Əsas Səhifə > Partiya, Güney Press > “Prezident İlham Əliyevin sərəncamını alqışlayır, hökuməti ciddi işlər görməyə çağırıram”
“Prezident İlham Əliyevin sərəncamını alqışlayır, hökuməti ciddi işlər görməyə çağırıram”18-10-2021, 12:27 |
“Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 16 oktyabr 2021-ci l tarixli sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edəcək”. Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib. T. Kərimli deyib ki, dünya iqtisadiyyatında bərpa meyllərinin güclənməsi müşahidə olunmaqdadır. Lakin dünya miqyasında iqtisadi fəallığın bərpası və məcmu tələbin artması templərinin vaxtilə dayandırılmış istehsal, nəqliyyat-logistika və təchizat güclərinin iqtisadi dövriyyəyə qaytarılması sürətini xeyli üstələməsi beynəlxalq bazarlarda bir çox əmtəələrin qiymətlərinin əhəmiyyətli dərəcədə qalxmasını şərtləndirərək yeni çağırışlar yaradıb. Bu vəziyyət ölkəmizə idxal olunan əmtəələrin, o cümlədən bir sıra ərzaq məhsullarının qiymətlərinin artımına səbəb olur və nəticə etibarilə sosial baxımdan ən həssas əhali qruplarının rifah halına mənfi təsir göstərir: “Prezident məhz beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin ölkə əhalisinə, xüsusilə həssas əhali qruplarına mənfi fəsadlarını yumşaltmaq və əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə belə bir sərəncam verib. Sərəncama əsasən Nazirlər Kabineti əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Həmin təkliflərin hazırlanmasına artıq başlanıb. Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə paralel olaraq maaşların yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından ciddi addımdır, dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının durduğunu nümayiş etdirən amildir”. Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini qeyd edib ki, Nazirlər Kabineti qısa müddətdə təklifləri hazırlayıb təqdim etməlidir: “Bu təkliflər əməkhaqqı, pensiya və müavinətlərin büdcənin imkanları daxilində mümkün qədər artırılmasını təmin etməlidir. Büdcədə bunun üçün mənbələr aşkarlamalıdır”. T. Kərimli paralel olaraq iqtisadiyyatda hələ də müəyyən qədər qalmaqda olan kölgə iqtisadiyyatına, inhisarçılığa qarşı mübarizənin gücləndirilməsini, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafı istiqamətində ardıcıl addımların atılmasını vacib sayıb: “Prezident İlham Əliyev sərəncamında hökumətin üzərinə bu mühüm vəzifəni qoyur. Çox şadam ki, Milli Məclisdə qaldırılan bu kimi məsələlərə Prezident İlham Əliyev həssaslıqla yanaşır. Parlamentdə bu məsələlər dəfələrlə qaldırılıb. Əhalinin rifah halını yaxşılaşdırmaq çox vacibdir. Ona görə də Prezident İlham Əliyevin bu sərəncamını alqışlayıram və hökuməti bu istiqamətdə ciddi işlər görməyə çağırıram”. Geri qayıt |