Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistanın əsas məqsədi odur ki, atışmaları Azərbaycan tərəfinin üzərinə atsın"
"Ermənistanın əsas məqsədi odur ki, atışmaları Azərbaycan tərəfinin üzərinə atsın"16-10-2021, 08:56 |
Son vaxtlar Ermənistan ordusunda intihar və qəsdən törədilən ölüm halları kəskin artıb. Düşmən ordusundakı nizamsızlıq, hərc-mərclik çox vaxt qətllərə, qeyri-insani hərəkətlərə gətirib çıxarır. Oktyabrın 14-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri arasında atışmanın baş verməsi qeyd etdiyimiz faktların təsdiqidir. Əvvəlcə qarşı tərəfin bir neçə sərxoş silahlısı digər yoldaşları ilə əlbəyaxa davaya çıxıb. Sonra onların olduqları yerdə partlayış müşahidə edilib. Qeyd edək ki, atışma nəticəsində qarşı tərəfdən ölən və yaralananlar olub. Şübhəsiz ki, erməni ordusundakı qanlı cinayətlər birdən-birə ortaya çıxmır. Bəs, bu cür hadisələrin baş vermə səbəbləri nələrdir? Məsələ ilə bağlı politoloq Elman Vəliyev "Şərq"ə açıqlamasında bildirib ki, ümumiyyətlə, Ermənistan ordusunda sabit bir nizam yoxdur. Politoloq vurğulayıb ki, bu, Paşinyana qarşı ordunun çevriliş cəhdində də aydın göründü: "Qeyd edim ki, orduya rəhbərlik edən yüksək rütbəlilərin bəziləri "Qarabağ klanı"nın adamlarıdır. Çevriliş cəhdindən sonra Paşinyan onların bir neçəsinin qələmini qırdı. Lakin bunun hələ də közü qalmaqdadır". E.Vəliyev qeyd edib ki, bu atışmalar çox zaman məqsədyönlü şəkildə edilir: "Ermənistanın əsas məqsədi odur ki, atışmaları Azərbaycan tərəfinin üzərinə atsın. Bu cür məqsədyönlü təxribatlar Ermənistan tərəfinin ən çox istifadə etdiyi hiylədir. Çünki o, atəşkəsi pozaraq və təxribatlar törədərək, guya, bunu edənin Azərbaycan tərəfi olduğunu Həm Rusiya, həm də digər dövlətlərə göstərməyə çalışır. Yəni bu, Ermənistanın istifadə etdiyi üsullardan biridir". Geri qayıt |