Vətən sevgisi Azərbaycan xalqının qəlbində elə möhürlənmişdi ki, o torpağın bir çınqılını belə düşmənə buraxmaq istəmirdi. Bu tarix məktəblərdə tədris olunmalı, gənclərdə maraq oyadılmalıdır. Bütün bunları tarixiləşdirmək, gənclərimizə aşılamaq, qəhrəmanlarımızı tanıtmaq, onlar haqqında romanlar yazmaq, qəhrəmanların ailələrinə qayğı göstərmək lazımdır. 1988-ci ildə Azadlıq meydanında xalq azadlıq uğrunda dastan yazdı. O azadlığı bizə buraxmaq istəməyən güclər Qarabağı ermənilərin əli ilə işğal etdilər, Azərbaycanın 20%-dən çox ərazisi itirildi. Son 200 ildə Azərbaycan xalqı ancaq torpaq itirib. Azərbaycan xalqı ilk dəfə düşmənin başına “dəmir yumruq” endirdi, torpaqlarını geri qazandı. Ali Baş Komandanda olan milli vətənpərvərlik duyğusu, millətə verdiyi ümid, millətin ona inamı və Vətən eşqi böyük zəfəri qazandırdı. Mənə elə gəlir ki, bunlar araşdırılaraq, yazılaraq əbədiləşdirilməlidir". T.Rüstəmxanlı əlavə etdi ki, bəzən dini radikal qrupların əli ilə gəncləri milli dəyərlərdən uzaqlaşdırmaq istəyirlər. Amma ziyalılar, mətbuat, təhsil sistemi bunun qarşısını almalıdır. "Yeni Müsavat" Geri qayıt |