Əsas Səhifə > Partiya, Güney Press > "İqtisadi inkişaf siravi vətəndaşların cibinə girmək yolu ilə həyata keçirilmir"

"İqtisadi inkişaf siravi vətəndaşların cibinə girmək yolu ilə həyata keçirilmir"


20-10-2021, 11:12
"İqtisadi inkişaf siravi vətəndaşların cibinə girmək yolu ilə həyata keçirilmir"
“Azərbaycanın Qarabağda gördüyü gözəl işlər var. Bu cür addımlar həmin işlərə kölgə salır”.

Bunu qiymət artımını Qarabağın bərpası ilə əlaqələndirən, xalqın dövlətə dəstək verməli olduğunu deyənlərə cavab olaraq Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Yenicag.az-a açıqlamasında deyib.

Elşad Musayev bildirib ki, qiymət artımı Azərbaycan hökumətinin iqtisadi islahat adı altında apardığı yarıtmaz siyasətinin məntiqi davamıdır:

“Ölkədə iqtisadi inkişaf yoxdur. Bunun nəticəsində itkilərin yerini doldurmaq üçün bütün yük sıravi Azərbaycan vətəndaşlarının üstünə düşür. Hakimiyyət nümayəndələri, hökumət təmsilçiləri buna müxtəlif don geydirmək istəyirlər. Deyirlər ki, dünya bazarında qaz bahalaşıb. Biz satırıq da o qazı dünyaya. Bizdə ucuz olmalıdır. Bəhanə gətirirlər ki, modernləşdirilir. Azərbaycanda modernləşmə adında heç nə yoxdur. Başqa bəhanə gətirirlər ki, abonentlərin sayı artıb. Dünyanın hər yerində alıcı sayı çoxalırsa, qiymət aşağı düşür. Bunlar bəhanədir. Baş nazir Əli Əsədov da demək olar ki, iki ildir hökumətə rəhbərlik edir. Bu şəxsin apardığı iqtisadi siyasətlə Artur Rəsizadənin apardığı iqtisadi siyasət arasında heç bir fərq olmayıb. Əksinə getdikcə geriləmə var. Dünyanın heç bir yerində iqtisadi inkişafı bahalaşma yolu ilə, siravi vətəndaşların cibinə girmək yolu ilə həyata keçirmirlər. Qiyməti qaldırmaq üçün ağıllı olmağa, xaricdə təhsil almağa, gənc olmağa ehtiyac yoxdur. İstənilən axmaq da qiyməti qaldıra bilər. Bu komanda işinin öhdəsindən gələ bilmir”.

Partiya sədri qeyd edib ki, “Dünyanın inkişaf etmiş ölkələri xalqlarına azadlıq verənlərdir. Azad iqtisadiyyatı, azad seçkisi, azad məhkəməsi olan xalq inkişaf etmiş olur. Ziyanla işləyən dövlət şirkətlərinin hamısının rəhbərliyi cəzalandırılmalıdır. Bütün bunlar ölkədə sosial gərginlik yaradır.

Ölkənin siyasi təşkilatları ərazi bütövlüyü, Qarabağ məsələsi, xarici basqılarda daim dövlətçi mövqedə dururuq. Yeri gələndə hakimiyyətə dəstək veririk. Ölkədə bahalaşma olacaqsa, siyasi çalxantılar bizim insanların dərisi, qanı hesabına olacaqsa, bu bizim qırmızı xəttimizdir və heç kimə güzəştə getməyəcəyik”.

Geri qayıt