Əsas Səhifə > Partiya, Güney Press > "Cəzaların sərtləşdirilməsi bəzi insanları çəkindirə bilər"
"Cəzaların sərtləşdirilməsi bəzi insanları çəkindirə bilər"21-12-2021, 08:15 |
Gürcüstanda azyaşlılara qarşı cinsi və digər zorakılıq hallarına qarşı cinayətlərə görə cəzalar sərtləşdirilir. DİA.AZ "Şərq"-ə istinadən xəbər verir ki, bununla əlaqədar ölkənin Daxili İşlər Nazirliyi yeni qanun layihəsi hazırlayıb. Nazirliyin məlumatında bildirilir ki, son 9 ayda Gürcüstanda 152 nəfər seksual zorakılığa məruz qalıb. Onlardan da 114-ü azyaşlı uşaqlar olub. Nazirlik bunun qarşısını almaq üçün qanunvericiliyə dəyişikliklə bağlı yeni qanun layihəsi hazırlayıb. Yeni layihədə cinsi zorakılığa görə cəzalar daha da sərtləşdirilir. Bu cinayəti törədən şəxslər həbs cəzasına məhkum edilməklə yanaşı, onların bir çox hüquqları məhdudlaşdırılacaq. Azyaşlılara qarşı bu cinayətləri törətmiş şəxslər isə ömürlük həbs cəzasına məhkum ediləcəklər. Nazirlikdən bildirilib ki, artıq parlament qanun layihəsini birinci oxunuşda qəbul edib. Millət vəkili, fəlsəfə doktoru Fazil Mustafa cinsi zorakılığa qarşı cəzaların sərtləşdirilməsinin tərəfdarı olduğunu dedi: - Azyaşlılara, yetkinlik yaşına çatmayanlara, qadınlara, həmçinin hamilə qadınlara qarşı zorakılıq, cinsi istismar halları Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ağır cinayətlərə aid edilir və bu halları törədənlərə qarşı da ağır cəzalar nəzərdə tutulur. Lakin hesab edirəm ki, bizdə də bu kimi hallarla bağlı cəzalar daha da sərtləşdirilməlidir. Uşaqlara qarşı cinayət törədənlər ömürlük həbs cəzasına məhkum edilməlidir. Son illərdə müşahidə edirik ki, qadınlara qarşı zorakılıq əməlləri artır. Azyaşlılara, yetkinlik yaşına çatmayanlara qarşı da zorakılıq, cinsi istismar halları artıb. Uşaqlar istismar edilir, həm əməyin istismarı baş verir, həm cinsi istismar. Yetkinlik yaşına çatmayanların hamilə qalması dəhşətlidir. Burda ağır cinayət əməli öz yerində, bu həm də cəmiyyət üçün mənəvi, əxlaqi problemdir. Bu baxımdan mən cəzaların sərtləşdirilməsinin tərəfdarıyam. Bunun mexanizmi işlənib hazırlanmalıdır. Cəzaların sərtləşdirilməsi bəzi insanları çəkindirə bilər. Uşaqlara, azyaşlılara qarşı cinayət işlədikdə, ömürlük həbs olunacaqlarını bilsələr, qorxub, çəkinəcəklər. Bəzən belə fikir irəli sürülür ki, cəzalar cinayətləri azaltmır. Belə deyil, hesab edirəm ki, cəmiyyətin təhlükəsizliyi, dəyərlərin müdafiəsi üçün cəzaları sərtləşdirmək lazımdır. İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da hesab edir ki, qadınlara, azyaşlılara və yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq cinayətləri ən sərt şəkildə cəzalandırılmalıdır: - Biz bu dəyişikliyi gərək Gürcüstan Parlamentindən əvvəl qəbul edəydik. Qanunvericiliyə mütləq dəyişiklik edilməlidir və qadınlara, azyaşlılara və yetkinlik yaşına çatmayanlara qarşı bütün növ zorakılıq cinayətləri ən sərt şəkildə cəzalandırılmalıdır. Və bu cinayəti törədənlər ömürlük həbs cəzasına məhkum edilməlidir. Gürcüstan da Avropa Şurasının üzvüdür, amma qanun layihəsinə belə bir dəyişiklik edir. Bu, qadın, uşaq və ümumiyyətlə, insan hüquqlarına hörmətdir. Cəzaların sərtləşdirilməsi qadınların, uşaqların, yeniyetmə qızlarımızın sağlamlığının, psixikalarının müdafiəsi deməkdir. Nə qədər gənc qadınlar var, işə düzəlmək istəyəndə işəgötürən tərəfindən çirkin təkliflərlə üzləşir. Nə qədər azyaşlı balalar əməyin istismarına cəlb edilir. Yetkinlik yaşına çatmamış körpə qızlarımız çirkin cinayətlərin qurbanı olur. Dəhşətlisi budur ki, çox zaman belə cinayətlər yaxın qohumlar tərəfindən törədilir. Hələ də məhkəmə istintaqı aparılan cinayət hadisələri var. Dağıstandan bura işləməyə gəlmiş bir qadını 2 uşağı ilə tövlədə saxlayıblar, qul kimi davranıblar onunla. Xarab olmuş toyuq əti veriblər yeməyə. Bu günlərdə bu iş üzrə məhkəmə keçirildi və qadına zülm edən şəxsə 7 il azadlıqdan məhrumetmə cəzası verildi. 7 ilin 3-4 ilini çəkəcək, sonra da azadlığa çıxacaq. Belə hallar təkrarlanmasın, azyaşlıların hüquqları qorunsun deyə biz də cəzaları sərtləşdirməliyik. Milli Məclis bunu çoxdan etməliydi. Gecikirik. Geri qayıt |