Əsas Səhifə > Partiya, Güney Press > “Qiymət artımı nəinki aylıq, hətta həftəlik olur”
“Qiymət artımı nəinki aylıq, hətta həftəlik olur”30-12-2021, 10:44 |
“Dünyadakı qiymət artımı prosesi daha çox pandemiya ilə əlaqəlidir. Pandemiya bütün dövlətlərə böyük ziyan vurub, minlərlə müəssisələr işini dayandırıb, xidmət sahələri işləməyib və s. Əlbəttə, bütün bunlar nəticəsiz ola bilməzdi”. Bunu Reyting.az-a Milli Məclisin üzvü Vahid Əhmədov dünyada müşahidə edilən qiymət artımından danışarkən deyib. Millət vəkili qeyd edib ki, dünyada ciddi ərzaq qıtlığı da gözlənilir: “Taxıla ehtiyac həddən artıq böyükdür. Bütün bunları nəzərə alaraq qiymət artımı müşahidə edilir. Azərbaycanda da qiymət artımı müşahidə var. Qiymət artımını nəinki aylıq, hətta həftəlik hiss edirik. Əlbəttə, Azərbaycan buna məcburdur, çünki bir sıra malları xaricdən idxal edir”. V. Əhmədovun fikrincə, idxalla birlikdə Azərbaycana inflyasiya da idxal olunur: “Çalışmalıyıq ki, idxal etdiyimiz məhsulların əksəriyyətini öz ölkəmizdə istehsal edək. İstehsalımızı genişləndirsək və idxal olunan məhsulları öz ölkəmizdə istehsal etsək, bu, qiymətlərə müəyyən qədər təsir göstərər”. Milli Məclis üzvü diqqətə çatdırıb ki, Azərbaycan üçün ən əhəmiyyətli məsələ Rəqabət Məcəlləsinin qəbuludur: “Hesab edirəm ki, bu, olduqca vacibdir. Ehtimal edirəm ki, Milli Məclisin yaz sessiyasında Rəqabət Məcəlləsi qəbul olunacaq. Mənim qənaətimcə, məcəllənin qəbulu bazara öz təsirini göstərəcək. Heç olmasa, qiymətlərə 20, 30 faiz təsir edəcək. Azad rəqabət yarada bilsək, bazarda inhisarçılıq olmasa, problemlər öz həllini tapacaq”. V. Əhmədov sonda deyib ki, ümumilikdə indi dünyada bahalaşma, xüsusilə ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Bu səbəbdən də Azərbaycan yerli istehsalı artırmalıdır. Geri qayıt |