Əsas Səhifə > Partiya, Güney Press > İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq?
İcra hakimiyyətlərinin səlahiyyəti bələdiyyələrə verilsə, xalq “ağ gün“ə çıxacaq?4-12-2021, 12:30 |
Son günlər icra hakimiyyətlərinin ləğv olunacağı ilə bağlı məsələ yenidən aktuallaşıb. Ölkədə yeni idarəetmə modelinin yaradılacağı bildirilir. İcra hakimiyyətlərinin səlahiyyətlərinin alınıb bələdiyyələrə verilməsi keyfiyyət dəyişikliyinə səbəb olacaqmı? Hazırda icra başçısı kimi öz işinin öhdəsindən gələ bilməyən adamlar bir müddət sonra bələdiyyə sədri statusunda "zühur" edib eyni qanunsuzluğu törətməyəcəkmi? Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, demokratik idarəçilik metodu sayılan bələdiyyələr Türkiyədə və bir çox Avropa ölkələrində yerli özünü idarəetmə orqanlarıdır: “Xalqın özünün birbaşa iştirakı ilə seçilmiş yerli idarəetmə modelidir. Azərbaycanda bələdiyyə sistemi özünü doğrultmadı. Hakimiyyət əvvəldən bələdiyyələrə səlahiyyət vermədi. Bəldiyyələrin bütün səlahiyyəti icra hakimiyyəti orqanlarına tapşırıldı. Və beləliklə bələdiyyələr işsiz, səlahiyyətsiz orqan halına gətirildi. Təbii ki, heç kim səlahiyyəti olmayan orqanın qərar və tapşırıqlarını icra etmir. Ümumiyyətlə, idarə etmədə hansısa bir təsirləri olmur, hansı ki, Azərbaycanda faktik olaraq bu belədir". Partiya sədri icra hakimiyyətlərinin səlahiyyətlərinin bələdiyyələrə veriləcəyi təqdirdə idarəetmədə keyfiyyət dəyişikliyinin olacağına inanmadığını deyib: "Düşünmürəm ki, idarəetmə bələdiyyəyə verilsə keyfiyyət dəyişikliyi olsun. Statistik göstəricilərə görə, Bakının 12-13 rayonu ilə birlikdə Azərbaycanda 80-ə yaxın İcra hakimiyyəti var. Yəni bu iqtidar 80-ə yaxın icra hakimiyyətlərinə uyğun uğurlu kadrlar seçib yerləşdirib normal idarəetməni təşkil edə bilmirsə, Azərbaycan üzrə səhv etmirəmsə, 3 mindən artıq bələdiyyə var, bəs bu 3 min kadrı necə tapacaq? Onların mərkəzləşdirilmiş idarəetməsini necə təmin edəcək? Bu daha da fəlakətli duruma gələ bilər. Hazırki iqtidar və kadr bankı ilə bu keçid həm hakimiyyət, həm də cəmiyyət üçün fəlakətli durum olar.” Geri qayıt |