Əsas Səhifə > Partiya, Güney Press > Müxalifət “Qana qan, ölümə ölüm!” deyir

Müxalifət “Qana qan, ölümə ölüm!” deyir


18-11-2021, 10:27
Müxalifət “Qana qan, ölümə ölüm!” deyir
Ermənistanın 16 noyabrda Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribat Azərbaycan müxalifəti tərəfindən də qətiyyətlə pislənir. Müxalifət partiyaları işğalçılıq və terrorçu mahiyyətindən əl çəkməyən Ermənistanı sülhə yalnız güc yolu ilə gətirilə biləcəyini mümkün sayır və bu işdə Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bəyan edir. Bu barədə “Yeni Müsavat”a danışan müxalifət partiyalarının sədrləri bildiriblər.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Ermənistanı sülhə məcbur etmək üçün ən sərt addımlar atılmalıdır: “Bütün valığımızla Azərbaycan Ordusunun yanındayıq. Canımız əsgərlərimizə fəda olsun! Qana qan, ölümə olüm!”

Ağ Partiyanın sədri Tural Abbaslı bildirdi ki, 16 noyabrda baş verən hadisə Ermənistanın Azərbaycana növbəti təcavüzkar hücum aktıdır: “Biz Ermənistanın sülhə məcbur edilməsi siyasətinin yürüdülməsinin tərəfdarıyıq. Əslində 16 noyabrda baş verən hadisə 10 noyabr üçtərəfli bəyanatının qüvvədən düşməsini söyləmək üçün əsas yaradır. Biz artıq həmin üçtərəfli bəyanatdan çıxmalıyıq, Rusiya hərbçilərinin Azərbaycan ərazisindən çıxarılmasını tələb etməliyik və öz ərazimizdə olan erməni silahlılarını zərərsizləşdirib həmin ərazilərimizdə də suverenliyimizi bərpa etməliyik.

Ermənistan əgər Azərbaycanla sülh müqaviləsi imzalamayacaqsa, artıq Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan qoşunları güclü şəkildə cəmləşdirilməli və sərhədlərimizin toxunulmazılığını təmin etmək üçün gərəkən addımları atmalıdır. Bundan sonra Ermənistan sülhə məcbur edilməlidir. Biz Azərbaycan iqtidarının, ordusunun bu istiqamətlərdə atdığı, atacağı bütün addımlarda onu dəstəkləyəcəyik. Milli maraqlar, vətənin maraqları, bütövlüyü məsələsi olan yerdə müxalifət-iqtidar anlayışı bizim üçün yoxdur. Ermənistan diplomatik yolla sülhə gələn dövlət deyil. Biz Ermənistanı sülhə məcbur eləməliyik. Bu işdə Azərbaycan dövlətinin yanındayıq”.

AMİP sədri Arzuxan Əlizadə bildirdi ki, Kəlbəcər və Laçın istiqamətində baş verən hadisələr Ermənistanın növbəti təxribatıdır və bu, Ermənistanın 44 günlük müharibədən lazımi nəticələr çıxarmadığını göstərir: “Müharibədən keçən dövr ərzində, xüsusilə son aylarda həm Rusiya tərəfi, eyni zamanda bir sıra Qərb dövlətləri Ermənistana yenidən havadarlıq etmək eşqinə düşdülər və bununla da erməniləri ruhlandıraraq revanşist addımlar atmağa faktiki olaraq təhrik eləməyə başladılar. Son 10 günə yaxın müddətdə baş verən hadisələr bunun göstəricisidir. Amma Azərbaycan Ordusu ayıq-sayıqdır, güclüdür və Ermənistanın həmləsinə kifayət qədər ciddi cavab vermək imkanındadır. Bir daha göründü ki, Ermənistan ordusu darmadağın vəziyyətdədir, bir neçə saatlıq müharibəyə belə dözümü yoxdur, bir neçə saatda çoxsaylı itkilər verib, ərazi itkisinə məruz qalıb. Təəssüf ki, şəhidlər vermişik. Müharibə qansız-qadasız olmur.

Amma bütövlükdə götürdükdə, proses hesab edirəm ki, Azərbaycanın xeyrinə cərəyan edir. Biz keçənilki müharibə dönəmində də, ondan sonrakı dönəmdə də dəfələrlə bəyan etmişik, Qarabağ məsələsində, tarixi torpaqlarımıza qaytarılması məsələsində müxalifət olaraq Azərbaycan dövlətinin, ordusunun yanındayıq. Bu məsələdə bütün siyasi ambisiyalar kənara qoyulur. Bundan sonra da bu mövqeyimizə sadiq qalacağıq".

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev isə bildirdi ki, son dövrlər Azərbaycanın müstəqil dövlət kimi, atdığı addımlar bəzi qonşularımızın qıcığına səbəb olur. Belə olan halda onlar maşa kimi Ermənistandan istifadə edir və ermənilərin əli ilə yeni təxribatlar törədirlər. Ermənilərin Azərbaycanla döyüşmək gücü yoxdur. Sadəcə, arxalarında duranlara güvənib hərəkətə keçirlər: “Son döyüşdə də Ermənistan məğlub oldu. Amma biz şəhidlər verdik. Allah şəhidlərimizə rəhmət eləsin. Bu itkiləri dayandırmaq üçün Laçın dəhlizinə nəzarəti ələ keçirməli, antiterror əməliyyatı keçirib ərazilərimizdə olan silahlı erməni diversantları sıradan çıxartmalı, Şuşada Türkiyənin konsulluğunu açmalı və Türkiyənin hərbi qarnizonunu orada yerləşdirməliyik. Əks halda, ermənilər rus sülhməramlılarının arxasında gizlənib yeni təxribatlar törədəcəklər. Silah qaldıran düşmənə qarşı isə qətiyyətli olmalı, dərhal məhv etməliyik. Yalnız təzyiq altında saxlamaqla Ermənistanı sülhə məcbur etməliyik. Bu işdə dövlətimizin yanındayıq”.

“Yeni Müsavat”

Geri qayıt