Əsas Səhifə > Partiya, Güney Press > "Bu erməni xalqına heç nə verməyəcək"

"Bu erməni xalqına heç nə verməyəcək"


13-12-2021, 10:13
"Bu erməni xalqına heç nə verməyəcək"
“Regional əməkdaşlıq məqsədilə “3+3” formatının yaradılma ideyası Türkiyə prezidentindən gəldi və Azərbaycan tərəfindən dəstəkləndi. Sonra Rusiya, İran və Ermənistan da bu prosesdə iştiraka razı oldular. Hazırda Moskvada danışıqlar gedir və iqtisadi əməkdaşlığı gücləndirmək üçün mövqelər öyrənilir. Məncə, bu prosesi irəlilətmək mümkün olsa, bölgə dövlətlərinin hamısına xeyir gətirəcək. Hər halda bu, Soçi danışıqlarının və üçtərəfli razılaşmanın davamıdır”.

DİA.AZ bildirir ki, bunu reyting.az-a Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa dünən Moskvada “3+3” formatında xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilən iclası şərh edərkən deyib.

“3+3”-ün Azərbaycanın düşündüyü formula olduğunu bildirən deputat əlavə edib ki, bu, regionda iqtisadi əməkdaşlığı artırmaq, problemləri həll etmək üçün müsbət platformadır: “Vacibi odur ki, bu proses inkşaf etdirilsin və yeni situasiyaya gətirib çıxarsın. Bölgə ölkələri regiona başqa ölkələrin müdaxilə etməməsi və proseslərin yerində razılaşma ilə həll edilməsinə üstünlük verirlər. Bu da müsbət nəticəyə gətirib çıxara bilər”.

F. Mustafanın fikrincə, bu platforma həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına stimul ola bilər: “Çünki başqa çıxış yolu yoxdur. Ermənistan da anlayır ki, indi bu proseslərdən kənarda qalmaq illər əvvəl işğal faktına görə, regional əməkdaşlıqdan kənarda qalmasına səbəb olacaq ki, bu da erməni xalqına heç nə verməyəcək.

Xatırladım ki, illər əvvəl Ermənistan işğal faktına görə, bölgədəki kommunikasiyalardan kənarda qaldı. Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Qars kimi layihələrdə iştirak edə bilmədi. Bu gün də işğal faktının əziyyətini çəkir, çünki erməni iqtisadiyyatı dağılmış haldadır. Açılım olmadan Ermənistan da özünü gələcək təhlükəsizlikdə görə bilmir. Odur ki, həm bu prosesə qoşulmaq, həm də Türkiyə ilə əlaqələr haqqında düşünməlidir. Əks halda yenidən təcridolunma ilə qarşılaşacaq”, - deputat bildirib.

Partiya sədri hesab edir ki, Gürcüstanın bu prosesdə iştirak etməməsinin iki amili var: “Bunun biri Rusiya, digəri mümkündür ki, Qərbdən xoş qarşılanmayan yanaşmalardır. Fikrimcə, Gürcüstan da sonda bu prosesə qoşulmalıdır. Gürcüstan qlobal layihələr hesabına dövlət ola bilib. Əgər bu layihələr olmasaydı və Gürcüstandan keçməsəydi, bu ölkə indi hansı vəziyyətdə olardı? Odur ki, Gürcüstan özünü kənara çəkə bilməz. İlkin dövrdə ola bilsin ki, Rusiya ilə aralarında olan soyuqluq səbəbindən cəhd etmir. Amma perspektivdə Gürcüstan bu platformanın aktiv üzvlərindən biri olacaq”.

Geri qayıt