Əsas Səhifə > Partiya, Güney Press > "İlin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil"

"İlin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil"


19-11-2021, 09:40
"İlin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil"
Deputat Tahir Kərimli Milli Məclisin noyabrın 17-də keçirilən iclasında parlamentin avtoparkının yenilənməsini təklif etməsi spiker Sahibə Qafarovanın narazılığına səbəb olub.

Deputat bildirib ki, parlamentdə uzun illər işləyən gənclər var: “Mən deputatları demirəm. Milli Məclisin işçiləri üçün yaşayış binasının tikilməsini təklif edirəm. Bu yaxınlarda bir nəfər rəhbər şəxsin təsadüfən maşınında oldum. Mənim partiya sədri kimi 14 illik maşınım onun maşınından yaxşıdır. Bu, dövlətin ali qurumudur. Bura yaxşı maşınlar verilsin, bina tikilsin. Bizim rəhbərliyimiz həyalıdır deyə, belə münasibət göstərmək olmaz”.

Spiker həmkarının çıxışına sərt reaksiya verib: “Milli Məclis rəhbərliyinin heç bir narazılığı yoxdur. Siz niyə narahatsınız ki?! Hər şey öz yerində olacaq. Keçən il müharibə ili oldu. Bu il Zəfər ilidir. Tahir müəllimin söhbəti yiyəsi olmayan məsələyə gedib çıxdı. Ona görə mən əsəbiləşdim. Qaçqınlar, məcburi köçkünlər Qarabağa köçsün, onları yerləşdirəndən sonra danışarıq”.

Dövlətin azad olunmuş torpaqlarla, şəhid və qazilərlə bağlı bu qədər qayğıları olduğu bir vaxtda kimlərinsə dövlətin hesabına maşınını təzələmək, hətta Milli Məclis işçilərinə ev tikməyi təklif etmək nə qədər ədalətdir? Ümumiyyətlə, məmurların dövlətdən imtiyazları əldə etməsi, onun “boynuna minməsi”, büdcə hesabına 100 işçinin illik maşına bərabər bahalı maşınlar alması praktikasına nə vaxt son qoyulacaq?

Millət vəkili Aqil Abbas “Yeni Müsavat”a açıqlamasında məsələyə bu cür rəy bildirdi: “Tahir Kərimli belə bir fikirlər səsləndirdi, lakin Sahibə Qafarova cavabını verdi. Hazırda əsas vəzifəmiz ondan ibarətdir ki, Qarabağa qayıdış edək, orada tikinti, quruculuq işləri aparaq. Heç təsəvvür edirsinizmi ora nə qədər xərc çəkilir? Təkcə Ağdam üçün böyük vəsaitlər lazımdır. Bu səbəbdən Tahir Kərimlinin dedikləri etirazla qarşılandı. Əlbəttə ki, Tahir Kərimli deputatları deyil, Milli Məclisin işçilərini nəzərdə tutub dedi ki, maşınları təzələnsin. Amma ilin-günün bu vaxtı bu cür fikirlər səsləndirmək doğru deyil. Amma bir daha qeyd edirəm ki, Sahibə Qafarova ona lazımlı cavabı verdi”.

Millət vəkili Sabir Rüstəmxanlı dedi ki, həmin müzakirədə iştirak etməyib: “Ona görə də həmin məsələdən xəbərdar deyiləm. Lakin düşünürəm ki, Tahir Kərimli ola bilsin ki, nəyəsə əsaslanıb, ya da ki, Milli Məclisin işçilərindən kiminsə problemi olub deyə bu cür fikir səsləndirib. Təbii ki, Milli Məclisdə işləyənləri düşünmək lazımdır. Bir vaxt onlar üçün ev tikilirdi, lakin sonra bu məsələ yarımçıq qaldı. Aydın məsələdir ki, işçilərdən kiminsə evə, maşına ehtiyacı olsun. Lakin düşünürəm ki, indiki vaxtda bunu dilə gətirməyə ehtiyac yoxdur. Hələ müharibə bitməyib, Qarabağın bərpa edilməsi məsələsi və bunun üçün ortada böyük xərclər, problemlər var, həmçinin məcburi köçkünlər hələ doğma yurdlarına, torpaqlarına qayıtmayıblar, ölkədə digər sosial problemlər, işsizlik mövcuddur. Bu baxımdan hesab edirəm ki, bu cür məsələlər inkişaf proqramına uyğun olaraq həll edilməlidir”.

