Əsas Səhifə > Partiya, Güney Press > 500 manat qalmaqalı: Verilib, ya verilməyib?
500 manat qalmaqalı: Verilib, ya verilməyib?25-11-2021, 08:38 |
Deputat Tahir Kərimli bir neçə gün öncə Milli Məclisin plenar iclası zamanı parlamentin koronavirusa yoluxan əməkdaşlarına 500 manat ödənilməsi ilə bağlı açıqlama verib. Bu isə cəmiyyətdə deputatlara vəsait ödənilməsi ilə bağlı müzakirələrə yol açıb. Məlumdur ki, deputatlar arasında hələ pandemiyanin ilk başlanğıcında yoluxanlar oldu. Onların sırasında adı mətbuatda yer almayan, evdə müalicəsini davam etdirənlər də var idi. Maraqlıdır, virusa yoluxan deputatların müalicəyə nə qədər xərcləri çıxıb? Virusa yoluxan deputatlar parlamentin üzvü kimi həmin məbləğdən yararlana biliblərmi? Cebhe.info-ya bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Azər Badamov danışıb. O bildirib ki, COVID infeksiyasına yoluxan zaman dərmanları şəxsi vəsaiti hesabına alıb, müalicəni evdə keçib: "Açıq deyim, müalicə xərcinin tam olaraq nə qədər tutmasını hesablamadıq. Öz şəxsi vəsaitimlə müalicə olunmuşam. Deputatlara koronavirusa yoluxması ilə bağlı pul ödənilməyib. Ola bilər ki, Milli Məclisin digər əməkdaşlarına, Aparat işçilərinə həmin vəsait ödənilib, amma virusa yoluxan deputatlara müalicəyə görə nəsə verilməyib". Azər Badamov deyib ki, müalicəyə dəqiq xərclədiyi məbləğ bəlkə də 500 manat civarında ola bilər. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da koronavirusa yoluxan deputatlar sırasında yer alır. Deputat Cebhe.info-ya açıqlamasında bildirib ki, müalicədə istifadə edilən bəzi dərmanlar ucuz, bəziləri isə bahadır: "Həkimlərimizin tövsiyə etdiyi ənənəvi qaydada müalicə aldım. Burada söhbət sistemin köçürülməsindən və koronavirusa aid bəzi dərmanların qəbulundan gedir. Müalicəm demək olar ki, bu cür aparıldı". Deputat müalicəyə xərclənən vəsaitin məbləğini tam xatırlamır: "Bunu deyə bilərəm ki, müalicəyə və dərmanlara ümumi xərcim hardasa 200 manat etdi. Gərək virusa yoluxan zaman vaxtında üzərinə düşüb, müalicə alasan. Gecikəndən sonra müalicə də çətin olur. Mənim üstünlüyum onda oldu ki, yubatmadan, tez bir zamanda müalicəyə başladım”. Ceyhun Məmmədov sözügedən məbləğdən yararlanmadığını deyib: "Son vaxtlar bu məsələ müzakirə olunur. Bununla bağlı nə araşdırma, nə də müraciət etmişəm. Mən deyilən 500 manat üçün müraciət etməmişəm və həmin pulu almamışam". Koronavirusa yoluxaraq, sağalan deputatlar sırasında yer alan, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva isə iki doza peyvənd vurdurduqdan sonra virusa yoluxduğunu və xəstəliyi yüngül keçirdiyini deyib: "İki doza peyvəndlənmənin üzərindən beş ay keçdikdən sonra virusa yoluxdum və xəstəliyi çox yüngül formada keçirtdim. Əgər yoxlanmasaydım, bilməzdim ki, məndə COVID infeksiyası var. Yoxlanışdan sonra məlum oldu ki, testimin nəticəsi pozitivdir. Elə də ciddi dərman müalicəsinə ehtiyac olmadı. Vitamin "C" və "D" qəbul edirdim. Digər dərman preparatları, sistem istifadə etmədiyim üçün müalicəyə elə də xərcim çıxmadı". Kamilə Əliyeva virusa yoluxan deputatlara 500 manatın ödənilməsini təkzib edib: "Həmin məbləğ deputatlara deyil, Milli Məclisin virusa yoluxmuş Aparat üzvlərinə verilib, onlara yardım olunub". Geri qayıt |