Əsas Səhifə > Partiya, Güney Press > "Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur"
"Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur"29-12-2021, 08:55 |
Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi ictimai rəy sorğusunun nəticələrini açıqlayıb. Sorğuda iştirak edən vətəndaşların 91,2%-i Prezidentə tam etibar etdiyini söyləyib, 6,9% isə əsasən etibar etdiyi cavabını verib. Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür. Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub. Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib. Sorğu nəticələrinə görə, Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%). DİA.AZ-ın məlumatına görə, Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, həm Azərbaycanda yaşayan vətəndaşlarımızın, həm bütövlükdə dünya azərbaycanlılarının Prezident İlham Əliyevə etimadı sonsuzdur: “Bu gün əminliklə söyləmək olar ki, dünyada öz xalqı, öz vətəndaşları tərəfindən ən yüksək səviyyədə etimad göstərilən, sevilən dövlət başçıları sırasında İlham Əliyev ilk üçlüyə düşən liderdir. Cənab Prezident İlham Əliyevə xalqımızın inamı, etibarı, sevgisi həmişə olub, 44 günlük müharibədən əvvəl də yüksək olub. 44 günlük Vətən müharibəsinin nəticələri isə İlham Əliyevə xalqın, bütün dünya azərbaycanlılarının məhəbbətinin miqyasını o dərəcədə artırdı ki, bunu sözlərlə ifadə etmək çətindir. Müharibədən sonra keçən bir ildən artıq dövrdə də Prezidentimizin diplomatik cəbhədə apardığı mübarizə xalqımız tərəfindən izlənilir, alqışlanır. Azərbaycan xalqı İlham Əliyev kimi lideri olması ilə qürur duyur. İlham Əliyevin adı Azərbaycanın tarixinə, xalqımızın qəlbinə əbədi yazılıb. Odur ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsi sözsüz ki, reallığa güzgü salır. Sosial Tədqiqatlar Mərkəzi rəy sorğuları keçirməkdə peşəkarlaşmış və ciddi resurslara malik strukturdur. Ona görə də onun keçirdiyi rəy sorğusunda qoyulan suallar, rəy sorğusunun aparılması mexanizmi çox peşəkar olur. Bu gün əminliklə söyləmək olar ki, istənilən bir qurum ölkədə rəy sorğusu keçirsə, nəticələr yenə də İlham Əliyevə xalqın etimadının, etibarının, inamının 90 faizdən yuxarı olduğunu üzə çıxaracaq”. Elçibəy İnstitutunun rəhbəri, siyasi analitik Oktay Qasımov isə bildirdi ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunda iştirak edən vətəndaşların Prezidentə etimadının yüksək olması təəccüblü deyil. Çünki vətəndaşların özləri də bu mövqelərini Prezidentin işğal edilmiş ərazilərin böyük əksəriyyətinin azad edilməsi və savaşdan sonrakı dövrdə diplomatik cəbhədəki fəaliyyəti ilə əsaslandırıblar: “Doğrudan da qeyd olunan istiqamətlərdə qazanılan nəticələr respondentlərin rəylərinə əhəmiyyətli təsir edib. Çünki 44 günlük savaşda Ermənistanın məğlub edilərək işğala son verilməsi ilə bağlı bölgədə yaranan yeni reallıqlar, Azərbaycan-Türkiyə arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi istiqamətində atılan addımların yekunu kimi imzalanan Şuşa Bəyannaməsi, Azərbaycan Ordusunun modernləşdirilməsinin davam etdirilməsi və ordudakı islahatlar, postmünaqişə dövründəki diplomatik fəaliyyətlər və son dövrlər baş tutmuş Soçi və Brüsseldəki üçtərəfli görüşlərdə qəbul edilən razılaşmaların Azərbaycanın maraqlarına uyğun olması kimi faktorlar respondentlərin rəylərinə ciddi təsir edib ki, bu da özünü sorğunun nəticələrində əks etdirib”. Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə bildirdi ki, keçirilən bu rəy sorğusunun nəticələri, şübhəsiz, reallığı əks etdirir: “Azərbaycanda bu gün Prezident İlham Əliyevin reytinqi ən yüksəkdir. Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti Prezident İlham Əliyevə etimad göstərir, ona inanır. 44 günlük müharibədə İlham Əliyevin Ali Baş Komandanlığı altında torpaqlarımız işğaldan azad edildi. Bu, əlbəttə, İlham Əliyevə xalqın etimadının daha da yüksəlməsinə gətirib çıxardı. Ona görə də bu gün İlham Əliyev şəksiz Azərbaycan xalqının lideridir. Ona görə də aparılan rəy sorğularında ən yüksək nəticələr görünməsi təbiidir. İstənilən adam küçəyə çıxıb soruşsa, 10 adamdan 9-u eyni cavabı verəcək. Sosial Tədqiqatlar Mərkəzi kifayət qədər peşəkar, ixtisaslaşmış mərkəzdir. Bu mərkəz mütəmadi olaraq müxtəlif istiqamətlərdə sorğular keçirir. Bu rəy sorğuları aydın metodologiyaya malikdir, elmi cəhətdən əsaslandırılmış metodologiyadır. Ona görə də onun apardığı sorğular birmənalı olaraq həqiqəti ifadə edir. Başqa bir sıra qurumlar və qruplar da müxtəlif sorğular keçirirlər. Bu sorğularda aydın metodologiya ilə bağlı problemlər meydana çıxa, xətalar da ola bilər. Eyni zamanda sorğu həm də bahalı bir prosesdir, sorğu aparılarkən təkrar yoxlamalar həyata keçirilməlidir. Yəni bu cür rəy sorğuları çox mürəkkəb mexanizmə malikdir. Ona görə də heç də hər keçirilən rəy sorğuları mükəmməl ola bilməz və reallığı əks etdirmir. Lakin Sosial Tədqiqatlar Mərkəzinin, qeyd etdiyimiz kimi, ciddi təcrübəsi, resursları, lazımi imkanları, ciddi metodologiyası var və onun keçirdiyi sorğular mötəbər, dəqiq hesab olunur". Geri qayıt |