Millət vəkili Fazil Mustafa da məsələyə münasibət bildirib: “Əlbəttə ki, Milli Məclisin işçiləri də, eləcə də digər məmurların normal yaşayış şərtlərinə sahib olması, ümumiyyətlə, bütün vətəndaşların rifah içərisində yaşaması hamının istəyidir. Lakin elə şərtlər var ki, orada prioritet məsələyə daha çox diqqət etmək lazımdır.

Bu gün Azərbaycanda prioritet məsələ ilk növbədə şəhid ailələri, Qarabağ qaziləri, aztəminatlı ailələrdir. Bu gün onların sıxıntısı hamıdan çoxdur. Onların problemini çözməmiş digər problemləri diqqətə gətirəndə təbii ki, cəmiyyətdə narazılıq baş qaldırır. Həmçinin bu gün maaş almayan, evinə çörək apara bilməyən insan varsa və kiminsə öz maaşını daha çox tələb etməsi bir qədər uyğun gəlmir və bu, digər insanları incitmiş olur. Bu səbəbdən onların reaksiyasını da anlamaq lazımdır. Ümumiyyətlə, hər bir məsələdə obyektiv yanaşma olmalıdır. Əlbəttə, qeyd etdiyim kimi, məmurların da müəyyən sosial vəziyyətinin yaxşılaşdırılması ola bilər, lakin bunu bir qədər daha sonraya ertələmək olar. Düşünürəm ki, Milli Məclisin spikeri də bu aspektdən yanaşaraq, məsələyə mövqeyini bildirdi. Çünki özü də işçilərin sosial şifahinin yüksəlməsi üçün kifayət qədər ciddi addımlar atır. Diqqət edirsinizsə, son vaxtlar Milli Məclisdə təyinatlarda daha çox aşağı qatlarda olan insanlar yuxarı vəzifələrə çəkilir, həmçinin hansısa formada qanundankənar münasibətlər artıq yox dərəcəsindədir. Hesab edirəm ki, Tahir Kərimli səmimi olaraq həmin fikirləri səsləndirib. Yəqin ki, bilirsiniz, həmin iclasda şəhid ailələri ilə bağlı danışanda çox duyğusal, təsirli çıxış etdi. Yəni onun ürəyi bütün kateqoriyadan olan vətəndaşlara yanır. Lakin hər halda, belə məsələlərdə ehtiyatlı olmalıyıq ki, başqa təbəqədən olan, daha vacib təminat gözləyən insanların qəlbini incitməyək".

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Tahir Kərimlinin ortaya atdığı məsələ heç də müzakirə mövzusu deyil: “Çünki Milli Məclisin ixtiyarı var ki, öz büdcəsini artırsın. Yəni öz maaşları, müavinətləri ilə bağlı niyə hökumətə və yaxud Prezidentə müraciət etməlidirlər? Əgər deputatlar hələ də bunu bilmir və üstəlik, ictimai müzakirə açırlarsa, ən azından məntiqsizlikdir. Dövlət büdcəsindən bu cür məsələlərə maliyyə ayrılmasına gəldikdə isə istənilən dövlətin büdcə xərcləri şəffaf olmalıdır. Onun tenderləri, dövlət satınalmaları ilə bağlı qaydalara uyğun aparılmalıdır. Məhz bu cür problemlər də ondan qaynaqlanır ki, bir çox hallarda büdcə xərcləri, tenderlər şəffaf deyil. Kimlərəsə bağlı, çox qısa müddətdə qeydiyyatdan keçmiş şirkətlər tenderləri udurlar, nəticədə dövlət büdcəsinin qeyri-rasional xərcləmələrinin şahidi oluruq. Buna görə də problemin qlobal olaraq həlli şəffaflığın artırılmasıdır. Hətta bəzi ölkələrin belə bir təcrübəsi var ki, böyük tenderlər keçirilərkən dövlət televiziya kanalları onu canlı yayımla göstərir. Bizdə də ona bənzər addımlar olmalıdır ki, bu xərclərin qeyri-şəffaflığı aradan qaldırılsın...

Geri qayıt