Əsas Səhifə > Partiya, Güney Press > "Təkrar seçkilərin keçirilməsinin hələ də yubanması daha çox siyasi qərardır"
"Təkrar seçkilərin keçirilməsinin hələ də yubanması daha çox siyasi qərardır"23-11-2021, 08:33 |
Pandemiya aradan qalxmasa da, qonşu dövlətlər olan İranda, Ermənistanda, Rusiyada, Gürcüstanda ölkəmiqyaslı seçkilər keçirildi. Dünyanın digər bir sıra dövlətləri, o cümlədən böyük ölkələri olan ABŞ, Almaniya kimi dövlətlər də pandemiya şəraitində seçkilər keçirdilər. Azərbaycanda isə koronavirus pandemiyası başlayandan indiyə qədər keçən dövrdə hansısa seçkili orqana seçkilər keçirilməyib. Bu müddətdə Prezident, parlament və bələdiyyə seçkiləri nəzərdə tutulmurdu. Adıçəkilən seçkilər qarşıdakı illərdə keçirilməlidir. Lakin onu da nəzərə alaq ki, artıq xeyli müddətdir Milli Məclisdə 6 deputatın yeri boş qalıb və həmin deputatların seçki dairələrində əlavə seçkilər keçirilməlidir. Bu məsələ isə hələ də açıq qalıb. Təkrar seçkilərin keçirilməməsinə heç bir rəsmi səbəb göstərilməyib. Sadəcə olaraq, hakimiyyət deputatları açıqlamalarında koronavirus təhlükəsini və karantin rejimini, ötən ilin payızında isə müharibəni seçkilərə getmək barədə qərarın yubanmasına səbəb olaraq bildiriblər. Lakin yuxarıda qeyd etdiyimiz kimi bir çox dövlətlər karantin şəraitində ölkəmiqyaslı seçkilər keçiriblər və seçkilər heç də koronavirusla bağlı durumun ağırlaşmasına səbəb olmayıb. Koronavirusa görədirsə, o ölkələrdə də korona var, həm də bizdən çoxdur. Onda nədən bizdə seçkilər keçirilmir? Boş qalan 6 dairədə təkrar seçkilərin keçirilməsinə nə mane olur? AĞ Partiyanın sədri Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, qanunvericilikdə Azərbaycan Milli Məclisinin 125 deputatdan ibarət olması qeyd edilib: “Milli Məclisin 119 deputatla fəaliyyət göstərməsi ilk növbədə elə qanuna hörmət gətirmir. İkincisi isə 6 seçki dairəsinin seçicilərinin hüquqlarının pozulmasıdır. Qanunvericilikdəki müəyyən boşluqlardan və pandemiyadan istifadə edib həmin dairələrdə təkrara seçkilərə getmirlər. Koronavirus Azərbaycanda cəmi 6 seçki dairəsində keçiriləcək təkrar seçkilərə maneçilik törədə bilməz. Seçkilər olsa hətta insanların bir çoxu seçki keçirildiyini gündəlik həyatlarında hiss eləməyəcəklər. Seçki məntəqələrində basabas olası deyil. Deputatsız olan dairələrdən ikisi Bakıdadır, dördü isə ayrı-ayrı rayonlardadır. Bu seçki dairələrində seçki keçirilsə kütləvi yoluxmadan söhbət gedə bilməz. Artıq pandemiyaya görə seçkilərin keçirilmədiyi kimi səbəb göstərməyə ehtiyac yoxdur. Qanunvericilikdə hər hansı səbəbdən deputatsız qalan dairədə seçkilərin hansı müddətdə keçirilməsinin vacibliyi əksini tapıb. Məncə, təkrar seçkilərin keçirilməsinin hələ də yubanması daha çox siyasi qərardır. Dövlətçilik baxımından da boş qalan 6 dairədə seçkinin keçirilməsi vacibdir. Altı deputat 300 minə yaxın seçicinin təmsilçisi deməkdir. Bu gün parlamentdə 300 minə yaxın seçicinin təmsilçisi yoxdur. Azərbaycanda 10 milyon əhali var, deputatların sayı 125-dir. 125 deputat əslində 10 milyonluq ölkə üçün azdır. Bir tərəfdən də indi 125 də deyil, 119-dur. Deputatsız dairələrə seçkilər keçirilsə, siyasi partiyalar iştirak edəcək və partiyaların aktivliyi artacaq. Mümkündür ki, seçkinin nəticələrinə görə parlamentdəki partiyaların sayı da artsın. Bu, həm də dolayısı ilə çoxpartiyalı sistemin