Əsas Səhifə > Partiya, Güney Press > “Seçkiləri cənab prezident təyin edir, ona görə də...”

“Seçkiləri cənab prezident təyin edir, ona görə də...”


18-12-2021, 08:52
“Seçkiləri cənab prezident təyin edir, ona görə də...”
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun seçki açıqlamaları gündəmdən düşmür. O, günlər öncə deyib ki, yaxın zamanlarda boş qalmış dairələrə seçkilər keçiriləcək.

Məlumat üçün bildirək ki, hazırda parlamentdə beş deputat yeri boşdur. MSK 2020-ci ilin fevralında Milli Məclisə seçki zamanı ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib:

- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə

- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli

- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu

- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.

Həmçinin 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş Fəttah Heydərov dünyasını dəyişdiyindən onun da yeri boşdur.

Boş qalmış dairələrin üzərinə 55 saylı Xaçmaz şəhər dairəsi də gəlmək olar. Belə ki, bir neçə ay öncə həmin ərazinin YAP-çı deputatı Eldəniz Səlimov polisi döydüyünə görə həbs edilib. Doğrudur, hazırda məhkəməsi gedən Səlimovun deputat mandatı qalır, amma toxunulmazlığına xitam verilib. Böyük ehtimalla, məhkəmənin onun barəsindəki yekun qərarından sonra mandatı əlindən alınacaq və Xaçmaz dairəsi də boş qalacaq. Bununla da Milli Məclisdə boş qalan yerlərin sayı 6-ya qalxacaq.

MSK sədrinin açıqlamalarından sonra gözlər siyasi partiyalara yönəlib. Müşahidə olunan odur ki, əgər seçki təyin olunsa, iştirak kütləvi olacaq. 6 dairə uğrunda əsl iqtidar-müxalifət savaşı da yaşana bilər.

Doğrudur, M.Pənahovun açıqlamalarında seçkilərin keçirilməsi ilə əlaqədar konkret ay, gün yoxdur. Bu da istər-istəməz tərəddüdləri artırır. Amma bu açıqlamadan sonra siyasi düşərgədə müəyyən canlanma hiss olunmaqdadır.

Heç şübhəsiz ki, əsas diqqəti hakim Yeni Azərbaycan Partiyası çəkir. Qurumun seçkilərə hazırlaşıb-hazırlaşmadığı məlum deyil. Amma etibarlı mənbələrdən qəzetimizə məlumat daxil olub ki, hakim partiya boş qalan bütün dairələr üzrə iştirakı planlayır. Sadəcə, seçki tarixinin elanı gözlənilir. Hətta sürpiz isimlərlə YAP-ın seçki marafonuna qatılacağı da bildirilir. Dairələri ləğv edilən YAP-çı namizədlərin yeni isimlərlə əvəzlənəcəyi də gəzən söz-söhbətlər sırasındadır.

DİA.AZ xəbər verir ki, YAP-çı deputat Elman Nəsirov məsələ ilə bağlı “Yeni Müsavat”a qısa danışdı: “Məzahir müəllim açıqlamasında bildirib ki, yaxın vaxtlarda boş qalmış dairələrə seçkilər keçirilə bilər. Ondan qabaq da belə bir fikir söyləyib ki, bu gün dövlətimizin qarşısında həllini gözləyən çox mühüm vəzifələr var. Eyni zamanda, Məzahir müəllim qanunvericiliyə söykənib. Yəni ki, pandemiya dövründə məlum səbəblərdən həmin dairələrə seçkilər baş tutmayıb. İndiki reallıqda yenə pandemiya qalır. Düzdür, zəifləyib, amma təhlükə tam aradan qalxmış deyil. Ona görə də Məzahir müəllim seçkilərin keçirilməsinin mümkünlüyünə toxunub. Amma keçiriləcək də deməyib. Seçkiləri cənab prezident təyin edir. Ona görə bundan o yana gedən məlumata malik deyiləm”.

Geri qayıt