Əsas Səhifə > Partiya, Güney Press > “Bu kampaniyanı aparanların özlərinə hörmətləri varsa, bir daha bu mövzuya qayıtmayacaqlar”
“Bu kampaniyanı aparanların özlərinə hörmətləri varsa, bir daha bu mövzuya qayıtmayacaqlar”15-10-2021, 09:35 |
Beynəlxalq münasibətlər üzrə ekspert, deputat Elman Nəsirov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti həmin müsahibədə açıq danışıb və məsələlərin mahiyyətində dayanan məqamları olduğu kimi bəyan edib: “Müharibənin Azərbaycanın qələbəsi ilə başa çatmasından sonra ölkəmizə, onun liderinə qarşı böhtan kampaniyasının başlayacağı gözlənilən idi. Azərbaycan Prezidenti İlham Əliyev bu kampaniyanın nə üçün həyata keçirildiyini də çox dəqiqliklə ifadə edib. Qarayaxma kampaniyasının miqyasının çox böyük olacağı proqnozlaşdırılan idi. Çünki Azərbaycan çox böyük miqyaslı qələbəyə nail olub və bu qələbəni həzm edə bilməyən qüvvələr var. Ermənipərəst qüvvələr Ermənistanı kapitulyasiya aktını qəbul etməyə məcbur eləyən Azərbaycanı nəyin bahasına olur-olsun qaralamaq, nüfuzdan salmaq üçün qarayaxma kapmaniyası başladıblar. ”Pandora sənədləri" deyilən məsələ də eyni kampaniyanın tərkib hissəsidir. Prezident İlham Əliyev çox tutarlı faktlar və arqumentlərlə anti-Azərbaycan dairələrinin yanaşmalarını, böhtan kampaniyasını alt-üst elədi. Bu kampaniyanı aparanların özlərinə azca da olsa hörmətləri varsa, bir daha bu mövzuya qayıtmayacaqlar. Bəzi bizim siyasi əleyhdarlarımız söyləyirdilər ki, İlham Əliyev niyə yerli mətbuata, Azərbaycan ictimaiyyətinə bu haqda məlumat vermədi, xarici mətbuata bu barədə danışdı. Birincisi, Azərbaycan xalqı, Azərbaycan ictimaiyyəti öz liderini çox gözəl tanıyır. Azərbaycan ictimaiyyəti onsuz da yaxşı bilir ki, o bədnam kampaniya nə üçündür və yazılanlar böhtandır. Ona görə də öz xalqına, öz mətbuatına bu məsələlər barədə xüsusi açıqlamalar, şərh verməyə lüzum yox idi. Prezident İlham Əliyev öz adını tarixi zəfəri ilə Azərbaycanın tarixinə yazıb, xalq İlham Əliyevə inanır. Belə olan vəziyyətdə mətbuata, xalqa bu məsələlərlə bağlı nəyisə izah etməyə zərurət yoxdur. İtaliya qəzeti beynəlxalq aləmdə tanınır və o qəzetə verilən müsahibə, orada verilən həmin açıqlamalar əslində Azərbaycan ictimaiyyəti üçün alınmış müsahibə deyil. Bu, beynəlxalq ictimaiyyətin məhz o kəsimi üçündür ki, o kəsim daha çox Qərb siyasi dairələrini təşkil edir və həmin dairələr öz mahiyyətləri etibarilə ermənipərəstdir". Deputatın sözlərinə görə, Prezident o cür dairələrə sübut etdi ki, böhtanla məşğul olurlar və kampaniyalarının arxasında hansı məqamlar dayanır: “İndi baxıram, ”sapı özümüzdən olan baltalar" Avropa paytaxtlarında əyləşib cənab Prezidentin bu müsahibəsindəki məlum açıqlamalarından ayrı-ayrı sözləri götürüb onu öz aşağı səviyyələrinə uyğun təhrif edirlər. Normal orta təhsili belə olmayan o cür “azərbaycanlılar”dan bundan artığını da gözləmirdik. Bu həm də onu göstərir ki, biz hər zaman ayıq-sayıq olmalıyıq. Hansı böyük nailiyyətlərə imza atırıqsa, onun arxasınca bizə böyük hücumlar olacağını bilməliyik və daha monolit birləşməliyik. Bundan sonra Azərbaycanın böyük uğurları olduqca, qarayaxma kampaniyası, hücumlar da olacaq. Bunu indidən bilmək lazımdır. Anti-Azərbaycan siyasi dairələr ölkəmizin güclənməsindən çox narahatdırlar. Azərbaycana qarşı satqın bir sıra azərbaycanlıların da olduğu bir şəbəkə fəaliyyət göstərir. Bu şəbəkə hər fürsətdə Azərbaycanı, onun liderini hədəf alır”. Geri qayıt |