Əsas Səhifə > Partiya, Güney Press > "Ermənistan bizə qarşı ərazi iddiaları ilə çıxış etməməlidir"

"Ermənistan bizə qarşı ərazi iddiaları ilə çıxış etməməlidir"


25-11-2021, 10:08
"Ermənistan bizə qarşı ərazi iddiaları ilə çıxış etməməlidir"
“Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyasını keçirməyib, demarkasiya prosesi aparılmayıb. Bu halda Nikol Paşinyan hansı əsasla deyir ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olub? Onun belə deməyə haqqı yoxdur”.

Bunu Reyting.az-a Milli Məclisin deputatı Asim Mollazadə Ermənistan Baş nazirinin son iddialarını şərh edərkən deyib.

Deputat bildirib ki, Azərbaycan Ermənistanla sərhədlərin müəyyən edilməsinə hazır olduğunu elan edib:

“Bakı eyni zamanda üçtərəfli işçi qrupuna zəruri məlumatları təqdim etməyə, normal dialoq aparmağa hazırdır. Sadəcə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, revanş haqqında düşünməməli, bizə qarşı ərazi iddiaları ilə çıxış etməməlidir. Bu, onların maraqlarına tam uyğundur”.

A. Mollazadə vurğulayıb ki, Ermənistan indi normal qonşuluq siyasəti haqqında düşünməli, kommunikasiyaları və Zəngəzur dəhlizini açmalıdır: “Bu halda Ermənistan normal dövlətə çevrilə bilər. İndiki yolla getməklə Ermənistanın gələcəyi olmayacaq. Ermənistan hər gün bir bəyanat verməklə beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güdür. Əslində isə özləri çalışıblar.

Nikol Paşinyan özü qeyd edir ki, sərhəddin Kəlbəcər, Qubadlı, Zəngilan hissəsi ilə bağlı vahid xəritə yoxdur. Bu halda o, hansı əsaslarla iddia edə bilər ki, Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olub? Onun bu fikirləri gülüş doğurur”.

Deputat sonda qeyd edib ki, Ermənistan işğalçılıq siyasətini davam etdirə bilməyəcək: “Paşinyan hər zaman dəmir yumruğu başı üzərində hiss etməlidir. Belə olarsa, normal addımlar ata bilər”.

Geri qayıt