Əsas Səhifə > Partiya, Güney Press > “Təəssüf edirəm ki, onun yeni sürücüsü də Azərbaycan dilini pis bilir”
“Təəssüf edirəm ki, onun yeni sürücüsü də Azərbaycan dilini pis bilir”6-11-2021, 09:14 |
Deputat Cavanşir Paşazadə yenə də yazdığı statusla gündəmə gəlib. Millət vəkilinin feysbuk hesabı üzərindən paylaşdığı statusunda yol verdiyi səhvlər böyük müzakirələrə səbəb olub. İctimaiyyət onu növbəti dəfə bu paylaşıma görə məsxərəyə qoyub. İnsanlar millət vəkilinin bu cür səhvlərə yol verməsini “rəzalət” adlandırırlar. Daha əvvəl o, səhifəsində səhvlərlə dolu statusun sürücüsü tərəfindən yazıldığını və onu işdən çıxardığını iddia etmişdi. “Deputatın yanında onun üçün yazı yazacaq bir savadlı adam yoxdurmu?” deyə sual edənlər də var. Hələ ittiham edənlər arasında Milli Məclis, Mərkəzi Seçki Komissiyasını da qınayanlar az deyil. “Necə olur ki, deputatlardan bir sıra arayışlar tələb olunur, bir sözü yazmaq bacarığı öyrənilmir” deyə müxtəlif suallar verilməkdədir... Ümumiyyətlə, millət vəkillərinin elementar savadları da yoxlanılmalıdırmı? Nəzərə alaq ki, deputatlar əksər vaxtlarda məktublara, gələn müraciətlərə cavab verirlər. Bəs, normal qaydada yazmaq, oxumaq qabiliyyəti olmayan deputat seçicinin məktubuna necə cavab verir? Yaxud hansısa nazirə seçildiyi ərazinin problemləri ilə bağlı məktubu necə yazıb yollayır? Bakı Dövlət Universitetinin professoru, “AZLEKS” elektron lüğətlər toplusunun baş redaktoru Qulu Məhərrəmli mövzunu “Yeni Müsavat”a belə şərh edib: “Mən təəssüf edirəm ki, Cavanşir Paşazadənin işə götürdüyü yeni sürücüsü də Azərbaycan dilini pis bilir və belə statuslar yazanda yanlışlıqlara yol verir... Buna ancaq təəssüflənmək olar. Ümumiyyətlə, bizim istər deputat olsun, istər başqa ictimai xadimlərimiz olsun, onlar yazılarında, statuslarında, ictimai çıxışlarında Azərbaycan dili ilə bağlı çox ehtiyatlı və həssas olmalıdırlar. Dili yaxşı bilməlidirlər, dilə hörmət etməlidirlər. Çünki bu dil millətin varlığıdır. Onun mənliyinin, intellektinin ifadəsidir. Ona görə buna çox həssas yanaşmaq lazımdır. Deputatlar, xüsusən bu işlərə diqqət yetirməlidirlər. Ən azı Azərbaycanın dövlət dili haqqında qanuna hörmət etmək lazımdır. Bəzi ölkələrdə, o cümlədən Ukraynada dil attestasiyaları keçirilir. Məsələn, mən onu dəqiq bilirəm ki, Ukrayna ali təhsil sistemində məktəblərdə hər il Ukrayna dilinin necə mənimsənilməsini öyrənirlər, bununla bağlı attestasiyalar keçirilir. Çox qürurlanıram ki, o komissiyanın da rəhbəri azərbaycanlıdır. Bizdə də hesab edirəm ki, ana dili ilə bağlı davamlı yoxlamalar, dilin öyrənilməsi səviyyəsinin yoxlanılması aparılmalıdır. Bizim müxtəlif peşə sahibləri, xüsusən vəzifə tutanlar, məmurlar üçün belə bir attestasiyanın olması çox önəmlidir. Deputatlar üçün belə bir attestasiyanın olması çox önəmlidir ki, onlar bu dili yaxşı öyrənsinlər. Bu dildə yaxşı yazsınlar, yaxşı danışsınlar, yəni onlar bu dilə hörməti cəmiyyətə təlqin etməlidirlər. Yoxsa bu cür səviyyəsiz olaylarla Azərbaycan dilinə hörmətsizlikdən başqa heç nə etmirlər. Buna yalnız təəssüflənmək olur. Amma məncə, tələbkarlığı