Əsas Səhifə > Partiya, Güney Press > Türk Dövlətləri Təşkilatı Kremlin yuxularını qarışdırıb

Türk Dövlətləri Təşkilatı Kremlin yuxularını qarışdırıb


3-12-2021, 08:31
Türk Dövlətləri Təşkilatı Kremlin yuxularını qarışdırıb
Rusiya Xarici işlər naziri Sergey Lavrov yeni yaradılan Türk Dövlətləri Təşkilatından danışıb. Lavrov bildirib ki, Moskva Türk Dövlətləri Təşkilatına normal yanaşır və soydaşlarla əlaqənin dəstəklənməsində heç bir yanlış görmür. Lakin Rusiya XİN başçısı Kreml hansı məqamda narahatlıq duyacağına da toxunub.

Lavrov əlavə edib ki, əgər kulturoloji proseslərdən, dil ənənələrinin dəstəklənməsindən, humanitar və təhsil mübadiləsindən söhbət gedirsə, burada qəribə heç nə yoxdur: “Biz özümüz bununla daha aktiv məşğul olmalıyıq. Lakin burada əməkdaşlığın hərbi aspektləri tətbiq olunsa, əlbəttə ki, bu, işin xeyrinə olmayacaq. Düşünmürəm ki, bu, nə Türkiyənin, nə də onun yeni yaradılan Türk Dövlətləri Şurası təşkilatından olan tərəfdaşlarının marağında olsun. Türkiyəli həmkarım Mövlud Çavuşoğlu ilə Stokholmda görüşəcəm. Bu məsələni açıq şəkildə müzakirə edəcəyik. Burada yanlış bir şey görmürəm”.

Ekspertlərin fikrincə, kifayət qədər açıq ifadə olunmasa da, Rusiyanın bu yöndə narahatlığı çoxdur. Kremldən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusunda təmsil olunmaq istəyi ilə bağlı verilən mesaj da təsadüfi deyildi. Türk siyasi gücünün yaranması, türkdilli dövlətlərin inteqrasiyası Rusiyanın regiondan sıxışdırılmasına gətirib çıxaracaq. Moskva görür ki, Türkiyə yaxın illərədək girə bilmədiyi Qafqazda bu gün çox ciddi geosiyasi gücə çevrilib. Gələcəkdə Zəngəzur dəhlizi ilə türk dünyasına körpü açılacaq ki, bu, türk dövlətlərini daha da gücləndirəcək. Türkiyə təkcə Qafqazda deyil, eyni zamanda, Mərkəzi Asiyada ciddi strateji niyyətlərinin olduğunu ortaya qoyur.

Rusiya xarici işlər nazirinin üstüörtülü xəbərdarlığına diqqət çəkən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə açıqlamasında deyib ki, dünyada yeni düzənin formalaşması, iqtisadi layihələrin effektiv şəkildə icrası və birgə güclü siyasi iradə nümayiş etdirilməsi aktuallıq qazanır. Partiya təmsilçisinin sözlərinə görə, Türk Dövlətləri Təşkilatları məhz belə bir zərurətdən yaranıb:

“Qurumun adını dəyişərək Türk Dövlətləri Təşkilatı adlandırılması da simvolik mənadan çox, qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılmasına eyham vuran mesajdır. Türk Dövlətləri Təşkilatı heç şübhəsiz, Rusiyanın regional iqtisadi-siyasi mövqelərini zəiflədən amil sayılır.

Kreml bunun fərqindədir. Eyni zamanda Qərb də bundan yararlanmaq niyyətindədir. Lakin Təşkilat poliqon olmamaq üçün çalışır və müdafiə tədbirlərini gücləndirir. İndiki halda daha məqbul yol Rusiyanın Türk dünyası ilə ümumi işbirliyini genişləndirmək və Moskvanı bu ittifaqdan kənar tutmaqdır.

Rusiya iki seçim arasındadır. Ya Çinə qarşı ABŞ-la əməkdaşlıq etməlidir, yaxud da postsovet məkanını Qərblə deyil, Türkiyə ilə paylaşmalıdır. Rusiyanın türklərlə anlaşmağa məcbur olacağı ehtimalı daha böyükdür”.

S.Əsədli xatırladıb ki, türkdilli olmayan ölkələrin də TDT-yə müşahidəçi üzvlüyünə yol açılıb:

“Macarıstan artıq presedentdir. Müşahidəçi üzvlük üçün gözləyən 15 ölkə arasında Pakistan və Ukraynanın da ola biləcəyi istisna deyil. Yəni Türk Dövlətləri Təşkilatı Avrasiyada yeni güc mərkəzi kimi dirçəlir. Ona görə də ən ağıllı yol bu blokla dost olmaqdır, düşmən yox”.

Geri qayıt