Əsas Səhifə > Partiya, Güney Press > “Bu müstəqilliyi bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik...”

“Bu müstəqilliyi bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik...”


18-10-2021, 11:53
“Bu müstəqilliyi bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik...”
“Hesab edirəm ki, müstəqillik bütün dünya xalqlarının ən böyük arzularındandır. Dünyada mövcud olan üç min xalqdan iki yüzünün dövləti var və biz o xoşbəxt xalqların içərisindəyik. Bu müstəqillik günündə bizim üçün vacib olan odur ki, bu gün Azərbaycan dünyanın müstəqil, öz suveren hüquqları olan dövlətdir, beynəlxalq hüququn subyektidir, ən nüfuzlu beynəlxalq təşkilatların üzvüdür, regionda söz sahibidir”

Bunu Moderator.az-a açıqlamasında professor Qulu Məhərrəmli 18 oktyabr dövlət müstəqilliyimizin bərpası günü haqda danışarkən deyib. Q.Məhərrəmli 44 günlük Vətən müharibəsindən sonra isə dövlətimizə qarşı dünya ölkələrinin marağının artdığını bildirib:

“Xüsusən ötən ilki 44 günlük Vətən savaşından sonra dünyada Azərbaycanın özünə maraq xeyli artıb. Ona görə ki, öz ərazi bütövlüyünü təmin etməyi bacaran, işğalda olan torpaqlarını azad edə bilən və bunun üçün böyük hərbi məharət göstərən bir ölkənin, dövlətin hər halda dünyanın diqqət mərkəzində olması təbiidir.

Düzdü, bu gün Azərbaycan dünyada daha çox neft və qaz ixracatçısı kimi tanınır. Amma onun qədim mədəniyyəti, zəngin tarixi abidələri, görkəmli insanları Azərbaycanı dünyada layiqincə təmsil edir. Bu müstəqillik günündə indi son bir ayda müxtəlif söhbətlər gəzir. Milli Məclis 28 may Respublika gününün adını dəyişdirib müstəqillik günü, 18 oktyabrı isə müstəqilliyin bərpası günü etdi. Mənim yanaşmam belədir ki, adın necə səsləndirilməsindən və necə yazılmasından asılı olmayaraq bu müstəqilliyi, cümhuriyyəti, respublikanı bizə bəxş etmiş o tarixi şəxsiyyətlərin, qurucu babalarımızın xatirəsini yad etməliyik. Biz müstəqilliyi sözün həqiqi mənasında duymalıyıq. Bunun üçün də o qurucu babalarımızın xatirəsi əbədiləşdirilməlidir, o adamların ev muzeyləri yaradılmalıdır. Düşüncəmə görə onların Bakıda və başqa rayonlarda abidələri qoyulmalıdır. Onlar üçün Bakıda panteon tikilməlidir, çünki hərəsi bir ölkədə qətlə yetirilib, çoxunun məzarları Azərbaycanda yoxdur. Ona görə də onların xatirəsini əbədiləşdirmək haqqında düşünmək lazımdır. Addan artıq əməli işə keçmək lazımdır ki, müstəqillik ideyası beyinlərdə, şüurlarda maddiləşsin.

Hesab edirəm ki, müstəqillik uğrunda mübarizəyə rəhbərlik etmiş Məmməd Əmin Rəsulzadənin şəxsiyyətinə qarşı qısqanclıq aradan qaldırılmalıdır. Çünki M.Ə.Rəsulzadə bütün varlığını, həyatını, ailəsini müstəqillik yolunda qurban verib. Cümhuriyyət yıxılandan, süqut edəndən sonra bu müstəqilliyin tanınması, onun dəyərlərinin yaşaması üçün çox qiymətli işlər görüb. Təəssüf ki, yeni nəsil bu barədə kifayət qədər bilgiyə malik deyil. Bakı Dövlət Universitetinə M.Ə.Rəsulzadənin adı qaytarılmalıdır. Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski kimi tarixi şəxsiyyətlərimiz layiq olduqları qiymətlərini almalıdırlar. Bunlar bizim çox böyük hərbi sərkərdələrimiz olublar, cümhuriyyət uğrunda çalışıblar, vuruşublar. Hesab edirəm ki, 11-ci Qızıl Ordunun Azərbaycana hücumu zamanı onların qarşısını kəsmiş, iki saat döyüş aparmış Milli Ordunun 350 nəfərdən ibarət qarnizonu olub və onların xatirəsi o döyüş yerində əbədiləşdirilməlidir. Yəni indiki nəsil bilməlidir ki, müstəqillik onlara heç də boşqabda hazır şəkildə gətirilməyib. Bu müstəqillik uğrunda vuruşanlar, canlarını fəda edənlər, həyatını qurban edənlər olub. Ona görə də biz o müstəqilliyi yaradanların, cümhuriyyəti quranların xatirəsini daim əziz tutmalıyıq, əməlimizdə, işimizdə cümhuriyyət dəyərlərini əsas götürməliyik”.


Geri qayıt