Əsas Səhifə > Partiya, Güney Press > "Hər halda fakt budur ki, onlar danışıqları uzadır"

"Hər halda fakt budur ki, onlar danışıqları uzadır"


15-11-2021, 10:11
"Hər halda fakt budur ki, onlar danışıqları uzadır"
“Ermənistanda Rusiyaya və Qərbə meyllilər, revanşistlər, özünə gəlib torpaqları yenidən işğal etmək niyyətində olanlar və s. qüvvələr var. Erməni cəmiyyətindən xeyli dərəcədə asılı olan Ermənistan hakimiyyəti isə çaşqın vəziyyətdədir. Amma hazırda Ermənistan ümumi olaraq özünü itirmiş durumdadır. Baş verən proseslərdən hiss edilir ki, indi onlarda toparlanma cəhdləri var. Yəni məsələni uzatmaqda, sülhə mane olmaqda məqsədləri budur. Yenə hansısa ülluziya ilə yaşayırlar. Düşünürlər ki, Rusiya-Türkiyə və ya Rusiya-Azərbaycan münasibətləri pozula, bunların əlinə yenidən fürsət düşə bilər. Amma yanılırlar”.

Bunu Reyting.az-a Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli deyib.

Deputat əlavə edib ki, baş verənlər erməni dövlətinin özü üçün ziyanlıdır: “Hər halda fakt budur ki, onlar danışıqları uzadır, ortaq məxrəcə gəlmək istəmir, təxribatlar törədirlər. Yəni sülh sazişi bağlamaq, Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmirlər. Burada da yeganə güvəndikləri odur ki, hərbi baxımdan Rusiya, maliyyə baxımından Ermənistan Qarabağdakı separatçı qurumu birgə idarə edirlər. İstəyirlər ki, gələcəkdə maliyyə yükünü də Rusiyanın üzərinə qoysunlar. Yəni Şuşanı da qondarma qurumlarının tərkibinə qatmaq istəyirlər. Üstəlik, keçmiş Dağlıq Qarabağın digər ərazilərini də nəzarətə götürmək planları var. Erməni cəmiyyətinin daxili potensialının zəif olduğunu bildiklərindən həm də çalışırlar ki, Rusiya və Qərbi ortaq məxrəcə gətirib, Azərbaycana təzyiq etsinlər. Əslində Ermənistan özünü itirib və çalışır ki, toparlanma cəhdləri etsin”.

T. Kərimli qeyd edib ki, reallıqda ermənilərin istəyinin həyata keçməsi mümkünsüzdür: “Bu gün hətta Türk Şurasına qoşulmaq istəyənlər çoxdur. Müstəqillik türk dövlətlərində güclüdür. Xüsusilə, bu, pandemiya dövründə açıq hiss edildi. Həm də indi türk dövlətləri arasında əməkdaşlıq Azərbaycan-Türkiyə tandemi üzərində qurulub. Azərbaycan və Türkiyə günü-gündən güclənir, Ermənistan isə zəifləyir. Üstəlik, erməni diasporu fərqlidir. ABŞ-dakı güclü diaspora Rusiyanı, Rusiyadakı erməni diasporu ABŞ-ı istəmir. Diasporun təsiri ilə idarə olunan Ermənistan pərakəndə formada çıxış yolları axtarır. Azərbaycan düşmən niyyətlərini başa düşür. Şuşa və digər yerlərdə bizim müdafiə sistemlərimiz qurulur. Türk qardaşlarımız da daima bizimlə birlikdə olacaq. Ermənistan Rusiyanın və digər dövlətlərin havadarlığı ilə Şuşaya və ya digər ərazilərimizə qarşı addım atarsa, qarşılarında güclü ordu görəcək. Yəni bu gün ölümünə hazır olan, amma nə Şuşadan, nə də digər ərazilərimizin bir qarışından imtina etməyəcək millətimiz var. Düşmən də bunu çox yaxşı bilir. Ruslar da anlayır ki, ermənilər tərəfindən bu kimi hərəkətlərə və revanşist planlara qoşulmaq Rusiya ilə Azərbaycan və Türkiyə arasında münasibətləri poza, habelə Rusiya daxilindəki türk xalqlarına ciddi təsir göstərə bilər”.



Geri qayıt