Əsas Səhifə > Partiya, Güney Press > "Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil"
"Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil"4-11-2021, 10:57 |
Milli Məclisdə Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. Layihə Milli Məclisin 5 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılacaq. Akt böyük ölçüdə qəbul olunacaq. Amnistiya Aktı ölkədə nələri dəyişdirəcək? Hazırda əsas sual budur. Əslində aktın kimlərə şamil olunacağı sənəddən bəllidir: daha çox müharibə iştirakçıları və onların yaxın qohumları, yaşı 60-dan çox olan şəxslərə şamil olunacaq. Bəs məşhur dustaqlardan kimlər bunun təsiri altına düşəcək? Sabiq MTN-çilər, dindarlar, OMON-çular, müxalifətçilər - bunlardan hansı göstərilən amnistiya kriteriyalarına cavab verir? Qeyd edək ki, bəzi müxalifətçilər, aktivistlər bu layihəni gözdən salmağa çalışırlar. Amnistiyanın “qızıl” olmadığını deyirlər. Azərbaycanda siyasi quruluşu dəyişdirməyə çağıran, İranın agentura şəbəkəsinin üzvü olan şəxsləri müdafiə etməklə və onlara siyasi məhbus emblemi yapışdırmaqla məşğuldurlar. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, Əfv Komissiyasının üzvü Zahid Oruc Amnistiya Aktı barədə müzakirələri “Yeni Müsavat”da bu cür şərh etdi: “Komitədə bu məsələ müzakirə olunarkən hamı tərəfindən vurğulanan ən mühüm tezis haqlı olaraq ondan ibarət idi ki, bu, Azərbaycanın müstəqillik tarixində bənzəri olmayan böyük Zəfər aktıdır. İndiyə qədərki dövrdə 11 dəfə həyata keçirilmiş amnistiya aktından bu akt tamam fərqlənir. Öncəliklə çox önəmli bir tarixçəyə malikdir. Doğrudur, hər bir amnistiya aktı çox mühüm olub, bu qərarlar nəticəsində çoxlu sayda insanlar azadlığına qovuşub. Bir sözlə, on minlərlə insan bu aktlardan faydalanıb. Eyni zamanda dövlətlə vətəndaş arasındakı münasibətlərə bu çox müsbət təsir edib, humanizm duyğularını gücləndirib. Hazırkı dövrdə isə ən mühüm məsələ bunun qalib bir dövlət, lider tərəfindən həyata keçirilməsidir. İki ay idi ki, müvafiq qurumların nümayəndələri bu akt üzərində işləyirdilər. Bu səbəbdən zəfərimizin nəticəsi olaraq, azadlıqdan məhrum edilmiş müəyyən kateqoriyanın insanları barədə belə bir akt cənab Prezidentin təşəbbüsü ilə irəli sürülüb. Bunu doğuran səbəblər çoxdur. Bu ilin fevral ayında başlayan müzakirələr nəhayət martın 18-də əfv qərarı ilə müşayiət olunmuşdu. Bir il tamam olmamış indi də belə bir addımın atılması ayrıca vurğulanmalı cəhətdir. Mətbuatda yayılan sənəddə bu aktın kimlərə şamil olunacağı vurğulanıb. İctimai təhlükəli olmayan əməllər üzrə cinayət törətmiş şəxslərə şamil ediləcək. Cəzaların qalma müddətinə də diqqət ayrılır. Müharibəyə birbaşa bağlı olan şəxslər də, onların yaxınları da burada nəzərdə tutulur. Bərdə, Gəncə və Tərtərə atılan raket nəticəsində ya şəhid olmuş, ya da sağlamlığından məhrum olmuş insanlar da burada diqqətdən kənarda qalmayıb. Burada da bəllidir ki, hansı