inkişafına təsir edəcək. Hesab edirəm ki, yaxın dövrlərdə deputatsız olan 6 dairədə seçkilər keçirilməlidir. Hakimiyyət bu altı yerə normal, demokratik seçki keçirməklə həm Milli Məclisin, həm də ümumən ölkəmizin imicini beynəlxalq aləmdə yaxşılaşdıra bilər. İndi Azərbaycana imicinin yaxşılaşması daha çox lazımdır. Demokratik seçkilərdən ölkəmiz də, hakimiyyət də, müxalifət də qazanar. Demokratik seçkilər keçirilsə, mən əminəm ki, bizim partiya həmin dairələrdə keçirilən seçkilərdə qalib gələ bilər". Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirdi ki pandemiya aradan tam qalxmasa da bir sıra ölkələrdə seçkilər keçirildi və heç bir problem yaşanmadı: “Azərbaycanda cəmi altı seçki dairəsində təkrar deputat seçkiləri keçirilməlidir. Bu seçki dairələrində seçiciləri Milli Məclisdə heç kim təmsil etmir. Qanunvericiliyə görə, bu seçki dairələrində təkrar seçkilər keçirilməlidir. Amma bu barədə rəsmi orqanlar susmağa üstünlük verirlər. Bir ara ciddi koronavirus təşvişi hökm sürürdü, sonra Vətən müharibəsini yaşadıq. Bunlar anlaşılandır. İndi isə elə bir təhlükə yoxdur və çox rahatlıqla 6 seçki dairəsində seçkiləri keçirmək mümkündür. Hakimiyyət buna gedəcəkmi? Maraqlı sual budur. Prinsipcə hakimiyyətin yeni seçkilərə ehtiyacı yoxdur. Parlament çoxluğu əlindədir. Ona görə də düşünürlər ki, təkrar seçkilər keçirilməyə də bilər”. Qeyd edək ki, 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Qanunvericiliyə əsasən, bu dairələr üzrə təkrar seçki keçirilməlidir. Ötən ilin yayında isə deputat Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. 2021-in avqustunda isə 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs edilib. Beləliklə, deputatsız dairələrin sayı 6-ya çatıb. Hələ ki parlamentdə boş qalan deputat yerlərinə seçkilər keçirilməsi barədə qərar verilməyib. Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilmiş seçki dairəsində yenidən seçkilər keçirilməsi Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, Mərkəzi Seçki Komissiyası təkrar seçkilər keçirir. Eyni zamanda deputat mandatına xitam verildikdən, deputatın vəfat etməsi və ya mandatdan imtina etməsindən sonra boş qalan dairədə yeni seçkinin təyin olunması da Seçki Məcəlləsinin tələbi ilə tənzimlənir. Seçki Məcəlləsinin 176-cı maddəsinə görə, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər təyin edilməlidir. Konstitusiyanın 87-ci maddəsində isə qeyd olunur ki, parlamentin səlahiyyət müddətinin bitməsinə 120 gündən az müddət qalarsa, hər hansı səbəbdən deputatsız qalan dairələrdə seçkilər keçirilmir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur. Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir. Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib ki, seçkilərin keçirilməsi barədə qərarı MSK vermir. Seçkiləri təyin etmək qərarı ölkənin Prezidentinin səlahiyyətindədir. Prezident nə zaman seçki təyin edirsə, Mərkəzi Seçki Komissiyası həmin seçkiləri yüksək səviyyədə, qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil edir. Boş qalan seçki dairələrində seçki qərarı nə zaman veriləcəksə, MSK seçkinin keçirəcək. Sonda bir məqamı da qeyd edək ki, 2022-ci ilin büdcəsində həmin il seçkilər üçün vəsait ayrılıb. Bəzi mənbələr iddia edir ki, 2022-ci ildə referendum və parlamentdə boş qalan yerlərə təkrar seçkilər keçirilməsi baş tuta bilər. Geri qayıt |