Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət liderlərinə Şuşada Prezident salamı...

Müxalifət liderlərinə Şuşada Prezident salamı...


9-10-2021, 08:28
Müxalifət liderlərinə Şuşada Prezident salamı...
Oktyabrın 7-də tarixdə ilk dəfə Azərbaycanın hakimiyyət təmsilçiləri ilə müxalifət partiyalarının sədrlərinin, bir sıra media təmsilçiləri və politoloqların Şuşaya səfəri həyata keçirilib. Tarixi səfəri Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi təşkil edib. Musavat.com xəbər verir ki, səfər iştirakçıları Şuşanın tarixi məkanlarını gəziblər və maraqlı anlar yaşanıb.

Prezident Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə iş şöbəsinin müdiri Ədalət Vəliyev Şuşa Bəyannaməsinin imzalandığı məkanda səfərdə iştirak edən qonaqlar qarşısında çıxış edib. Ədalət Vəliyev siyasi partiyaların sədrlərini və digər səfər iştirakçılarını Prezident İlham Əliyevin adından salamlayıb.

Musavat.com-un xəbərinə görə, Ədalət Vəliyev bildirib ki, 30 il hər bir azərbaycanlı, o cümlədən partiya sədrləri bu günün həsrəti ilə yaşayıb. Şuşaya bugünkü səfər qələbəmizin bəxş etdiyi xoşbəxtlikdir: “Şuşada görüşümüzün keçirilməsi, birlikdə səfərimiz ötən il 27 sentyabrda başlayan və xalqımıza ucalıq gətirən böyük bir qələbə ilə başa çatan vətən savaşının nəticələrindəndir. Bəzilərinizin yəqin ki, köhnə Şuşa ilə bağlı xatirələri var, bəzilərinizin əsli, əsli kökünün Şuşaya bağlılığı var. Ötən müddət ərzində Azərbaycan nəinki hərbi sahədə, nəinki iqtisadi sahədə, bütün güclü dövlətlərə xas olan atributları dünyaya göstərə bilib. Azərbaycan o cümlədən milli və siyasi birliyi ortalığa qoymaqla dünyaya özünün milli birlik mesajlarını da vermiş oldu. 2020-ci il iyulun 15-də Tovuz hadisələri zamanı 43 üstəgəl 4 formatında Sizlər-partiya rəhbərləri müharibəyə hazır olduğunuzu, Ali Baş Komandanın yanında olduğunu bəyan etdiniz.

Sentyabrın 27-də müharibə başlayandan 5 saat sonra mən artıq ölkə başçısına 50 siyasi partiyanın bir yumruq kimi birləşərək birgə bəyanat qəbul etdiyi haqda məlumat verdim. Biz birləşdik və vətən müharibəsində birliyimizi bu bəyanatla rəsmən ortaya qoyduq. İqtidar-müxalifət fərqi olmadan milli bilrik ortalığa qoyuldu. Bütün müharibə dönəmində bu davam etdi. Müharibədən sonrakı dönəmdə də və bu anımıza qədər də biz birlikdəyik. Birlikdə enişli-yoxuşlu yollar gedirik. Yeni siyasi konfiqurasiya yeni dialoq mərhələsi, yeni tanıtımlar, yeni danışıq tərzi, yeni siyasi mədəniyyət forması artıq reallaşıb. Bizi birləşdirən bu vətənə, bu torpağa olan sevgimizdir, bu torpaqları azad edən şəhidlərimizdir, qazilərimizdir, ordumuzdur. Burada heç kəs iddia edə bilməz ki, şəhidlər məhz mənə daha çox yaxındır, daha əzizdir, sənə yaxın deyil, əziz deyil. Bu məsələdə hamımız eyni düşüncədəyik, şəhidlərimiz hər birimiz üçün əzizdir. Şəhidlərimizə münasibətdə, qazilərimizin yanında olmaqda, dövlətimizin təməl prinsipləri məsələsində biz hamımız birik".

PA Şöbə müdiri çıxışında Şuşa Bəyannaməsinin imzalandığı yerdə dayandıqlarına da xüsusi diqqət ayırıb: “Yağış yağır, aydınlıqdır, dumanlı Şuşanın mərkəzindəyik. Ən vacibi isə odur ki, qardaş Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalandığı, tarixi bir yerdə dayanmışıq. Prezidentin nümayəndəsi Aydın müəllim Şuşanın dünənindən danışdı. Mən isə imzalanan Bəyannamənin sabaha açılan pəncərəsindən baxaraq danışıram. Hamımızın içində Türkiyə sevgisi var. Bizim Türkiyə ilə ittifaqımızı bundan sonra daha da gücləndirən tarixi məkan məhz buradır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məhz burada o tarixi sənədi imzalayıblar. Bizim üçün böyük fəxrdir ki, bu gün bu tarixi məkandayıq. Ən böyük arzumuz Ali Baş Komandanımızın, müzəffər ordumuzun, xalqımızın uğurlarının davamlı olmasıdır. Bunun üçün hər birinizə sağlamlıq və dövlətin təməl prinsiplərini qorumaq, əl-ələ verib bir ittifaq yaradıb, xalqımız üçün daim önə baxmağı arzu edirəm”.

Ədalət Vəliyevin bu fikirləri siyasi partiya sədrləri tərəfindən alqışla qarşılanıb.

Geri qayıt