kateqoriyadan olanlar nəzərdə tutulur. Ağır cinayətlər, dövlət əleyhinə aid olan cinayətlər burada nəzərdə tutula bilməz. Ağır cinayət törədən şəxslər əfv və amnistiya yolu ilə qısa zamanda azadlığa çıxarsa, bu siyasi, ictimai, kriminal mühitə müsbət təsir edə bilməz. Amnistiyanın bir hissəsi də onun icrası ilə bağlıdır. Onun icrası 4 aya yaxın zaman çəkəcək. Bu da başadüşüləndir. Çünki həmin insanların dairəsini müəyyən etmək bir müddət zaman alacaq. Amma müəyyən olunub ki, bu akt 16 min məhbusu əhatə edəcək. Əhalinin sayına görə məhbusların olduğu ölkələr sırasında 56-cı yerdəyik. Əslində bu, yaxşı göstərici sayılır. Bu fikirlərimi də deməyi borc bilirəm. Bilirsiniz ki, bir neçə ay bundan öncə qəhrəman döyüşçülərimizdən birinin 2020-ci ilin əvvəllərində həyatında etdiyi müəyyən bir əməl, cinayət məsuliyyəti yaradan bir səhv nəticəsində Vətən müharibəsindən sonra onun haqqında proseslər yaşanmağa başladı. Hüququ izahat zamanı bu məsələ media məkanına çıxdı. Məsələ cinayət törətmiş şəxsə qarşı deyil, o hadisəni xatırlatmaq istəmirəm, çünki döyüşçülərimizlə bağlı ancaq müsbət danışmalıyıq-qaziyə, döyüşçümüzə qarşı məhkəmə müstəvisi kimi forma aldı. Sosial şəbəkələrdən, media məkanından heç də ictimaiyyətə müsbət siqnallar getmədi. Bu, özü-özlüyündə ordu əleyhinə də təşviqata çevrildi. Məkrli dairələr bundan yararlanmağa çalışdılar. Dövlətin qalibiyyətimizin bir illiyində belə bir addım atması hər kəs tərəfindən müsbət qəbul edilir. Ümidvarıq ki, noyabrın 5-də ”Amnistiya aktı" qəbul ediləcək. Bundan sonra Zəfər bayramımızdan öncədən onun icrasına başlanılacaq". Deputat bəzi aktivistlərin, müxalif fəalların, bir sıra partiya funksionerlərinin bu aktın “qızıl” olmadığı barədə dediklərinə də cavab verdi: “Məhbuslar siyasi kateqoriya baxımından bölünürsə, bu, hüquqi meyar deyil. Yaxşı bilirik ki, hər hansı bir cinayət törətmiş şəxs partiya vəsiqəsi daşıyırsa, o, daha çox himayə olunur, xarici dairələrin bu məsələ daimi gündəmini təşkil edir. Əksər hallarda bu, dövlət əleyhinə bir təzyiq alətinə çevrilir. Belə məsələlərdən istifadə etməyə çalışan məlum qüvvələrdən hökmən soruşmaq lazımdır ki, azadlığa çıxan minlərlə insanın doğrudan da haqları, həyatı, vətəndaş azadlığı, konstitusion hüquqları onlar üçün heçdir? Məhbusları fərqləndirəndə doğrudan da anlamırlar ki, insanların üzərinə bu formada getmək olmaz? Şükürlər olsun ki, müxalif qüvvələrin əfv vermək, yaxud amnistiya aktı qəbul etmək səlahiyyətləri yoxdur. Onlar kimdirlər ki, kimin günahsız, yaxud günahkar olduğunu müəyyən etsinlər? Ədalət birtərəfli tələb oluna bilməz. Amnistiya kateqoriyalarına düşənlər arasında müxalifətçilər olacaqsa, onlar da azad ediləcəklər. Zatən kimləri əhatə edəcəyi məlumdur. Amnistiya hüquqi maddələrə söykənir. Məgər bu maddələr iqtidar və müxalifət arasında bölünüb? Kim uyğun gələcəksə, azadlığını gözləsin, hökmən azad olunacaq”. Geri qayıt |