Əsas Səhifə > Partiya, Güney Press > “Dəhliz oyunu da, Xankəndi məsələsi də bir müddət davam edəcək”

“Dəhliz oyunu da, Xankəndi məsələsi də bir müddət davam edəcək”


10-11-2021, 17:06
“Dəhliz oyunu da, Xankəndi məsələsi də bir müddət davam edəcək”
“Zəngəzur dəhlizinin açılmasında Ermənistan bizdən on dəfə artıq maraqlıdır. Sadəcə, Rusiya Ermənistan vasitəsilə bizimlə oyun oynayır. Özlərini elə aparırlar ki, sanki bu, Azərbaycana verilən güzəştdir. Məncə, bu bir görüntüdür. Əslinə qalsa, Rusiyanın Yaxın Şərqə çıxışı, Ermənistanın isə düşdüyü blokadadan çıxması üçün Zəngəzur dəhlizi onlara hava və su kimi lazımdır. Sadəcə olaraq belə görüntü yaradılır ki, guya bu dəhliz yalnız Azərbaycana sərf edir. Amma bu, kökündən yanlışdır”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ermənistan Baş naziri Nikol Paşinyanın ötən gün ölkəsinin İctimai Televiziyasına müsahibəsində işlətdiyi fikirləri şərh edərkən deyib.

Qeyd edək ki, Paşinyan erməni televiziyasına müsahibəsində Ordubad-Arazdəyən dəmiryolundan bəhs edib. Deyib ki, Azərbaycanın Naxçıvana və Türkiyəyə yolu açılacaq, eləcə də Ermənistan İran və Rusiyaya çıxış imkanı əldə edəcək.

ADP sədri isə bildirir ki, N. Paşinyanın bu fikirləri doğrudur: “Bu layihə gerçəkləşəcək. Sadəcə, Rusiya Zəngəzur dəhlizi ilə bağlı oyunlarını davam etdirir. Bunun açılması və ya gec açılmasını Azərbaycana güzəşt kimi təqdim etməyə cəhd göstərirlər. Ola bilsin ki, bununla da Azərbaycandan əlavə güzəştlər qoparmaq niyyətləri var. Amma reallıqda aydındır ki, dəhlizin açılması Rusiya üçün də lazımdır. Ehtimal edirəm ki, Bakı bütün bunları yaxşı bilir”.

Partiya sədrinin fikrincə, Azərbaycan öz süverenliyi üzərində möhkəm dayanacağı təqdirdə ondan güzəşt qoparmaq mümkün olmayacaq: “Sözsüz ki, hadisələrin gedişatından çox şey asılıdır. Məncə, dəhliz oyunu da, Xankəndi məsələsi də bir müddət davam edəcək”.

S. Cəlaloğlu sonda əlavə edib ki, Azərbaycanın uğur əldə etməsinin əsas yolu Pakistan və Türkiyə ilə münasibətləri daha da inkişaf etdirmək, bölgədə baş verən proseslərlə bağlı beynəlxalq ictimaiyyəti operativ məlumatlandırmaqdır.

Geri qayıt