Əsas Səhifə > Partiya, Güney Press > "Majoritar seçki sistemi olan ölkələrdə belə təcrübəyə rast gəlməmişəm"

"Majoritar seçki sistemi olan ölkələrdə belə təcrübəyə rast gəlməmişəm"


13-11-2021, 08:40
"Majoritar seçki sistemi olan ölkələrdə belə təcrübəyə rast gəlməmişəm"
“Biz hökumət nümayəndələrini ayda-ildə bir dəfə görə, sual verə bilərik. Əslində, dünya ölkələrində olduğu kimi bizdə də həftədə, ayda bir dəfə “Hökumət saatı” olmalıdır”. Bunu ötən gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib. R.Nurullayev deyib ki, büdcə müzakirələrində komitədə və parlamentdə 5 dəqiqə danışmaq imkanı olur:

“Ancaq biz bütün sualları 5 dəqiqəyə verə, danışa bilmərik. Ona görə də mütləq “Hökumət saatı” olmalıdır”.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, hökumətə deputat sorğuları göndərilə bilər: “Eyni zamanda deputatlar nazirlərlə, o cümlədən Samir Şərifovla görüşə bilər. Bizim parlament ənənəmizdə “Hökumət saatı” yoxdur. Daha innovativ yollar tapıla bilər”.

Təklifə münasibət bildirən keçmiş deputat Cümşüd Nuriyev “Şərq”ə açıqlamasında bildirib ki, “Hökumət saatı”nın mexanizmi yoxdur. Ekspert qeyd edib ki, onun Azərbaycanda tətbiq olunması üçün əvvəlcə gərək onun hüquqi mexanizmi hazırlansın:

“Adətən “Hökumət saatı” o parlamentlərdə olur ki, orda majoritar seçki olmasın, yəni partiyaların seçkisi olsun. Bu, parlament respublikalarda özünü daha yaxşı göstərir. Bəli, elə parlamentlərdə “Hökumət saatı” olur. Əvvəlcə orda olan partiyalar məsələləri özləri müzakirə edir, sonra ümummilli əhəmiyyətə malik olan məsələləri ümumi müzakirəyə çıxardırlar. Majoritar seçki sistemi olan ölkələrdə belə təcrübəyə rast gəlməmişəm. Bəlkə də var, deyə bilmərəm. Amma bütün hallarda Azərbaycan deputatları üçün şans verilib. Çünki ölkənin pul kredit siyasətini, büdcə siyasətini parlament formalaşdırır. Ondan başqa bunların nəzarətində olan Hesablama Palatası dövlətin aylığı, vəsaitlərin düzgün təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirir, yoxlamalar aparır. Onların hər hansı bir cəzalandırma səlahiyyəti yoxdur. Həmin məsələlər parlamentdə müzakirə olunur. Ondan sonra bu məsələlər gündəmə gəlməli və ayrı sahələr üzrə ayrı-ayrı komitələrin müzakirəsi verilməlidir. Hesablama Palatasının apardığı auditor yoxlamalarından sonra komitələrlə müzakirə aparılmalı, əgər məsələ ciddidirsə, burda hökumət üzvləri də iştirak etməlidir. Yəni o da bir “Hökumət saatı”nın formasıdır, hökumətlə təmasların qurulması məsələsidir. Amma onun mexanizmi yoxdur. Əvvəlcə gərək onun hüquqi mexanizmi hazırlansın, daha sonra mövcud mexanizmdən yararlana bilərlər. Əgər bu məsələ yaramasa, onda bu məsələni gündəmə gətirmək olar”.

Geri qayıt