Əsas Səhifə > Partiya, Güney Press > “Təkcə təhsil sistemində deyil, digər strukturlarda da regional idarəetməyə keçirik”
“Təkcə təhsil sistemində deyil, digər strukturlarda da regional idarəetməyə keçirik”22-12-2021, 08:24 |
Dekabrın 20-də Prezident təhsil sahəsini əhatə edən iki sərəncam imzaladı. Sərəncamlardan biri regional təhsil idarələrinin yaradılması, digəri isə bağçaların yerli icra strukturlarının tabeliyindən çıxarılaraq Təhsil Nazirliyinə verilməsi ilə bağlı idi. DİA.AZ bildirir ki, AYNA bu yeniliklərin hansı zərurətdən irəli gəldiyini və hansı dəyişiklərə səbəb olacağını aydınlaşdırmağa çalışıb. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova deyib ki, regional təhsil idarələrinin yaradılması həm də regional idarəetmə sisteminə keçidin siqnalı ola bilər: “Hər bir rayonda təhsil idarələrinin saxlanılması, onların maliyyələşdirilməsi yəqin ki, effektiv olmayıb. Eyni zamanda da regional idarəetmə prosesi daha da asanlaşdıracaq və koordinasiyanı gücləndirəcək. Təhsil Nazirliyi statistikanı, hesabatları, problemlərin həlli yollarını və s. ayrı-ayrı rayonlardan deyil, bir regional mərkəzdən alacaq. Bu, resurs, zaman, maliyyə, idarəetmə baxımından daha effektiv olacaq. Regional təhsil idarələrinin yenilənmiş fəaliyyət planları ilə tanış olmamışam, amma ümumilikdə demək mümkündür ki, bu addım daha effektiv idarəetmə üsuluna keçiddir”. “Biz çox vaxt nümunə gətirirdik ki, Gürcüstandakı idarəetmə üsuluna – az işçi və çox işə keçək. Bu idarəetmə üsulu davam etsə, deməli, hökumət effektiv idarəetmə üsuluna keçib. Təhsil sahəsində bu, qaçılmaz idi. Elə bir sahədir ki, bütün həyatımıza təsir edir. Bu baxımdan yeni qərar regional idarəetmə problemlərinin bir az daha asan həll olunmasına səbəb olacaq. Burada söhbət koordinasiyadan gedir. Bu gün hansısa məsələ ilə bağlı müraciət etdiyimizdə, biri deyir: “mənim işim deyil, o etməlidir”, o biri deyir: “mənim işim deyil, başqası etməlidir”. Burada isə vahid koordinasiya olacaq ki, bu da işləri asanlaşdırıcaq”, - deyə həmsöhbətimiz bildirib. Bağçaların yenidən Təhsil Nazirliyinin tabeliyinə verilməsi və bu istiqamətdə gözləntilərlə bağlı danışan Səfərovanın sözlərinə görə, bu cür dəyişikliklər dərhal nəticə verməyə də bilər: “Ümumiyyətlə, siyasi səviyyədə dəyişikliklər uzunmüddətli zaman üçün hesablanmış olur. Amma ümumilikdə bir təhsil müəssisəsinin Təhsil Nazirliyinin tabeliyində olması qədər təbii heç nə yoxdur. Bağçaları təhsil prosesinə qaytarırlar. Məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyi standartlarını müəyyənləşdirən və təhsil siyasətini formalaşdıran qurumdur. Onlar yerli icra strukturlarına verildikdən sonra nə qədər neqativ hallar olduğunu gördük. Korrupsiya, uşaqların qida rasionu ilə bağlı narazılıqlar, metodistlərin təhsil idərələrini qəbul etməmələri ilə bağlı yüzlərlə faktlar var”. “Bəli, uşaq bağçaları indiki uşaqların sayına cavab vermir. Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə o deməkdir ki, bu məsələnin doğru araşdırılmasına və standartlarının müəyyən edilməsinə kömək edəcək. Axı bağça uşağın yalnızca yemək yeyib yatdığı yer deyil. Uşaqlar bağçada təhsil prosesinə də cəlb olunurlar. Oradakı müəllimlərin bilik-bacarıqları, uşaqlarla davranışları, uşaqların qida rasionunun müəyyənləşməsi və s. məsələlər var. Buna görə təhsillə bağlı müəssisələr Təhsil Nazirliyinin nəzarəti altında olmalıdır. Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi labüd idi və yəqin ki, yaxın bir neçə il ərzində biz bunun müsbət tərəflərini görəcəyik”, - deyə sədr fikrini yekunlaşdırıb. Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov da o fikirdədir ki, regional idarəetməyə keçid mövcud vəziyyətin tələblərindən irəli gəlir və labüddür: “Bu gün istər idarəçilikdə, istərsə də təhsil sistemində gedən proseslər daha çevik, adekvat, operativ qərarların və idarəçiliyin həyata keçirilməsini tələb edir. Bu baxımdan hesab edirəm və ümumi prosesin təhlili də onu göstəririr ki, biz bölgələrdə təhsil sistemini idarə etmək üçün, ümumiyyətlə, digər strukturlarda da idarəetməni həyata keçirmək üçün regional idarəetməyə keçirik. Bir müddət əvvəl Mədəniyyət Nazirliyində də bu proses baş verdi”. “İcra stuktukturları ilə bağlı da bu məsələlər müzakirəyə çıxarılmışdı. Təhsil sahəsində də bu məsələ bir neçə ildir müzakirə olunurdu. Regional idarələrin yaradılmasında əsas məqsəd və hədəf ondan ibarətdir ki, bölgələrdə, rayonlarda baş verən hadisələrlə, ümumiyyətlə, həllini gözləyən məsələlərlə bağlı daha adekvat, çevik qərarlar qəbul edilsin. Regional idarələrin konkret səlahiyyətləri var və müəyyən məsələlərlə bağlı özləri qərar qəbul edə, həyata keçirə bilərlər. Bu baxımdan hesab edirəm ki, regional idarələrin yaradılması idarəetmədə işin düzgün qurulmasından asılı olaraq çevik qərarların qəbul edilməsinə, operativ reaksiyaların verilməsinə öz ciddi töhfəsini verəcək”, - deyə deputat vurğulayıb. O, hesab edir ki, regionların bölgüsü də düşünülmüş formada aparılıb: “Bu da imkan verəcək ki, təhsillə bağlı bölgələrdə, rayonlarda qarşımıza çıxan, həllini gözləyən məsələləri tez bir zamanda həll edə bilək”. Bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsinə münasibət bildirən müsahibimiz bunun da düzgün yanaşma olduğunu düşünür və fikrini belə əsaslandırıb: “Bütün hallarda bağçada tərbiyə, təhsil, təlim məsələsi daha çox olduğuna görə, hesab edirəm ki, bağçaların idarəçiliyinin Təhsil Nazirliyində olması düzgün bir yanaşmadır. Bağçalarda söhbət yalnız inzibati idarəçilikdən getmir, həm də bağçalarda təlim-tərbiyə işinin təşkili məsələsi var. Metodoloji baxımdan, təlim-tərbiyənin təşkili baxımından bağçaların Təhsil Nazirliyinin tabeliyinə verilməsi daha uyğundur”. “Təhsil Nazirliyi indiki halda bağçalarla bağlı neqativ halların aradan qaldırılmasına nail ola biləcəkmi?” sualını cavablandıran Məmmədovun sözlərinə görə, bu iş çətin və məsuliyyətli olsa da, nazirlik vətəndaşların gözləntilərini doğrultmaq üçün çalışmalıdır: “Bir müddətdir ki, cənab Prezidentin sərəncamı ilə yeni nazir təyin olub. Səlahiyyət verilib, etimad göstərilib. Artıq dövlət tərəfindən də lazım olan bütün dəstəklər göstərilir. Hesab edirəm, burada artıq yük nazirliyin üzərinə düşür ki, nazirlik öz işini şəffaf, obyektiv, günümüzün tələblərinə uyğun qursun. Zaman-zaman problemlər bizə də gəlir, tərəfimizdən Milli Məclisdə qaldırılır. Təhsillə bağlı həllini gözləyən məsələlər var. Amma bütün hallarda onlar bir-birinə qarışdırılmamalıdır və nazirlik özü də çalışmalıdır ki, bu çətin, məsuliyyətli işin öhdəsindən gəlsin, vətəndaşların gözləntilərini doğrultsun. Bunun üçün də daha çox addım atılmasına, işlərin görülməsinə ehtiyac var”. Geri qayıt |