Əsas Səhifə > Partiya, Güney Press > 6 rayonun deputatsız qalması seçicilərə hörmətsizlikdir

6 rayonun deputatsız qalması seçicilərə hörmətsizlikdir


27-11-2021, 10:15
6 rayonun deputatsız qalması seçicilərə hörmətsizlikdir
Məlum səbəblərdən Milli Məclisdə 6 deputatın yeri xeyli vaxtdır ki, boş qalıb. Hazırda Milli Məclis 125 deputat yox, 119 deputatla fəaliyyət göstərir. 2020-ci il fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 125 seçki dairəsinin 121-dən qanunverici orqana deputat seçilib. 4 seçki dairəsinin nəticələri isə etibarsız sayılıb. Fəttah Heydərovun dünyasını dəyişməsindən sonra parlament üzvlərinin sayı 120 nəfərə enib. 2021-ci ilin avqustunda Xaçmazın deputatı Eldəniz Səlimovun həbs edilməsi ilə deputatsız dairələrin sayı 6-ya çatıb.

Nəzərə alaq ki, bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdə pandemiya şəraitinə uyğun seçki marafonları baş tutub. Ancaq Azərbaycan parlamentində boş qalmış yerlərə təkrar seçkilərin keçirilməməsinə, yaxud nə zaman keçiriləcəyinə dair heç bir rəsmi məlumat yoxdur. Siyasilər hesab edirlər ki, koronavirus Azərbaycanda cəmi 6 seçki dairəsində keçiriləcək təkrar seçkilərə maneçilik törədə bilməz. Çünki deputatsız olan dairələrdən ikisi Bakıda, digər dördü isə ayrı-ayrı rayonlardadır. Məlumat üçün deyək ki, Milli Məclisə təkrar seçkilər Seçki Məcəlləsinin müvafiq maddəsi ilə tənzimlənir. Qanunun 172-ci maddəsində bildirilir ki, seçkilər müvafiq seçki dairəsi üzrə etibarsız sayılarsa və seçkilərin yekunları təsdiq edilməzsə, təkrar seçkilər keçirilir.

Politoloq Azər Rəşidoğlu da hesab edir ki, indiki mühüm məqamda parlamentin tam tərkibdə fəaliyyət göstərməməyi müsbət hal deyil. Ekspertin fikrincə, 6 rayonun deputatsız qalması da həmin ərazilərdə yaşayan seçicilərə hörmətsizlikdir:

“Onların hüquqları pozulur. Hesab etmirəm ki, həmin dairələrdə təkrar seçkilərin keçirilməsinə pandemiya mane olur. Dəfələrlə dövlət əhəmiyyətli tədbirlər pandemiya dövründə keçirilib. Bunlar bəhanədir. Görünür, kimlərsə belə hesab edir ki, indiki həssas məqamda seçkilərin keçirilməsi arzuolunmaz proseslərə səbəb ola bilər. Seçki rəqabət deməkdir. Rəqabət müəyyən mənada qarşıdurmadır. Kimlərsə bundan ehtiyat edir. Lakin ifrat ehtiyat da müsbət yanaşma deyil.
İnandırıcı olmasa da, təkrar seçkilərin keçirilməsinin tərəfdarıyam”.

Geri qayıt