Əsas Səhifə > Partiya, Güney Press > “ATƏT-in Minsk Qrupu öz uğursuz misiyasını başa vurub”
“ATƏT-in Minsk Qrupu öz uğursuz misiyasını başa vurub”11-11-2021, 08:20 |
Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması ilə bağlı üçtərəfli bəyanatı imzalamalarının ildönümü münasibətilə ABŞ Dövlət Departamenti Bakı və İrəvanı, ATƏT-in xətti də daxil olmaqla, münaqişə ilə bağlı bütün qalan məsələləri həll etməyə çağırıb. Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Praysın yazılı açıqlamasında bildirilir. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi zəfər əldə etməsi ilə işğal altında olan torpaqlarımız azad olunub. Bununla da faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinə yekun vurulub. Fəaliyyət göstərdiyi müddət ərzində münaqişənin həlli istiqamətində heç bir real addım atmayan ATƏT-in Minsk Qrupunun yenidən prosesə cəlbi istiqamətində çağırışlar birmənalı qarşılanmır. Bir çoxları hesab edirlər ki, illərdir torpaqlarımızın işağl altında qalmasına göz yuman beynəlxalq dairələr bununla məsələyə subyektiv yanaşdıqlarını bir daha ortaya qoyurlar. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Nəsib Məhəməliyev AYNA-ya açıqlamasında deyib ki, bu təklifi verənlər ilk növbədə ATƏT-in Minsk Qrupunun gələcək fəaliyyətinə aydınlıq gətirməlidirlər: “İlk növbədə onu qeyd edim ki, bu qurum çox bərbad fəaliyyət göstərib. Münaqişənin həlli istiqamətində heç bir real addım atmayıb. Məhz 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı işağldan azad edib. Yalnız bundan sonra münaqişə əsas etibarilə başa çatıb”. “Müharibədən sonra Minsk Qrupunun həmsədrləri ilə görüşü zamanı cənab Prezident açıq şəkildə bəyan etdi ki, onlar konkret təkliflərlə çıxış etməlidirlər. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapıb. Bundan sonra onların missiyası nədən ibarət olacaq? Bu məsələyə aydınlıq gətirə bilmirlərsə, demək, yenidən fəaliyyət göstərmələrinin də bir mənası yoxdur. Onsuz da bu qurumun uzun illik fəaliyyəti mənasız olub. Bundan sonra daha çox humanitar fəaliyyətlə məşğul ola bilirlər. Yəqin ki, belə də olacaq”, - deyə deputat bildirib. Məhəməliyevin sözlərinə görə, bəzi qüvvələr Azərbaycanın əldə etdiyi tarizi zəfərdən dolayı narahatlıq keçirirlər: “Təəssüf ki, hər fürsətdə bunu nümayiş etdirirlər. Xüsusilə Vətən müharibəsi dövründə, ondan sonra Azərbaycanla Türkiyə arasında müşahidə olunan birlik, Şuşa Bəyannaməsinin imzalanması da bu qüvvələri narahat edir”. Politoloq Samir Feyruzov da AYNA-ya şərhində söyləyib ki, ATƏT-in Minsk Qrupunu ölü doğulmuş uşaq idi, artıq çoxdan dəfn olunub: “Həmsədrlər Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün 28 il mandat daşıdılar. Ancaq münaqişənin həlli yolları daha da dalana dirəndi. Yeganə yol qalırdı - düşməni müharibə ilə sülhə məcbur etmək. Azərbaycan öz hüquqlarından istifadə edərək anti-terror əməliyyatlarına start verdi və 44 gün ərzində torpaqlarını azad etdi. ATƏT-in Minsk Qrupu 28 il ərzində heç bir iş görmədi, həmsədrlərin səfərlərinin heç bir siyasi əhəmiyyəti yox idi”. “2020-ci ilin dekabr ayında Prezident İlham Əliyev həmsədrləri qəbul edərkən ATƏT-in Minsk Qrupuna tarixi qiymətini verdi: “Hazırda bizim üçün Dağlıq Qarabağ münaqişəsi adlı məsələ yoxdur, müharibə bitib və biz azad etdiyimiz torpaqlarda öz suverenliyimizi bərpa etmişik. Bundan sonra da qoruyacağıq”. Bunun müqabilində, ABŞ-dan belə bir fikir səsləndirilməsi Ermənistan auditoriyasına hesablanmış addımdır. ABŞ bu üsulla Ermənistan siyasi elitası üzərində özünün etimad limitini artırmaq məqsədi güdür”, - politoloq vurğulayıb. Qeyd edib ki, hazırda Vaşinqton Ermənistanda özünə siyasi-iqtisadi dayaqlar yaratmaq üçün Moskva ilə ciddi nöqtələrdə üz-üzə gəlir: “Rusiya Prezidenti Putin də bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsi yoxdur. Digər tərəfdən, ABŞ-ın indiki məqamda belə bir məntiqsiz fikir səsləndirməsi Ermənistandakı qisasçı, şovinist qüvvələrin mövqeyinin gücləndirilməsinə hesablanıb. Əgər ABŞ sülh tərəfdarıdırsa, əlindəki resurslardan istifadə edərək Ermənistanın tezliklə sülh müqaviləsinə imza atmasına çalışsın”. “Əks halda uduzan yenə də başqaları olacaq. Biz artıq Qarabağı bərpa edirik, Xankəndidə yaşayan ermənilər də ağır sosial şərtlər altında yaşamaqdan beziblər. Minsk Qrupu öz funksiyasını itirib, düşünürəm ki, ABŞ, Fransa və Rusiya Ermənistanı mövcud şərtlər daxilində reallıqlara söykənən addımlar atmağa səsləməlidir. Bununla region terrorçu dövlətdən və onun himayəçilərindən də xilas olmuş olacaq. Minsk Qrupunun mövcudluğu isə bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Problemi biz özümüz həll etmişik, BMT-nin qərarlarını icra etmişik və bundan sonra atılan daşlar topuğa dəyəcək”, - deyə Feyruzov fikrini yekunlaşdırıb. Geri qayıt |