Əsas Səhifə > Partiya, Güney Press > "Təxribatların törədilməsində başlıca məqsəd budur"
"Təxribatların törədilməsində başlıca məqsəd budur"17-11-2021, 08:43 |
Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıblar: “Ermənistanın hərbi birləşmələri dövlət sərhədinin bu istiqamətindəki yüksəklikləri ələ keçirmək və hərbi üstünlüyə nail olmaqla daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sında qəfil hərbi əməliyyata başlayıb. Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum ediblər”. Ermənilər ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurublar. Nəticədə iki hərbçimiz yaralanıb. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Kəlbəcər və Laçın istiqamətində yerləşən birlik və qüvvələr tərəfindən dərhal təxirəsalınmaz əməliyyat həyata keçirilib. Əvvəlcə düşmənin hərəkəti məhdudlaşdırılıb, qüvvə və vasitələrinə zərər vurulub. Görülmüş qəti tədbirlər nəticəsində erməni hərbçiləri tərksilah edilərək saxlanılıb, xeyli sayda müxtəlif çaplı silah və külli miqdarda sursat qənimət kimi ələ keçirilib. Bununla da genişmiqyaslı təxribat törətməklə qısa müddətli üstünlüyə nail olmaq istəyən Ermənistan hərbi bölmələrinin planları tam iflasa uğrayıb. Xatırladaq ki, Ermənistan tərəfi son 4 gündə 4 təxribata əl atıb. Ekspertlərin fikrincə, Ermənistanın məqsədi strateji yüksəklikləri tutub, danışıqlarda mövqeyini gücləndirməkdir. Lakin dövlət sərhədində Azərbaycan mövqelərinə hücum cəhdi birbaşa hərbi təcavüzdür. Ona görə də yaxşı olar ki, erməni hərbçilər tərksilah edilmək əvəzinə, yerindəcə məhv edilsin. Təxribatlarla bağlı “Şərq”ə danışan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib ki, məqsəd tərəflər arasında birbaşa danışıqların baş tutmasına, sülh anlaşmasının imzalanmasına, Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, üçtərəfli bəyanatın yerdə qalan bəndlərinin icrasına mane olmaqdır: “Təxribatların törədilməsində başlıca məqsəd budur. Burada əsas faktor Rusiyadır. Eyni zamanda Fransa və İranı da unutmaq olmaz. Məsələ ondadır ki, üçtərəfli sazişin icrası, ölkələrarası münasibətlərin normallaşması və regionda sabitliyin formalaşması fonunda Rusiya sülhməramlı qüvvələrinin Azərbaycanda qalmasına ehtiyac qalmır. Eyni zamanda təxribatların meydana gəlməsində Ermənistan daxilində, xüsusən hakimiyyət strukturlarında və silahlı qüvvələrdə gedən proseslər də gözardı edilməməlidir”. AĞ Partiya sədri Tural Abbaslı da “Şərq”ə bildirib ki, regionda Rusiyanın ciddi maraqları var. Partiya rəhbərinin sözlərinə görə, Moskvanın maraqları tələb edir ki, bölgədə sabitlik bərpa olunmasın. Çünki əmin-amanlığın yaranması Kremlin regiondan çıxması prosesinin önünü açacaq: “Ən müxtəlif formada bölgədə gərginliyin qalması, Azərbaycan-Ermənistan sərhədində qarşıdurmanın davam etməsi Rusiya üçün çox önəmlidir. Digər səbəb isə odur ki, sərhədlərin müəyyən olunmasından öncə “mövqe savaşı” gedir. Güman edilir ki, bir ölkənin silahlı qüvvələri son olaraq hansı mövqedə dayansa, sərhədlərin demarkasiyası həmin xətt üzrə gedəcək. Ermənilər yüksəklikləri ələ keçirərək sərhəd xətlərinə nəzarəti ələ almaq istəyirlər. Azərbaycan Ordusu düşmənin cavabını artıqlaması ilə verməlidir. Sadəcə müdafiə olunmalı deyilik, əks-hücumlarla daha uyğun mövqeləri nəzarətimizə almalıyıq. Hələ proses davam edir və heç nə bitməyib. Son günlər Rusiya Azərbaycana qarşı psixoloji təzyiq metodlarından istifadə edir. Xankəndində park açır, heykəl qoyur, terrorçunu əlimizdən alaraq Ermənistana təhvil verir və s. Məqsəd Azərbaycanı demoralizə etmək, qalib dövlət modunu azaltmaqdır. Hazırda Rusiya-Ermənistan cütlüyünün təxribatları ilə qarşı-qarşıyayıq. Cavabımız çox sərt olmalı və Türkiyə ilə birlikdə hərəkət etməliyik”. Geri qayıt |