Əsas Səhifə > Partiya, Güney Press > “Ermənistan öhdəliklərini yerinə yetirməsə pis vəziyyətə düşəcək”

“Ermənistan öhdəliklərini yerinə yetirməsə pis vəziyyətə düşəcək”


10-11-2021, 14:02
“Ermənistan öhdəliklərini yerinə yetirməsə pis vəziyyətə düşəcək”
“Bu gün üçtərəfli sazişin imzalanmasından bir il ötür. Bu saziş müharibəni dayandırdı və bölgədə status-kvo köklü şəkildə Azərbaycanın xeyrinə dəyişdi. Bəli, 10 noyabrda imzalanan üçtərəfli razılaşma ilə Ermənistan öz məğlubiyyətini etiraf etdi. Deyə bilərik ki, bu saziş faktiki olaraq Ermənistanın kapituliyasiyasıdır. Bununla Ermənistan Azərbaycanla müharibə apara bilmədiyini, qeyri-şərtsiz məğlub olması ilə razılaşdığını ortaya qoydu”.

Bu fikirləri Reyting.az-a Azərbaycanın ötən ilin sentyabrın 27-də Vətən müharibəsinə başlaması və noyabrın 10-da imzalanan üçtərəfli razılaşma ilə müharibəni qalibiyyətlə başa çatdırmasından danışarkən Milli Məclisin üzvü Asim Mollazadə deyib.

A. Mollazadə qeyd edib ki, üçtərəfli sazişin imzalanması ilə Rusiya Ermənistanı tam məhv olmaqdan xilas edib. Onun sözlərinə görə, əks təqdirdə Ermənistan daha acı məğlubiyyətə uğrayar, itkiləri daha çox olardı: “Nəticədə Ermənistan tam məhv olmamaq üçün bütün şərtləri qəbul etdi. Sözsüz ki, bu prosesdə diktə edən Azərbaycan tərəfi oldu”.

Deputat əlavə edib ki, Ermənistanın kapitulyasiyası və Azərbaycanın şərtlərini qəbul etməsi nəticəsində Azərbaycan işğal altında olan üç rayonu güllə atmadan işğaldan azad edib: “Kəlbəcər, Laçın və Ağdam rayonlarını nəzərdə tuturam. Biz döyüşlər aparmadan bu rayonları azad etməyə nail olduq. Azərbaycanın itki vermədən rayonları azad etməsinin alternativi yoxdur. Nəzərə alınmalıdır ki, hələ müharibə gedərkən Azərbaycan bəyan etmişdi ki, əgər Ermənistan tərəfi rayonları işğaldan azad etməsinə dair konkret tarixlər açıqlayarsa, bu zaman müharibə dayana bilər. Azərbaycan dediyi sözün üstündə durdu.

İndi Ermənistan üzərinə düşən digər öhdəlikləri də yerinə yetirməlidir. Söhbət ilk növbədə Zəngəzur dəhlizinin açılmasından, kommunikasiyanın bərpasından gedir. Düşünürəm ki, Ermənistan bu öhdəlikləri yerinə yetirməsə çox pis vəziyyətə düşəcək. Bu gün kommunikasiyaların açılmasında maraqlı olan Rusiya da Ermənistanı buna vadar etməlidir. Azərbaycan verdiyi bütün sözlərini tutub. İndi Ermənistan sözünü tutmalı, dəhliz açılmalıdır”.

A. Mollazadə sonda qeyd edib ki, 10 noyabr sazişi ilə Qarabağ münaqişəsi yekunlaşaraq tarixdə qalıb: “Üçtərəfli saziş əslində münaqişəyə son qoydu. Azərbaycana sülh, sabitlik və əmin-amanıq lazımdır. Torpaqlarımız azad edilib. Qalan işlər davam edir. Bu, Azərbaycanın böyük qələbəsi idi”.

Geri qayıt