Əsas Səhifə > Partiya, Güney Press > Ölkədə din siyasəti konsepsiyası qəbul olunmalıdır
Ölkədə din siyasəti konsepsiyası qəbul olunmalıdır13-10-2021, 08:41 |
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən multikulturalizm siyasəti vasitəsi ilə ölkədə həm etnik-mədəni, həm də dini müxtəlifliklər yüksək səviyyədə tənzimlənir. Yəni multikulturalizm təkcə etnik, irqi, mədəni fərqliyi deyil, həm də bu anlayışların tərkib hissəsi olan dini müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasətdir. Assimilyasiya siyasətindən fərqli olaraq multikulturalizm milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını alır, bu dəyərləri qoruyur, bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Xüsusilə də milli azlıqların cəmiyyətə inteqrasiya olmaları üçün əlverişli imkan təklif edir. Yeri gəlmişkən qeyd edim ki, Azərbaycan Respublikası multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdəndir. Məhz bu siyasət nəticəsində Azərbaycanda din sahəsindəki mövcud vəziyyət sabit qiymətləndirilir, dövlət-din münasibətləri yüksək səviyyədədir. Bu gün dövlət və dini icmalar arasında qarşılıqlı əlaqələr yüksələn xətt üzrə inkişaf edir, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri tarixi ənənə olaraq nəinki qorunur, həmçinin, bu münasibətlərin daha da dərinləşməsi istiqamətində müvafiq şərait yaradılır. Qeyd edim ki, müasir tələblərdən çıxış edərək dini maarifçilik işinə kəmiyyət və keyfiyyət baxımından xüsusi diqqət ayrılır, maarifləndirmə tədbirlərinin geniş miqyasda aparılması təmin olunur. Bir sözlə, dövlət dini icmalara göstərdiyi qayğını günü-gündən daha da artırmaqdadır. Buna böyük tarixə malik məbədlərin təmir və bərpasının davam etdirilməsi, vətəndaşlara dini ayinlərin icrası üçün yüksək şəraitin yaradılması kontekstində əyani şahid olmaq olar. Ölkə rəhbərliyinin din sahəsində yeritdiyi uğurlu siyasət nəticəsində dini etiqad azadlığı yüksək səviyyədə təmin edilir, dövlət-din münasibətləri demokratik cəmiyyət normalarına uyğun tənzimlənir. Qeyd edək ki, bəzi ölkələrdə qanunlarla yanaşı, dövlət-din münasibətlərini tənzimləyən konsepsiya da qəbul edilib. Bəs belə bir konsepsiya Azərbaycanda da qəbul edilə bilərmi? Milli Məclisin keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov təklif edib ki, Azərbaycanda da din siyasəti konsepsiyası qəbul edilməlidir: “Prezident İlham Əliyevin Azərbaycanın yaratdığı reallığı digər qonşu ölkələrin qəbul etməsiylə bağlı bəyanatından və “Anadolu” agentliyinə müsahibəsindən sonra qonşu ölkələr tərəfindən reaksiyalar birmənalı olmadı. Deputat bildirib ki, baş verənlər bir daha onu göstərir ki, bu prosesdə din amilindən istifadə olunur: “Reallıq ondan ibarətdir ki, həmin qruplar din pərdəsi altında qarayaxma kampaniyasını davam etdirir. Qələbədən sonra bizim əsas işimiz din sahəsində təhlükəsizliyi gücləndirməkdir. Din siyasəti konsepsiyası qəbul edilməlidir. Çünki qarşıda bizi daha ciddi sınaqlar gözləyir. İndidən biz bu prosesə hazır olmalıyıq”. Millət vəkili məsələ ilə bağlı deputat daha ətraflı bildirib ki, bu konsepsiyanın giriş hissəsində Azərbaycanın milli-mənəvi dəyərləri haqqında məlumatlar verilməlidir: "Fikrimcə, konsepsiyada bizim bu gün milli-mənəvi dəyərlərimizi nələr formalaşdırır, hansı mərhələdən keçərək bu günə gəlib çıxmışıq, hazırkı milli-mənəvi dəyərlərimizin əsas istiqamətlərini nə təşkil edir, bu gün bunun əsas istiqamətləri nələrdir və s. kimi məsələlər öz əksini tapmalıdır. Digər bir məsələ isə milli-mənəvi dəyərlərimizin qorunması, təbliği ilə bağlıdır. Hesab edirəm ki, bizi narahat edən bütün məsələlər burada öz əksini tapmalıdır. Bundan başqa hansı təhlükələr var, bu təhlükələrin qarşısını almaq üçün hansı addımlar atılmalıdır, biz hansı istiqamətdə fəaliyyətimizi, siyasətimizi davam etdirməliyik kimi bütün bu məsələlər də konspesiyada yer almalıdır. Habelə, gələcəyə hesablanmış addımlar, gələcəkdə bizi gözləyə biləcək təhlükələrdən xilas olmaq üçün biz hansı addımları atmalı olduğumuzu bilməliyik. Qısa şəkildə desək, malik olduğumuz dəyərlər, istiqamətlər, din siyasətimiz və dinin təhlükəsizliyini təmin etmək üçün hansı addımlar atmalıyıq kimi məsələlər fikrimcə, konsepsiyada öz əksini tapmalıdır". Geri qayıt |