Əsas Səhifə > Partiya, Güney Press > “Parlamentdə hərc-mərclik yaranmışdı”
“Parlamentdə hərc-mərclik yaranmışdı”18-10-2021, 08:50 |
Bu gün Azərbaycanda Müstəqilliyin bərpası günü qeyd olunur. 1991-ci il oktyabrın 18-də keçmiş Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktını qəbul edib. Həmin vaxt Müstəqillik Aktına imza atanlardan biri- sabiq deputat Ələkbər Həmzəyev təəssüratlarını Modern.az-la bölüşüb. Sabiq deputat xatırladıb ki, 1918-ci ilin 28 may tarixində Azərbaycanın görkəmli ziyalıları dövlət müstəqilliyimizi elan edərək, dünya parlamentlərinə bəyan etdilər: “Təəssüf ki, müstəqilliyimiz 23 gün yaşadı. Buna baxmayaraq, Azərbaycanın səpdiyi toxum nə zamansa öz cücərtilərini verməli idi. Ona görə də 1988-89-cu illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəi, Azərbaycan xalqının öz doğma torpaqlarından didərgin düşməsi, ardınca 20 Yanvar hadisələri xalqımızın səbr kasasını daşdırdı, soydaşlarımız ayağa qalxaraq yenidən öz müstəqilliyini tələb etdi. Azərbaycan xalqı Sovet İmperiyasının tərkibindən çıxmağı, müstəqil olmaq haqqında öz tələblərini irəli sürdü. Bakıda, Sumqayıtda, Lənkəranda və digər şəhərlərdə milyonlarla insan Azərbaycanın müstəqlliyini tələb edirdi. Bu zaman Azərbaycan parlamenti məsələyə biganə qala bilməzdi. 1991-ci ilin oktybarında Azərbaycan parlamentindəki Demokratik blokunun fəallığı və bizim dəstəyimiz nəticəsində “Azərbaycanın Müstəqlliyi haqqında” Konstitusiya Aktı qəbul edildi. Həmin Konstitusiya aktına imza atanlardan biri də mən olmuşam”. Ələkbər Həmzəyev onu da vurğulayıb ki, Müstəqllik Aktına imza atan deputatlar arasında ən gənci olub: “Həmin vaxt 39 yaşım vardı. Müstəqillik Aktının qəbul edilməsi zamanı Azərbaycan parlamentində müstəqilliyimizə etiraz edən, ona maneçilik törədən qüvvələr də vardı. Yəni çoxları ya tərrəddüd edir, ya da, müstəqlliyimizi qəbul etmək istəmirdilər. Amma səs çoxluğu ilə dövlət müstəqilliyimiz haqqında Konstitusiya Aktı qəbul edildi”. Sabiq deputat o dövrün çox mürəkkəb və ziddiyyətli dövr olduğunu qeyd edib: “Azərbaycan parlamentində böyük hərc-mərclik yaranmışdı. Böyük qruplar buna mane olmağa çalışırdı. Xalq ayağa qalxaraq bizim böyük liderimiz olan rəhmətlik Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Heydər Əliyev hakimiyyətə gələndən sonra müstəqillik haqqında ilk sözü belə oldu: Müstəqilliyi qazanmaq, onu elan etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq ondan da çətindir. Heydər Əliyevin böyük həyat təcrübəsi imkan verdi ki, müstəqlliyimizi qoruyub saxlaya bilək. Şükürlər olsun ki bu gün də qoruyub saxlayırıq. Bu gün müstəqil Azərbaycan heç bir dövlətdən asılı deyil. Müstəqilliyimizin bərpasının 30 illiyini böyük qürur və sevgi hissi ilə qarşılayıram”. Qeyd edək ki, Ələkbər Həmzəyev 1990-1995-ci illərdə Azərbaycan SSR Ali Sovetinin deputatı olub. Daha sonra Astara rayon İcra hakimiyyəti başçısının Astara şəhəri üzrə nümayəndəsi, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinin direktoru, rayon Ekologiya idarəsinin rəisi, Dövlət Məşğulluq Mərkəzinin Astara rayon şöbəsinin müdiri vəzifələrində çalışıb. Sabiq deputat hazırda Astarada yaşayır. Geri qayıt |