artırmaq vacibdir”. Mövzu ilə bağlı Mərkəzi Seçki Komissyanın (MSK) katibi Mikayıl Rəhimov da “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Deputat səs almalıdır, namizəd olmalıdır, səs toplamalıdır, MSK ona mandat verməlidir. Qalanı isə deputatın fəaliyyəti ilə bağlı məsələdir. Hörmətli Cavanşir Paşazadə o prosedurları keçib. Seçicidən səsi alıb, deputat olmaq istəyib, mandatı da alıb. Deputat fəaliyyəti ilə bağlı, onun hərəkətlərinə qiymət verən Milli Məclis, onun seçiciləri və oxucu auditoriyasıdır. Biz ona nə deyə bilərik? Onun fəaliyyətində hansısa nöqsanlar varsa, ona qiymət verəcək orqan da Parlamentdir. Ümumiyyətlə, Seçki Komissiyası olaraq bununla bağlı münasibət bildirməyimiz düzgün olmaz. Biz protokolları müzakirə edirik, qərar qəbul edirik. Deputat olandan sonra da bizim onlarla işgüzar əlaqələrimiz olmur. Əgər deputatla bağlı hansısa problem varsa, parlamentdə onun mandatlığının alınması ilə bağlı məsələ qaldırıla bilər”. Məsələ ilə bağlı millət vəkili Cavanşir Paşazadənin özü ilə də əlaqə saxladıq. O, “Yeni Müsavat”a açıqlamasında haqqında deyilənlərlə bağlı iradlarını bildirdi: “Bu, sadəcə hərfi səhvdir. Qoy nə qədər danışırlar, danışsınlar. Mən də öz bildiyimi edəcəyəm. Hər gün status qoyacağam. Bu sadəcə mənə sataşmaqdır. Mən ədəbiyyat imtahanına getməmişəm ki? Mən fikrimi bildirirəm. Vergülü yerində qoymadım, bunu böyük, ya kiçik hərflə yazdım... Bunu sadəcə sataşmaq üçün edirlər, müzakirə etməyə başlayırlar. Mən iyirmi ildir belə yazıram, təzə çıxdı ki, yaza bilmirəm. Boş söhbətlərdir. Mən heç buna cavab da vermək istəmirəm. Əhəmiyyət də vermirəm. Öz işimi görəcəyəm, görürəm də. Onları heç görmürəm də. Onlar istəyirlər ki, millət vəkilləri bu fikirləri yazmasınlar, saytlarda olmasınlar, dövləti dəstəkləməsinlər. Onlar öz bildiyində, mən də öz bildiyimdə”. Deputat, insanların “Azərbaycan sözünü yaza bilməyən necə millət vəkili ola bilər” kimi suallarına belə cavab verib: “Bununla bağlı demişəm, gah avtomobildə yazıram, gah da yeriyə-yeriyə bir-birimizə mesajlar yazırıq. Bu gün qəzetlərə baxsaq, nə qədər texniki səhvlər var. Əgər mən bilsəm, imtahana girirəm, onda, əlbəttə, özümü yığışdıracam. Necə yazmışamsa, bundan sonra da elə yazacağam!”. Yada salaq ki, millət vəkili Cavanşir Paşazadə yenidən “Facebook” hesabındakı paylaşımında kobud orfoqrafik səhvlərə yol verib. O, paylaşımında “Millət vəkili” sözünü “Millət Vəkili”, “müraciətlərin” sözünü “müraciyyətlərin”, “torpaqlarımızın” əvəzinə “torpağlarımızın” kimi qeyd edib. Bu səhvləri ilə deputat Azərbaycan dilinin ən bəsit orfoqrafik normalarından belə xəbərsiz olduğunu nümayiş etdirib. Deputatın paylaşımı yenidən sosial mediada geniş müzakirələrə səbəb olub. Cavanşir Paşazadə daha sonra paylaşımını silib. Qeyd edək ki, bir neçə gün əvvəl də deputat cəmi bir cümlədən ibarət olan paylaşımında “prezident” sözünü “prizident”, “tərəfindən” əvəzinə “tərəfinnən”, “müşahidəçi” sözünü “muşahidəçi”, “Azərbaycan” sözünü “Azarbaycan” olaraq qeyd etmişdi. O, bu səhvlərə görə tənqid edilib və gülüş obyektinə çevrilib. “Yeni Müsavat” Geri qayıt |